Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentində avqustun 24-də Nikol Paşinyan hökumətinin 2026-2031-ci illər üçün fəaliyyət proqramının müzakirəsinə başlanır. Beş ili əhatə edən sənəd yalnız Ermənistanın daxili inkişaf planı deyil, İrəvanın Azərbaycan, Türkiyə, Rusiya və Qərblə münasibətlərində tutacağı istiqamətin siyasi xəritəsi hesab olunur. Proqramda Azərbaycanla sülh prosesinin hansı çərçivədə təqdim edilməsi xüsusilə diqqət çəkir. Ermənistan Konstitusiyasının dəyişdirilməsi, sərhədlərin delimitasiyası, anklavların taleyi, TRIPP marşrutunun işə salınması və Türkiyə ilə sərhədin açılması barədə müddəalar İrəvanın həqiqətən davamlı sülhə hazır olub-olmadığını göstərəcək.
Sənədin digər mühüm tərəfi Ermənistanın təhlükəsizlik seçimidir. Rusiyanın ölkədəki hərbi mövcudluğunun gələcəyi, Avropa İttifaqına yaxınlaşma, müdafiə büdcəsinin artırılması və ordunun yenidən silahlandırılması ilə bağlı planlar Paşinyan hökumətinin region üçün növbəti beş ildə hansı siyasəti yürüdəcəyinə aydınlıq gətirməlidir.
Yeni hökumət proqramında Azərbaycanla sülh əsas strateji hədəf kimi müəyyənləşdirilir, yoxsa İrəvan diplomatik bəyanatların arxasında vaxt qazanaraq yeni siyasi və hərbi manevrə hazırlaşır?

Musavat.com-un xəbərinə əsasən, siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, Ermənistanın 2026–2031-ci illər üçün yeni hökumət proqramına baxanda ilk diqqət çəkən məsələ İrəvanın Azərbaycanla sülhü artıq dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi təqdim etməsidir:
“Sənəddə sülh sazişinin imzalanması və ratifikasiyası, sərhədlərin delimitasiyası və demarkasiyası, iki ölkə arasında iqtisadi və ictimai əlaqələrin genişləndirilməsi konkret hədəf kimi göstərilir. Bu, Ermənistanın əvvəlki siyasi ritorikasından fərqli xəttdir. Paşinyan bunu “Real Ermənistan” və “Dördüncü Respublika” konsepsiyası ilə izah edir və onun təqdimatında yeni Ermənistan qarşıdurma üzərində deyil, sülh üzərində qurulmalıdır. Amma mən burada yalnız sülh mesajını görməzdim. Çünki İrəvan sülhlə yanaşı öz təhlükəsizlik arxitekturasını da yenidən qurur. ABŞ və Aİ ilə münasibətlər dərinləşdirilir, Fransa ilə strateji tərəfdaşlıq gücləndirilir, Hindistanla müdafiə əməkdaşlığı genişləndirilir, Rusiya ilə münasibətlər isə yeni regional şərtlərə uyğunlaşdırılır. Ermənistanın proqramında bu siyasət “balanslaşdırıcı” xarici siyasət kimi təqdim olunur. TRIPP məsələsi isə bu strategiyanın iqtisadi və geosiyasi tərəfini tamamlayır. Ermənistan layihənin həyata keçirilməsini prioritet kimi müəyyənləşdirir və burada öz suverenliyi və yurisdiksiyasının qorunacağını xüsusi vurğulayır. Deməli, İrəvanın hesabı yalnız Azərbaycanla barışmaq deyil. Ermənistan istəyir ki, sülh yaranandan sonra öz təhlükəsizliyini və iqtisadi gələcəyini daha geniş tərəfdaşlıq sistemi üzərində qursun. Ordunun gücləndirilməsi də bu mənzərənin bir hissəsidir. Ermənistan hərbi imkanlarını artırır və müdafiə əməkdaşlığını şaxələndirir. Lakin bunu avtomatik olaraq yeni müharibəyə hazırlıq adlandırmaq da doğru olmaz”.
Siyasi təhlilçinin sözlərinə görə, Paşinyanın təqdim etdiyi yanaşmada məqsəd Ermənistanı mümkün təcavüz üçün daha az cəlbedici hədəfə çevirmək və təhlükəsizliyi yalnız bir tərəfdaşdan asılılıq üzərində qurmamaqdır:
“Artıq aydındır ki, Paşinyan sülh xəttini öz hakimiyyətinin növbəti beş ili üçün dövlət proqramına daxil edib. Lakin bizim üçün əsas sual başqadır. Bu sülh Azərbaycanın gözlədiyi hüquqi və siyasi nəticələrə qədər gedəcəkmi? Konstitusiya məsələsi, sərhədlərin yekunlaşdırılması, kommunikasiyaların real açılması və sülh sazişinin ratifikasiyası burada həlledici olacaq. İrəvanın yeni siyasəti revanşizm xəttindən daha çox uzaqlaşaraq regional inteqrasiyaya yönəlir. Amma eyni zamanda Ermənistan özünü yalnız Bakı ilə münasibətlərdən asılı vəziyyətə salmaq da istəmir. Yəni Paşinyanın beşillik strategiyasının mahiyyəti, məncə, sülhdən imtina etmək deyil, sülh şəraitində Ermənistanın manevr imkanlarını maksimum genişləndirməkdir. İndi əsas məsələ proqramda yazılanların nə qədərinin real siyasi qərara çevriləcəyidir. Çünki Cənubi Qafqazda sülhü proqramın özü yox, verilən sözlərin arxasınca atılan addımlar müəyyən edəcək”.
Cavanşir Abbaslı
Musavat.com
25 Avqust 2026
01:06 Qonşu ölkədə məktəbli forması məcburiləşir – tam dəstin qiyməti bəlli oldu, imtina edənləri...
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ