Onlayn ictimai-siyasi qəzet
Rusiyada ömürlük həbs cəzası çəkən keçmiş senator Rauf Araşukov cəzaçəkmə müəssisəsində yenidən aclıq aksiyasına başladığını elan edib.
Musavat.com xəbər verir ki, bu barədə onun vəkili Dmitri Trubnikov məlumat yayıb.
Məlumata görə, hazırda xüsusi rejimli "Qara delfin" koloniyasında cərimə təcridxanasında (ŞİZO) saxlanılan Araşukov yeməkdən imtina edib və yalnız su qəbul edir.
Onun əsas tələbi əmək fəaliyyəti üçün "normal şəraitin yaradılması"dır.
Bu, eks-senatorun həbsdə keçirdiyi ilk aclıq aksiyası deyil. O, 2021-ci ildə də həyat yoldaşı ilə görüşə icazə verilməsi tələbi ilə yeməkdən imtina etmişdi.
Araşukov uzun illər Rusiyanın hakim "Vahid Rusiya" Partiyasının üzvü olub.
O, həmçinin Çeçenistan rəhbəri Ramzan Kadırovun yaxın çevrəsində yer alıb. İkili dəfələrlə birlikdə çəkilmiş fotolarını paylaşıb, Araşukov isə Kadırovu açıq şəkildə "böyük qardaşım" adlandırıb.
Qeyd edək ki, Araşukov sifarişli qətllərin təşkilində və mütəşəkkil cinayətkar qrup yaratmaqda təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.
Bundan başqa, ona "Qara delfin" koloniyasında imtiyazlı şərait əldə etmək üçün Federal Penitensiar Xidmətin əməkdaşlarına 5 milyon dollar rüşvət verməyə cəhd göstərmək ittihamı da irəli sürülüb.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ