İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın növbəti prezidenti “Ermənistanın ərazi bütövlüyü qırmızı xəttimizdir” deyəcəkmi?..

Ötən cümə 4 namizəddən heç birinin 50 faizlik seçici səsini qazanmaması səbəbindən prezidentini seçə bilməyib, yekun nəticələri ikinci tura saxlayan müsəlman qonşumuz bu həftənin cümə günü çox güman ki, ölkə başçısının adını elan edəcək.

SESVERİ.jpg (84 KB)

Bu yerdə ilk turda yarışan iddiaçıların nəticələrini xatırladaq:

Məsud Pezeşkian: 10 milyon 415 min 991 səs, (42,25 faiz);

Səid Cəlili: 9 milyon 473 min 298 səs, (38.61 faiz);

Məhəmməd Bağır Qalibaf: 3,383,340 səs;

Mustafa Purməhəmmədi: 206.397 səs.

Ümumilikdə 482 şəhərdə cəmi 58 min 640 şöbədə sayılan səslərin cəmi 24 milyon 535 min 185 olub. Seçici aktivliyinin antirekordu ortadadır: 39 faiz. Hətta keçmiş xarici işlər naziri və Məsud Pezeşkianın seçki qərargahının üzvü Məhəmməd Cavad Zərif etiraf edib ki, seçici fəallığı aşağı həddə olub.

“Vətəndaşların əksəriyyətinin seçkilərdə iştirak etməməsi onların acıqlı olduqlarına görədir, mən öz tərəfimdən bu günə kimi olanlara görə xalqdan üzr istəyirəm”, deyən, aktivliyin aşağı olmasının səbəbini xalqın hakimiyyətdən narazı olmasında görən Zərif bir çoxlarının ürəyindən tikan çıxarıb.

Qeyd edək ki, bu seçkidə prezidentlik uğrunda mübarizəyə İran İnqilabı Keşikçiləri Korpusunun keçmiş rəhbəri, parlamentin indiki sədri Məhəmməd Bağır Qalibaf, ali dini liderin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, Tehran meri Əli Rza Zəkiyani, keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi, Şəhid və Veteranlar Fondunun rəhbəri Əmir Hüseyn Qəzizadə-Haşimi və sabiq səhiyyə naziri Məsud Pezeşkian qatılsa da, daha sonra Əli Rza Zəkiyani və Əmir Hüseyn Qəzizadə-Haşimi öz namizədliklərini geri götürüblər.

Hazırda əsas sual budur: İranın növbəti prezidenti kim olacaq: Azərbaycan türkü Pezeşkianmı, yoxsa anasının türk olduğu bildirilən Cəlilimi?

TURO.jpg (94 KB)

İkinci turda mübarizəyə qatılacaq Cəid Cəliliyə artıq ilk turun iştirakçısı olmuş Məhəmməd Bağır Qalibafdan dəstək gəlib. Onun qazandığı 3 milyon 383 340 səs+digər namizəd Mustafa Purməhəmmədiyə məxsus 206 min 397 səs Cəlilinin aktivinə yazılacağı halda təbii ki, ikincinin birinciliyi təmin oluna bilər. Üstəlik, Səid Cəlili mühafizəkarları təmsil edir və dini liderin namizədidir. Amma məsələnin digər tərəfi də var: Məsud Pezeşkian da yerində saymayacaq, onun da tərəfdarları ikinci turda aktivliyini artıracaq.

Rəsmən etiraf olunduğu kimi, İran seçicisinin 60 faizi küskündür, seçkinin ilk turuna qatılmayıb. Onların sıralarında Azərbaycan türklərinin də az olmadığını təxmin etmək olar. Çünki soydaşlarımıza İran Konstitusiyası ilə vəd olunan ana dilində mədrəsə açmaq, təhsil almaq hüququ belə indiyədək tanınmayıb, 1979-cu ildən bəri. Bu mənada cəsarətlə meydana çıxan, “mən türkəm” deyən, seçki kampaniyasını Rəşid Behbudovun “Azərbaycanım”ının sədaları altında keçirən, ailəsində farsca danışmağı qadağan etdiyini cəsarətlə dilə gətirən Məsud bəyə simpatiya xeyli artıb. Hətta bu seçkilərdən bədgüman olan xaricdəki güneylilər belə artıq Pezeşkian haqqında müsbət fikirlərini dilə gətirir, gözləntilərini ifadə edirlər. Hələ 2009-cu il seçkilərində belə neqativlərə qarşı etiraz səsini ucaldan, buna görə də şovinistlər tərəfindən “pantürkist” damğası vurulan Məsud Pezeşkianın bir çoxlarının gözləmədiyi halda böyük uğur qazanması bəlkə həm də Azərbaycan türklərinin həyatında yeni üfüqlər açacaq, kim bilir...

Düzdür, İranda əsas söz sahibi dini liderdir, amma hər halda prezident də kiçik fiqur deyil. Bir çoxları dini liderin namizədinin məhz Səidinin olacağını təxmin edir. Amma deyək ki, seçkiləri Məsud Pezeşkian qazandı, məgər o, dini liderin siyasətinə qarşımı çıxacaq? Təbii ki, yox. Qəzza bölgəsində baş verənlərə nəzər salsaq, İran proksiqüvvələrə müəyyən dəstək versə də, qısamüddətli raket atışmaları xaric, İsraillə savaşmağa həvəsli olmadı. Bəzən seyrçi mövqedə dayandı, hətta Suriyadakı diplomatik nümayəndəliyi vurulduğu halda. Belə görünür ki, İranda mühafizəkarların özünün belə məcburiyyətdən ən azı keçid dövrü üçün islahatçı prezidentə ehtiyacı var. Əks təqdirdə “Yaşıllar Hərəkatı”nın lideri Mirhüseyn Musəvinin başına gətirilənləri Məsud Pezeşkian da gözləyə bilərdi.

Mayın 19-da İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra ayrı-ayrı media orqanlarında iddialar yer aldı ki, əslində Tehranla Qərb arasında gizli danışıqlar aparılırmış, hətta mühafizəkarların mütləq rəhbər olduğu dönəmdə.

REİSİ YENİ.jpg (126 KB)

İranda sosial-iqtisadi vəziyyət heç də yaxşı deyil, həmçinin Azərbaycan türklərinin yaşadığı, Pezeşkianın əsas elektoratının yaşadığı bölgələrdə. Bu mənada insanlar daha yaxşı həyat naminə, sanksiyalar burulğanından xilas olmaq üçün ən azı “islahatçı testi” edə bilərlər. Çünki mühafizəkarlardan yorulublar.

Son bir neçə il ərzində ölkənin iri şəhərlərində baş örtüyü ilə bağlı başlanan etirazların fonunda Məsud Pezeşkianın qadınlara azadlıq vəd etməsi sıradan məsələ deyil. 2022-ci ilin payızında İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra baş verənləri unutmayıb İran seçiciləri. Heç şübhəsiz ki, seçkiyə biganə yanaşan, faktiki olaraq boykot edən 60 faizin böyük əksəriyyəti həm də qadınlardır. Məsud Pezeşkian məhz bu reallığı bildiyi üçün qadınlara müəyyən azadlıqların veriləcəyini anons edir, qadınlar üçün sərt geyim qaydalarına qarşı çıxır. Hər halda bu mesaj diqqətdən kənarda qala bilməz.

Eyni zamanda Məsud Pezeşkian İslam Respublikasının nüvə proqramı ilə bağlı yeni saziş imzalamaqla Qərbin İrana qarşı sanksiyalarına son qoymaq niyyətindədir. Sanksiyalardan bezikmiş İran cəmiyyəti üçün cəlbedici vədlərdəndir. İran cəmiyyəti dünyaya çıxış imkanı əldə etmək, azad internetə, sosial şəbəkələrə nail olmaq istəyir. Bu mənada Məşhəddə doğulmuş Səid Cəlilinin prezidentliyi onların bu arzularına adekvat deyil. Həm də mühafizəkar qanadın təmsilçisi Cəlilinin hərbiləşdirilmiş Bəsic qüvvələrinə qoşularaq İran-İraq müharibəsində bir neçə dəfə könüllü kimi xidmət etməsi, döyüşdə yaralanması və sağ ayağını itirməsi onun döyüşkən ruhunun ifadəsidir ki, bu da iranlı gənclərin məsud yaşamaq arzusu naminə həkim Məsud bəyə “stavka” edə biləcəyi ehtimalını yaradır.

PEZİK.jpg (89 KB)

İstənilən halda cənub qonşumuzdakı seçkilər bu ölkənin daxili işidir. Amma 40 milyondan artıq türkün yaşadığı məkanda baş verən çox ciddi siyasi hadisəyə biganə yanaşmaq olmaz heç şübhəsiz. Üstəlik, fəxarətlə “mən türkəm” deyən iddiaçının birinciliyi qazanması şəraitində. Çox təəssüf ki, bəzi təhlilçilər hər iki namizəd arasında fərq qoymadan tənqid edirlər. Niyə? İran prezidentliyinə namizədlər içərisində bir erməni olardısa və o, Pezeşkianın qazandığı uğura çatardısa, ermənilər onu “top”a tutardılarmı? Heç vaxt. Onda birilərində azca təəssübkeşlik və Güneydəki seçicilərin seçiminə sayğı...

Yeri gəlmişkən, erməni təhlilçilər, türkoloqlar türk Pezeşkianın İran prezidenti seçilməsi ehtimalından əndişə keçirirlər, regionda daha bir türk prezidentin olacağını özlərinə dərd edirlər. Təbii ki, axmaqlıqdır. İranın başına türk gələrsə, bu, ermənilər üçün təhdidə səbəb olmayacaq. Hələ rəsmi Tehranın Ermənistanla bağlı siyasətini bir kənara qoyuruq. Amma Ermənistanda anlayırlar ki, İranın prezidenti türk olacaqsa, o, yeri gəldi-gəlmədi “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir”, deməyəcək, Zəngəzur dəhlizinin açılmasını İran üçün təhlükə saymayacaq, əksinə, Azərbaycanla, Türkiyə ilə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olacaq. Kim bilir, bəlkə yaxın perspektivdə İran Türk Dövlətləri Təşkilatının ən azı müşahidəçi statuslu üzvü olacaq, Şuşa Zirvəsindəki növbəti zirvə görüşündə Pezeşkian da iştirak edəcək. Hər halda bu, gələcəyin işidir və cümə günü keçiriləcək seçkilərin nəticələrindən asılıdır.

NARAHAT.jpg (240 KB)

Azərbaycanın İranla bağlı siyasəti aydın və şəffafdır. Hətta Prezident İlham Əliyev Rəisinin olduğu helikopterin qəzaya uğramasından sonra İranla əməkdaşlıq perspektivləri barədə yol xəritəsini bir daha təqdim etdi və bu barədə mərhum prezidentlə Araz kənarındakı müzakirələrində danışdıqlarını vurğuladı. Sitat: “...Biz konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmışdıq, önəmli qərarlar qəbul edilmişdir. O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək. Çünki bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir və biz mərhum Prezident Rəisi ilə söhbət əsnasında qəti iradəmizi bildirdik ki, bundan sonra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda”.

Hesab edirik ki, İranın növbəti prezidentinin kimliyindən asılı olmayaraq, Azərbaycanın bu dost, mehriban qonşuluq siyasəti dəyişməyəcək. Çünki Prezidentin dediyi kimi, “Bizim vədlərimiz, sözümüz imzamız qədər dəyərlidir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR