Onlayn ictimai-siyasi qəzet
Venesuela lideri Nikolas Maduronun ABŞ tərəfindən qaçırılmasından sonra potensial varisi kimi görünən oğlu ilə bağlı gərgin fərziyyələr ortaya çıxıb.
Musavat.com xəbər verir ki, Tramp administrasiyasının Venesuela lideri Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi 3 yanvar gecəsi yataqlarından qaçırıb ABŞ-a aparmasından sonra oğul Maduro diqqət mərkəzinə çevrilib.
Belə ki, andiçmə mərasimində Delsi Rodrigezin and içdiyi konstitusiyanı gənc Nikolas Maduro daşıyıb.
21 iyun 1990-cı ildə anadan olan Nikolas Ernesto Maduro Guerra Maduronun ilk həyat yoldaşı Adriana Guerra Angulodan olan oğludur. "Nikolassito" və ya "Şahzadə" kimi də tanınan gənc Maduro Silahlı Qüvvələr Universitetində iqtisadiyyat təhsili alıb. Gəncliyində fleyta ifaçısı olan "Şahzadənin" siyasi karyerası atasının 2013-cü ildə Venesuelanın lideri seçilməsindən sonra başlayıb.
Atası tərəfindən 23 sentyabr 2013-cü ildə Prezident Xüsusi Müfəttişləri Birliyinin rəhbəri təyin edilən Şahzadə 2014-cü ildə Venesuela Milli Film İnstitutunun rəhbəri olub. 2021-ci ildən bəri o, Birləşmiş Venesuela Sosialist Partiyasının (PSUV) Venesuela Milli Assambleyasında deputat vəzifəsində çalışıb. Oğul Maduro keçmiş Venesuela prezidenti Hugo Chavez tərəfindən qurulan və atası Maduro tərəfindən davam etdirilən "Chavism" hərəkatının varisi kimi qəbul edilir. İki uşaq atası olan gənc Maduro Venesuelanın müvəqqəti lideri elan edilən Delcy Rodriguezi dəstəkləməyə davam edir.
2020-ci ildə ABŞ-də hazırlanmış və şənbə günü məxfiliyi açıqlanan Maduronun atasına qarşı yenilənmiş 25 səhifəlik ittihamnamədə Şahzadəyə qarşı ittihamlar da yer alır. İttihamnamədə Şahzadənin ayda iki dəfə dövlətə məxsus PDVSA Falcon 900 təyyarəsi ilə Marqarita adasına uçduğu və təyyarənin "bükülmüş böyük paketlərlə" yükləndiyi və həmin paketlərin narkotik olduğu müəyyən edildiyi iddia olunur. Bir ifadəyə görə, Şahzadə təyyarənin "istədiyi yerə, hətta ABŞ hava məkanına da uça biləcəyi" ilə öyünürmüş. İttihamnamədə həmçinin iddia edilir ki, o, 2017-ci ildə Venesueladan Mayamiyə yüzlərlə kiloqram kokainin daşınmasını asanlaşdırıb və Mayamidə satıla bilməyən aşağı keyfiyyətli kokainin Nyu-Yorka daşınmasını danışıqlar yolu ilə həyata keçirib.
2017-ci ildə Trampın Venesuelaya "mümkün hərbi müdaxilə" təklifindən sonra Şahzadə bildirib: "Əgər vətənimizə toxunmağa cəsarət etsəniz, cənab Tramp, Nyu-Yorka silahlar gələcək. Biz gəlib Ağ Evi ələ keçirəcəyik".
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ