Onlayn ictimai-siyasi qəzet
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təşkilatda gələcək iştirakı ilə bağlı yekun mövqeyini açıqlamasını gözləyir. İrəvanın KTMT-də səsvermə hüququ məsələsinin noyabrda keçiriləcək sammitdə müzakirəyə çıxarıla biləcəyi bildirilir.
Musavat.com xəbər verir ki, KTMT-nin baş katibi Taalatbek Masadıkov “RİA Novosti”yə müsahibəsində Ermənistanın təşkilatdakı statusuna aydınlıq gətirilməsinin vacibliyini bildirib.
Onun sözlərinə görə, təşkilat İrəvanın ağlabatan müddət ərzində gələcək üzvlüyü ilə bağlı yekun qərar verməsini gözləyir.
Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev isə Ermənistanın təşkilatın nizamnamə orqanlarında səsvermə hüququndan məhrum edilməsi üçün bütün üzv dövlətlərin yekdil razılığının tələb olunduğunu bildirib.
Məlumata görə, məsələ noyabrın 11-də Moskvada dövlət başçıları səviyyəsində keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının sammitində gündəmə gətirilə bilər. Ermənistan faktiki olaraq KTMT-nin bütün strukturlarında iştirakını dondurub. İrəvan bu addımını 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi toqquşmalar zamanı müttəfiqlərinin müqavilə öhdəliklərini yerinə yetirmədiyi iddiası ilə əsaslandırır.
Rusiya isə bu ittihamları qəbul etmir. Moskva Ermənistanın KTMT-də iştirakını dondurmasından təəssüfləndiyini bildirir və İrəvanı fikir ayrılıqlarını təşkilat daxilində dialoq yolu ilə həll etməyə çağırır.
Musavat.com
17 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ