İnsanlara hürriyət, millətlərə istiqlal!

İran razılaşdı – Xəzərin hüquqi statusu...

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiya prosesinin yaxın vaxtlarda İran parlamentində həyata keçiriləcəyini bildirib.

Bəqai həftəlik mətbuat konfransında məsələ ilə bağlı sualı cavablandırarkən deyib ki, sənəd imzalanıb, onun hüquqi, siyasi və digər aspektləri üzrə araşdırmalar aparılıb.

Onun sözlərinə görə, Konvensiya iyulun 22-də İran hökuməti tərəfindən təsdiqlənərək parlamentə təqdim olunub və yaxın vaxtlarda parlamentdə ratifikasiya mərhələsindən keçməsi nəzərdə tutulur.

XİN sözçüsü vurğulayıb ki, İran beynəlxalq sənədlərə qoşularkən bütün aspektləri nəzərə alaraq diqqətlə qərar verir və bu proses sözügedən Konvensiya ilə bağlı da həyata keçirilib.

Bəqai qeyd edib ki, sənədin parlament tərəfindən təsdiqlənməsi Xəzəryanı dövlətlər arasında əməkdaşlığın inkişafına və regiondan kənar qüvvələrin bu su hövzəsindən mümkün sui-istifadəsinin qarşısının alınmasına kömək edəcək.

fg5Lw1rTQvYUXHXZxMWnSdHXtvo3DL2BZWEaFZPf_1200.jpg (229 KB)

O əlavə edib ki, İran ictimaiyyətində narahatlıq doğuran bəzi məsələlər bu Konvensiyada əksini tapmayıb.

Bəqainin sözlərinə görə, başlanğıc xətti məsələsi ayrıca bir konvensiya çərçivəsində müzakirə olunacaq. (APA)

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya nə vaxt qəbul olunub və indiyə qədər hansı ölkələr tərəfindən ratifikasiya edilib? İranın Konvensiyanı ratifikasiya etməsi nəyi dəyişəcək?

Musavat.com xatırladır ki, Xəzəryanı Dövlətlərin V Zirvə Toplantısı çərçivəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 2018-ci il 12 avqust tarixində Qazaxıstanın Aktau şəhərində Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran prezidentləri tərəfindən imzalanıb. Bu sənəd uzun illər davam edən danışıqlardan sonra Xəzərin hüquqi statusunu müəyyən edən əsas beynəlxalq saziş hesab olunur.

Qazaxıstan Konvensiyanı 2018-ci ildə, Azərbaycan 2019-cu ildə, Rusiya 2019-cu ildə, Türkmənistan 2019-cu ildə ratifikasiya edib.

İran isə bu günədək Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya etməyən yeganə Xəzəryanı dövlət idi.

İranın ratifikasiyanı gecikdirməsinin bir neçə əsas səbəbi qeyd olunurdu. Birincisi, daxili siyasi mübahisələr əsas kimi göstərilirdi. İranda bəzi siyasi qüvvələr hesab edirdilər ki, Konvensiya ölkənin Xəzərdəki tarixi hüquqlarını kifayət qədər təmin etmir. İkinci səbəb kimi Xəzərin bölünməsi ilə bağlı narazılıqlar qeyd edilirdi. İran uzun illər Xəzərin ya bərabər - hər ölkəyə 20 faiz olmaqla bölünməsini, ya da əvvəlki hüquqi rejimin saxlanılmasını müdafiə edirdi. Mövcud coğrafi prinsiplər əsasında isə İranın payı təxminən 13-14 faiz civarında qiymətləndirilir. Başqa bir əsas kimi başlanğıc xətləri məsələsinin həll edilməməsi iddia olunurdu. Dəniz sərhədlərinin dəqiq müəyyənləşdirilməsi üçün əsas olan başlanğıc xətləri barədə ayrıca razılaşma hələ əldə olunmayıb.

Bəqainin də vurğuladığı kimi, bu məsələ gələcək ayrıca sənədlə tənzimlənəcək. İranda Konvensiyanın ölkənin milli maraqlarına uyğun olub-olmaması ilə bağlı geniş müzakirələr aparılırdı və hökumət bu səbəbdən ratifikasiyanı təxirə salırdı.

Ekspertlərin fikrincə, İranın da Konvensiyanı ratifikasiya etməsi bir neçə mühüm nəticə doğura bilər. Belə ki, Konvensiyanın bütün beş Xəzəryanı dövlət tərəfindən tam qüvvəyə minməsi üçün siyasi maneə aradan qalxacaq. Regional əməkdaşlıq güclənəcək. Balıqçılıq, ekologiya, gəmiçilik, təhlükəsizlik və iqtisadi layihələr üzrə hüquqi baza daha möhkəm olacaq. Regiondan kənar hərbi qüvvələrin Xəzərdə yerləşdirilməməsi prinsipi daha da möhkəmlənəcək. Konvensiyanın əsas müddəalarından biri Xəzərin yalnız sahilyanı dövlətlərin təhlükəsizlik məkanı olmasıdır. Enerji və nəqliyyat layihələri üçün hüquqi sabitlik artacaq. Bu, gələcəkdə dənizdə həyata keçiriləcək birgə layihələrin reallaşdırılmasını asanlaşdıra bilər.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR