Onlayn ictimai-siyasi qəzet
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində rəsmi İrəvanı hədəf alan növbəti şok bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, Rusiya rəsmisi Ermənistanın baş naziri Nikol Paşinyanın özünə qarşı olan bütün rəqiblərini müxtəlif bəhanələrlə seçki marafonundan kənarlaşdırmağa çalışdığını sərt şəkildə iddia edib.
Öz sosial şəbəkə hesabında kəskin ittihamlar irəli sürən Medvedyev bu şəraitdə keçirilən səsvermənin heç bir hüquqi əsasının ola bilməyəcəyini vurğulayıb. "Belə olan halda seçkilərin özünü, aşkar şəkildə, legitim hesab etmək olmaz. Bu cür addımları və rüsvayçılığı hətta Paşinyanın arxalandığı Vaşinqton və Brüsseldə belə bağışlamırlar", – deyə Medvedyev rəsmən qeyd edib.
Xatırladaq ki, Ermənistanda növbədənkənar parlament seçkiləri sabah, iyunun 7-də baş tutacaq. Gərgin siyasi atmosferdə keçən bu seçkilərdə ümumilikdə 19 siyasi qüvvə, o cümlədən Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş Müqaviləsi" partiyası iştirak edir.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ