Onlayn ictimai-siyasi qəzet
Dünya bazarında neftin qiyməti Hörmüz boğazı ətrafında yaranan yeni gərginlik fonunda yüksəlişini davam etdirir. İranın Omanla birlikdə boğazdan keçidlə bağlı yeni qaydalar hazırlaması investorların narahatlığını artırıb.
Musavat.com xəbər verir ki, ticarət sessiyası zamanı Brent markalı neftin bir bareli 83,29 dollara yüksələrək təxminən 1 faiz bahalaşıb. ABŞ-ın WTI markalı nefti isə 77,93 dollardan satılıb.
Məlumata görə, İran ABŞ, İsrail və "düşmən" hesab etdiyi digər ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçidini qadağan edən qanun layihəsini müzakirə edir. Layihədə qadağanı pozan gəmilər üçün daşınan yükün dəyərinin 20 faizinədək cərimə tətbiq olunması da nəzərdə tutulur.
Bundan əlavə, Tehran boğazdan istifadə edən gəmilərdən yükün dəyərinin 5-7 faizi həcmində keçid haqqı almağı təklif edir. Oman təxminən 3 faizlik rüsum variantını müzakirə etsə də, ABŞ hər hansı ödənişin tətbiqinə qarşı çıxır.
Analitiklər bildirirlər ki, bu təşəbbüslər İranla ABŞ arasında gərginliyin hələ də aradan qalxmadığını göstərir. Onların fikrincə, bazar artıq tam normallaşmanı deyil, ciddi şərtlərlə idarə olunan keçid rejiminin formalaşacağını qiymətləndirir.
Bununla yanaşı, enerji sektorunun nümayəndələri təklif olunan mexanizmin ABŞ sanksiyaları və beynəlxalq sığorta qaydaları səbəbindən praktikada həyata keçirilməsinin çətin olacağını bildirirlər.
Ekspertlərin sözlərinə görə, həftə ərzində İran və Oman arasında mümkün razılaşma ilə bağlı xəbərlər neft bazarında kəskin qiymət dəyişikliklərinə səbəb olub. Bununla belə, tərəflər arasında yekun razılığın əldə olunması üçün hansı addımların atılacağı hələ də qeyri-müəyyən olaraq qalır.
Digər tərəfdən, Yəməndə fəaliyyət göstərən husilər Marib və Hadramut bölgələrində Səudiyyə Ərəbistanının mövqelərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini açıqlayıblar. Bu da regionda təhlükəsizlik risklərini artıran amillərdən biri kimi qiymətləndirilir.
ABŞ Prezidenti Donald Tramp isə jurnalistlərə açıqlamasında İranla müharibənin yaxın vaxtlarda başa çatacağına inandığını bildirib. Buna baxmayaraq, analitiklər hesab edirlər ki, Yaxın Şərqdə geosiyasi risklər davam etdiyi müddətdə neft bazarında qiymət dalğalanmaları da qalacaq.
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ