İnsanlara hürriyət, millətlərə istiqlal!

Kino İttifaqında kritik iclas: Şəfiqə Məmmədovadan təcili addım atması tələb edildi

Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) gərginlik daha da artıb. Qurumun idarə heyətinin bu gün keçirilən iclasında təşkilatın gələcək taleyi ilə bağlı sərt məzmunlu bəyanat qəbul olunub.

Musavat.com bildirir ki, idarə heyətinin yaydığı bəyanatda son vaxtlar təşkilatda yaranmış vəziyyətin kritik həddə çatdığı vurğulanıb.

Bəyanatda bildirilir ki, idarə heyətinin bəzi üzvlərinin məsuliyyətsiz davranışları nəticəsində təşkilatın hüquqi statusu ciddi təhlükə ilə üz-üzə qalıb.

Sənəddə qeyd olunur ki, artıq təşkilatın vergi səhifəsi bağlanıb, əmək müqavilələrinin yenilənməsi mümkünsüz vəziyyətə düşüb, həyata keçirilməsi nəzərdə tutulan layihələr isə faktiki olaraq dayanıb.
İdarə heyəti çıxış yolunun yalnız nizamnamənin tələblərinə uyğun şəkildə konfrans keçirilməsi və həmin konfransda sədr seçkisinin baş tutması olduğunu bəyan edib. Bəyanatda xəbərdarlıq edilir ki, konfransın keçirilməsinin növbəti dəfə uzadılması Azərbaycan Kinematoqrafçılar İttifaqını ləğv olunmaq təhlükəsi ilə üz-üzə qoya bilər.

Bu səbəbdən idarə heyəti AKİ-nin birinci katibi və icraçı katibindən konfransın 2026-cı il sentyabrın 5-dən gec olmayaraq keçirilməsi üçün bütün zəruri təşkilati addımların atılmasını tələb edib.

WhatsApp Image 2026-07-30 at 18.47.31.jpeg (116 KB)

Bəyanatı Əlisa Cabbarov, Həmidə Ömərova, Xalidə Quliyeva, Eldəniz Quliyev, Oleq Səfərəliyev, Tahir Tahiroviç, Sevda Sultanova və digər idarə heyəti üzvləri imzalayıblar.

Bununla yanaşı, idarə heyətinin üzvləri Şəfiqə Məmmədova, Baba Vəziroğlu, Oqtay Mirqasımov, Vaqif Mustafazadə, Ramiz Həsənoğlu, Cəmil Quliyev, Suğra Bağırzadə, Akif Əli və digər şəxslər iclasda iştirak etməyiblər.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi Xalq artisti Şəfiqə Məmmədovadır. Son aylarda AKİ-də rəhbərlik məsələsi ətrafında yaranan fikir ayrılığı təşkilat daxilində böhranı pik həddə çatdırıb.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR