Onlayn ictimai-siyasi qəzet
Suriya məhkəməsinin ölkənin keçmiş prezidenti Bəşər Əsəd, onun qardaşı Mahir Əsəd və keçmiş təhlükəsizlik rəsmisi Atef Nəcib barəsində qiyabi ölüm hökmü çıxarması Moskva ilə Dəməşq arasında yeni və həssas məsələnin ortaya çıxmasına səbəb olub.
İndi əsas sual budur: Rusiya prezidenti Vladimir Putin Bəşər Əsədi Suriyaya təhvil verəcəkmi? Təhvil verəcəksə, nəyin müqabilində?
Musavat.com xatırladır ki, Bəşər Əsəd 2024-cü ilin dekabrında hakimiyyətdən devrildikdən sonra Rusiyaya sığınıb.
Moskva keçmiş Suriya liderinə siyasi sığınacaq verib və bununla da Əsədin gələcək taleyini müəyyən mənada öz üzərinə götürüb. Lakin Suriyada hakimiyyət dəyişikliyindən sonra vəziyyət dəyişib. Əhməd əş-Şaraanın rəhbərlik etdiyi yeni hakimiyyət Əsəd rejiminin yüksək vəzifəli şəxslərinin məsuliyyətə cəlb edilməsini prioritet məsələlərdən biri kimi təqdim edir.
Ekspertlərin fikrincə, indi isə məhkəmənin ölüm hökmü çıxarması Bəşər Əsədin Rusiyadan Suriyaya ekstradisiyası məsələsini daha da mürəkkəbləşdirmiş oldu. Siyasi ekspertlər hesab edir ki, hazırkı mərhələdə prezident Vladimir Putinin Bəşər Əsədi Suriyaya təhvil verməsi ehtimalı yüksək deyil. Lakin bunu tamamilə istisna etmək də olmaz. Çünki beynəlxalq siyasətdə müttəfiqlik münasibətləri ilə yanaşı, dövlətlərin strateji maraqları müəyyənedici rol oynayır.
Əsəd Rusiyada təhlükəsiz sığınacaq əldə edib, lakin onun gələcəyi artıq Moskva ilə Dəməşq arasında aparılacaq daha böyük geosiyasi sövdələşmənin bir hissəsinə çevrilə bilər. Əgər Putin bir gün Əsədi Suriyaya təhvil versə, böyük ehtimalla bunu yalnız bir şərtlə edəcək: Moskva qarşılığında Suriyada və Yaxın Şərqdə itirmək istəmədiyi mövqeləri qazanmalıdır. Başqa sözlə, Əsədin ekstradisiyası Moskvanın Dəməşqə hədiyyəsi yox, qiyməti olan siyasi sövdələşmə olacaq. Əsəd Moskvanın əlində “siyasi kartdır”. Onun Rusiyada qalması Moskva üçün müəyyən mənada diplomatik üstünlük yaradır. Dəməşq onun ekstradisiyasını istəyəcəksə, Moskva bu tələbi digər məsələlərlə əlaqələndirə bilər. Məsələn, qarşılığında Rusiyanın Suriyadakı hərbi və iqtisadi maraqlarının qorunmasını istəyə bilər. Burada ilk növbədə Tartus və Hmeymim məsələsi dayanır. Rusiya üçün bu obyektlər yalnız Suriya ilə münasibətlər baxımından deyil, ümumilikdə Yaxın Şərq və Aralıq dənizi siyasəti baxımından strateji əhəmiyyət daşıyır. Əgər yeni Suriya hakimiyyəti Rusiyanın müəyyən hərbi iştirakını, logistika imkanlarını və iqtisadi maraqlarını qorumağa razılaşarsa, Moskvanın Əsəd məsələsində güzəştə getməsi mümkündür. Ancaq Moskva Əsədi versə belə, ölüm hökmünün uzunmüddətli həbs hökmü ilə əvəzlənməsi şərtini irəli sürə bilər. Mümkün ekstradisiya danışıqları olsa, Rusiya böyük ehtimalla Əsədin edam edilməməsini tələb edəcək.
Etibar Seyidağa,
Musavat.com
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ