Onlayn ictimai-siyasi qəzet
2000-ci illərin əfsanəvi strategiya oyunlarından olan “Command & Conquer: Red Alert 2” bu dəfə kinoya bənzər realistik görüntülərlə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, çinli mütəxəssis süni intellekt texnologiyalarından istifadə edərək “Red Alert 2” motivləri əsasında “22 dəqiqə” (“Twenty-Two Minutes”) adlı fan qısametrajlı film hazırlayıb. İnternetdə yayılan versiya təxminən 7 dəqiqə davam edir və görüntülər hərbi film estetikasında qurulub.
Videoda oyunun pərəstişkarlarına yaxşı tanış olan döyüş texnikası və personajlar mümkün qədər orijinal dizayna yaxın şəkildə “real dünyaya” köçürülüb. Əfsanəvi “Kirov” hava gəmiləri döyüş meydanının üzərində görünür, “Apocalypse”, “Rhino” və “Prism” tankları döyüşə girir, məşhur Tanya isə müttəfiqlərin xüsusi təyinatlı döyüşçüsü kimi təqdim olunur.
Süjetdə sovet qüvvələri ağır döyüş şəraitində mövqelərini qoruyur və onlara yardımın 22 dəqiqədən sonra çatacağı bildirilir. Filmin adı da məhz buradan gəlir. Finala doğru isə “Kirov”ların böyük qrupu və ağır “Apocalypse” tankları meydana çıxır.
Ən diqqətçəkən məqamlardan biri filmin sonunda baş verir: kamera döyüş meydanından uzaqlaşdıqca realistik müharibə səhnəsi tədricən “Red Alert 2”nin klassik izometrik oyun xəritəsinə çevrilir. Daha sonra oyunun köhnə kompüter qarşısında oturan uşaq tərəfindən oynanıldığı göstərilir. Bu detal layihənin nostalji xəttini daha da gücləndirib.
Musavat.com
26 Avqust 2026
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ