Onlayn ictimai-siyasi qəzet
Bir neçə musiqi müəllimi Musavat.com-a şikayətlənib. Müəllimlərin sözlərinə görə, iyunun 3-də Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində iştirak etmək üçün sənəd təqdim etmək istəyərkən onlara bildirilib ki, aprel ayında qəbul edilmiş yeni qərara əsasən, kollec təhsili olan musiqi müəllimləri artıq ümumiyyətlə təhsil müəssisələrində işləyə bilməzlər. Hətta onların məktəbəqədər təhsil müəssisələrində – uşaq bağçalarında musiqi rəhbəri və ya müəllim kimi fəaliyyət göstərmələrinin də mümkün olmadığı qeyd edilib.
Məsələ ilə bağlı müəllimlər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) müraciət etdiklərini, lakin oradan da eyni məzmunlu cavab aldıqlarını bildirirlər.
Bu məlumat nə dərəcədə doğrudur? Həqiqətənmi yeni qərarla kollec təhsilli musiqi müəllimlərinin əmək fəaliyyəti məhdudlaşdırılıb?
Məsələ ilə bağlı Musavat.com MÜTDA-nin mövqeyini öyrənib. Qurumdan bildirilib ki, "musiqi müəllimi" ixtisası həm subbakalavriat ( orta ixtisas təhsili pilləsi), həm də bakalavriat səviyyəsində pedaqoji ixtisas hesab olunur. Bu səbəbdən həmin ixtisas üzrə təhsil almış şəxslərin müəllimlərin işə qəbulu müsabiqəsində iştirakına heç bir məhdudiyyət tətbiq edilmir:
“Nazirlər Kabineti tərəfindən 2020-ci ildə təsdiq edilmiş “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”-nda qeyri-pedaqoji olub, pedaqoji fəaliyyətlə məşğul olmağa icazə verilən ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının subbakalavriat (orta ixtisas təhsili) qarşılığı olan ixtisaslar qeyri-pedaqoji hesab edilir. Müəllimlərin işə qəbulu üzrə müsabiqəsiyə buraxılmadıqlarını iddia edən sub-bakalavriat təhsil səviyyəsi üzrə diploma malik olan şəxslərin ixtisasları (instrumental ifaçılıq) Nazirlər Kabinetinin müvafiq qərarında qeyd edilən qeyri-pedaqoji ixtisaslar kateqoriyasına aiddir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə sizə təqdim edilən keçid vasitəsilə tanış ola bilərsiz.
https://share.google/V6woXH5hEciupES8P
Qeyd edirik ki, pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslərin dövlət ümumi təhsil müəssisələrinə qəbulu müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən aparılır. Müsabiqəyə buraxılan ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı hər il müsabiqədən əvvəl Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir”.
Xalidə Gəray
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ