İnsanlara hürriyət, millətlərə istiqlal!

Leyla Şıxlinskaya efirlərdən niyə uzaq düşüb? – “İndi elə vaxtdır ki...”

Xalq artisti Leyla Şıxlinskaya hazırda yaradıcılıq fəaliyyətinə fasilə verib.

Bu barədə aktrisa Musavat.com-a açıqlamasında bildirib.

O, hazırda işləmədiyini və vaxtını əsasən dincəlməyə ayırdığını deyib:

“Hazırda istirahət edirəm. İşləmirəm, heç nə ilə məşğul deyiləm. İndi elə vaxtdır ki, adam istirahət etməlidir”.

Uzun müddətdir efirlərdə də görünməyən aktrisa yaxın zamanda geniş müsahibəsinin yayımlanacağını da qeyd edib.

Leyla Şıxlinskaya əlavə açıqlama verməyə meyilli olmayıb və söhbəti qısa şəkildə yekunlaşdırıb.

Qeyd edək ki, sənətçinin kinoda debütü 1965-ci ildə ekranlaşdırılan “Arşın mal alan” filmində “Gülçöhrə” obrazı ilə baş tutub. Daha sonra tamaşaçılar onu “Gün keçdi” filmində canlandırdığı “Əsmər” obrazı ilə yadda saxlayıblar.

Pedaqoq və xoreoqraf kimi SSRİ-nin gimnastika üzrə olimpiya yığmaları ilə əməkdaşlıq edən Leyla Şıxlinskaya uzun illər Moskvada Böyük Teatrın xoreoqrafiya məktəbində dərs deyib. Azərbaycan xoreoqrafiyası və balet sənətinin tarixi və inkişafına dair 100-dən çox elmi məqalənin müəllifidir. 1987-ci ildə sənətşünaslıq elmləri namizədi, daha sonra isə sənətşünaslıq elmləri doktoru elmi dərəcəsini alıb. 1999-cu ildə “Leyla Şıxlinskayanın Klinikası”nı təsis edib və bir müddət klinikaya rəhbərlik edib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR