Onlayn ictimai-siyasi qəzet
Rusiya Ukraynaya qarşı müharibədə növbəti dəfə genişmiqyaslı və dağıdıcı hava hücumu həyata keçirib. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ordusu eyni vaxtda təxminən 500 dron və 40 raket, o cümlədən “Kinjal” hipersəs raketləri ilə ölkə ərazisini vurub.
Musavat.com xəbər verir ki, Zelenskinin sözlərinə görə, hücumların əsas hədəfi Kiyev şəhəri, eləcə də energetika sistemi və mülki infrastrukturlar olub. Prezident qeyd edib ki, son günlər beynəlxalq aləmdə “müharibənin dayandırılması” ilə bağlı səslənən çağırışlara Moskvanın real cavabı diplomatik bəyanatlar yox, məhz raket və dron zərbələridir.
Ukrayna lideri vurğulayıb ki, Rusiya rəsmiləri uzun-uzadı danışıqlardan danışsa da, əsl mövqelərini “kinjal”lar və “şahid” dronları ifadə edir. Onun fikrincə, bu hücumlar Vladimir Putin və ətrafının müharibəni bitirmək niyyətində olmadığını açıq şəkildə göstərir. Əksinə, Kreml hər fürsətdən istifadə edərək Ukraynaya daha çox ağrı yaşatmağa və dünya ictimaiyyətinə təzyiqi artırmağa çalışır.
Zelenski diqqətə çatdırıb ki, Rusiyanın hətta Milad və Yeni il günlərini dağıdılmış evlər, yandırılmış mənzillər və məhv edilmiş elektrik stansiyaları ilə “bayrama çevirməsi” beynəlxalq təzyiqlərin hələ də yetərli olmadığını sübut edir. Onun sözlərinə görə, bu cür ağrılı və dağıdıcı fəaliyyətə yalnız daha sərt və real addımlarla cavab vermək mümkündür.
Ukrayna prezidenti bildirib ki, belə imkanlar ABŞ-da var, Avropada var və Ukraynanın bir çox tərəfdaşlarında mövcuddur. Əsas məsələ isə bu imkanlardan vaxtında və qətiyyətlə istifadə etməkdir.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ