Onlayn ictimai-siyasi qəzet
İsrail Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında çıxışı zamanı iki il əvvəl İsrailin Livanda Hizbullah terrorçularını partlatmaq üçün istifadə etdiyi peycer nümunəsini nümayiş etdirib. O, peycəri əlində qaldıraraq zala müraciət edib: "Peycerləri xatırlayırsınız? Sizə deyə bilərəm ki, Hizbullah onları mütləq xatırlayır".
Netanyahudan bir gün öncə isə BMT Baş Assambleyasının kürsüsündə çıxışı zamanı İran prezidenti Məsud Pezeşkian ABŞ bombardmanı nəticəsində həlak olan Ayətullah Seyid Əli Xamenenin portretini, həmçinin müharibə zamanı həlak olmuş uşaqların fotoşəkillərini nümayiş etdirib.
Dünyanın müxtəlif ölkələrinin liderlərinin BMT Baş Assambleyasının sessiyasında çıxış zamanı kürsüdə fiziki və vizual materiallardan istifadə etdiyi, müxtəlif portretlər, şəkillər, xəritələr, əşyalar nümayiş etdirməsi ilk hadisə deyil. Belə nümunələr əvvəllər də olub. Lakin son illərdə daha çox rast gəlinir.
Bəs bu, BMT qaydalarının pozulmasıdırmı?

Musavat.com-un araşdırmasına görə, BMT Baş Assambleyasının Rəsmi Prosedur Qaydalarında çıxış zamanı “şəkil, xəritə və ya əşya göstərmək qadağandır” kimi ayrıca norma yoxdur.
Baş Assambleyanın hazırkı qaydalarında 68-ci qayda çıxışlarla bağlı əsas prinsipi müəyyən edir. Nümayəndə Baş Assambleyaya yalnız Assambleyanın prezidentinin icazəsi ilə müraciət edə bilər və Prezident çıxışın mövzuya aidiyyəti olmadığı halda natiqi qaydaya dəvət edə bilər. Yəni, qaydanın diqqət mərkəzində natiqin əlində nə saxlaması deyil, çıxışın məzmununun müzakirə olunan məsələ ilə əlaqəsi və iclasın qaydasının qorunmasıdır.
Bundan əlavə, Baş Assambleyanın Prezidenti iclasın gedişinə nəzarət edən şəxsdir. Prosedur qaydaları Prezidentə çıxışlara və iclasın qaydasına müdaxilə etmək üçün səlahiyyət verir. Portret, fotoşəkil, xəritə, sənəd və ya digər əşyanın çıxış zamanı nümayiş etdirilməsi öz-özlüyündə Baş Assambleyanın daxili qaydalarının pozulması hesab edilmir. Əgər nümayiş etdirilən material çıxışın mövzusu ilə əlaqəlidirsə və natiq ümumi iclas qaydalarını, xüsusilə vaxt limitini və Prezidentin göstərişlərini pozmursa, bunun ayrıca qadağan edildiyini göstərən norma yoxdur.
Bununla belə, Prezident belə nümayişin mövzuya aid olmadığını, iclasın normal gedişini pozduğunu və ya digər prosedur tələblərinə zidd olduğunu hesab edərsə, natiqi dayandıra və qaydaya çağıra bilər. 68-ci qayda məhz Prezidentə bu imkanı verir.
Etibar Seyidağa,
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ