İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət hesabına xaricdə təhsil: Niyə hər kəs seçilmir? – Bütün ŞƏRTLƏR burada

Son illər dövlət hesabına xaricdə təhsil proqramına maraq xeyli artsa da, bu imkanlardan hər kəs yararlana bilmir. Bir çox gənc və valideyn proqramın şərtləri, seçim meyarları və müraciət qaydaları ilə bağlı suallar verir.

Dövlət hesabına xaricdə təhsil almaq üçün hansı tələblər yerinə yetirilməlidir, kimlər müraciət edə bilər və seçim prosesi necə aparılır?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb:

“Ümumilikdə, dövlət hesabına xaricdə təhsillə bağlı suallar çoxdur və hər kəs bundan yararlana bilmir. Azərbaycan gənclərinin xaricdə təhsil almasına dair ilk Dövlət Proqramını hazırlayan işçi qrupun üzvü kimi prosesdə iştirak etmişəm. Proqramın mahiyyəti mənə yaxşı məlumdur. Həqiqətən də, biz ilk proqramı hazırlayarkən həm bu sahədə kifayət qədər təcrübə yox idi, həm də görüləsi çox iş var idi. Məhz həmin proqram sonradan hazırlanmış ikinci Dövlət Proqramı üçün də baza rolunu oynadı. Dövlət hesabına xaricdə təhsil, əlbəttə ki, minlərlə gəncin arzusudur. Lakin bu proqram hər müraciət edənə şamil olunmur və hər kəs bundan yararlana bilmir. Proqramın daxili mexanizmləri, eləcə də namizədlərin hansı mərhələlərdə çətinliklərlə üzləşdiyi barədə fikirlərimi bölüşmək istəyirəm. İlkin olaraq, "Niyə hər kəs bu proqramdan yararlana bilmir?" sualına cavab axtaraq. Proqramın kütləvi olmamasının əsas səbəbləri resursların məhdudluğu və dövlətin strateji prioritetləridir. Dövlət yalnız gələcəkdə ölkə iqtisadiyyatı üçün vacib hesab etdiyi sahələri maliyyələşdirir. Yəni burada strateji ixtisas məhdudiyyəti mövcuddur. Daxili bazarda kifayət qədər təmin olunmuş bəzi sahələrə, məsələn, humanitar ixtisaslara üstünlük verilmir. Ümumilikdə hər xarici universitet də qəbul edilmir. Yalnız qlobal reytinqlərdə ilk yüzlüklərdə yer alan ali təhsil müəssisələrinə üstünlük verilir. Bəzi hallarda isə konkret ixtisas üzrə dünyanın aparıcı universitetləri nəzərə alınır. Universitetin reytinqi çox mühüm meyardır. Bundan əlavə, illik kvotalar kifayət qədər məhduddur. Müsahibə mərhələsində ən güclü akademik göstəriciləri və fərdi keyfiyyətləri ilə seçilən namizədlər üstünlük qazanırlar. Yəni burada ciddi rəqabət mühiti mövcuddur və kvotaların məhdudluğu da öz təsirini göstərir. Bu səbəbdən hər müraciət edən proqramdan yararlana bilmir”.

WhatsApp Image 2026-08-04 at 16.35.44.jpeg (38 KB)

Fəlsəfə doktoru əlavə edib ki, bir çox namizəd dil sertifikatını və ya universitetdən akademik qəbul məktubunu vaxtında ala bilmədiyi üçün ilkin mərhələdə prosesdən kənarda qalır:

“Yəni dil bilikləri və akademik baza ilə bağlı çatışmazlıqlar hələ texniki mərhələdə namizədin seçimdən kənarda qalmasına səbəb ola bilir. Əsas şərtlər və qaydalar bunlardır, Dövlət Proqramına seçilmək iki əsas mərhələdən ibarətdir - sənəd qəbulu və müsahibə. Namizədin dövlət proqramında əvvəlcədən təsdiq edilmiş siyahıda yer alan nüfuzlu xarici universitetlərdən rəsmi, şərtsiz qəbul məktubu olmalıdır. Bundan başqa, iddiaçının təhsil alacağı dil üzrə beynəlxalq sertifikatı – IELTS, TOEFL və s. mütləqdir. Əvvəlki təhsil pilləsində - istər bakalavr, istərsə də tam orta təhsil səviyyəsində - ümumi müvəffəqiyyət göstəricisi yüksək olmalıdır. Adətən bu göstərici 80+ və ya 4 ballıq sistem üzrə 3+ olmalıdır.
Tələb olunan sənədlər də təqdim edilməlidir. Bunlar:

- xarici universitetdən qəbul məktubunun surəti;

- əvvəlki təhsil sənədləri – diplom və ya attestat, həmçinin qiymət cədvəli (transkript);

- beynəlxalq dil sertifikatı;

- sağlamlıq haqqında arayış;

- xarici pasport;

- motivasiya məktubu. Bu məktubda namizəd niyə məhz həmin ixtisası və ölkəni seçdiyini əsaslandırmalıdır. Sənəd mərhələsini uğurla keçən namizədlər Elm və Təhsil Nazirliyinin ekspert komissiyası tərəfindən müsahibəyə dəvət olunurlar. Burada təkcə Elm və Təhsil Nazirliyinin deyil, digər aidiyyəti dövlət qurumlarının nümayəndələri də iştirak edirlər”.

İlqar Orucov onu da bildirib ki, müsahibə zamanı namizədin seçdiyi sahə üzrə bilikləri, dünyagörüşü və peşə hazırlığı qiymətləndirilir:

“Həmçinin onun təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdaraq işləmək niyyəti və potensialı, dövlət qarşısındakı öhdəlikləri dərk etməsi, vətənpərvərlik hissi və ölkəyə bağlılığı da nəzərə alınır. Namizəd özünü komissiya qarşısında düzgün ifadə etməyi bacarmalıdır. Bundan əlavə, xaricdə təkbaşına yaşamaq və təhsil almaqla bağlı psixoloji hazırlığı da qiymətləndirilir. Proqram tam təqaüd proqramıdır. Təhsil haqqı, yaşayış və qidalanma xərcləri, tibbi sığorta, həmçinin ildə bir dəfə gediş-dönüş təyyarə bileti dövlət tərəfindən tam qarşılanır. Təhsil haqqı birbaşa universitetin hesabına köçürülür, yaşayış və qidalanma xərcləri isə hər ay tələbənin bank kartına təqaüd kimi ödənilir. Dövlət bu vəsaiti hədiyyə kimi deyil, ölkənin insan kapitalına investisiya kimi qoyur. Buna görə də proqram qalibləri ilə müqavilə bağlanılır. Müqaviləyə əsasən, məzun olduqdan sonra tələbə dərhal Azərbaycana qayıtmalı və ən azı 5 il ölkədə çalışmalıdır. Əks halda, dövlətin onun təhsili üçün çəkdiyi bütün xərcləri geri ödəməlidir. Mən düşünürəm ki, uğur qazanmaq üçün namizədlərə bir neçə tövsiyə vermək olar. Bu proqram mənim üçün doğmadır, çünki hazırlanmasında iştirak etmişəm. Hesab edirəm ki, bu, ölkə başçısının Azərbaycan gəncliyinə yaratdığı ən mühüm imkanlardan biridir və dövlətin gənclərə yatırdığı investisiyadır. Namizədlər universitet seçimində diqqətli olmalıdırlar. Sadəcə hər hansı xarici universiteti deyil, məhz Dövlət Proqramında yer alan və hər il təsdiqlənən prioritet siyahıdakı aparıcı universitetləri hədəf seçməlidirlər”.

Müsahibimiz xüsusi olaraq qeyd edib ki, namizədlər motivasiya məktubuna ciddi yanaşmalıdırlar:

“Şablon ifadələrdən istifadə etmək əvəzinə komissiyanı inandırmalıdırlar ki, aldıqları təhsil Azərbaycana hansı faydanı verəcək. Həmçinin seçdikləri ixtisas üzrə müasir trendləri öyrənməli, ölkədə həmin sahədə mövcud boşluqları necə dolduracaqlarına dair konkret plan hazırlamalı və müsahibəyə bu istiqamətdə hazırlaşmalıdırlar. Açıq deyim ki, hər il çox sayda gəncə bu istiqamətdə heç bir təmənna güdmədən məsləhətlər verirəm. Sonradan onların adlarını dünyanın ən yaxşı universitetlərində görəndə həqiqətən sevinirəm. Çünki Azərbaycan dövləti öz gəncinə sahib çıxır. Vaxtilə gənclərimiz müxtəlif xarici fondların, donor təşkilatlarının, o cümlədən Soros Fondu, ABŞ Dövlət Departamenti və digər qurumların maliyyə dəstəyi ilə xaricdə təhsil alırdılar. Azərbaycan dövlətinin həyata keçirdiyi bu proqram isə öz gəncinə sahib çıxan bir proqramdır. Bir daha qeyd edirəm ki, bu proqram unikal imkanlar yaradır. Hesab edirəm ki, əsası 2007-ci ildə qoyulan və ilk Dövlət Proqramı ilə başlayan bu yol istedadlı Azərbaycan gənclərinə yaradılmış ən mühüm imkanlardan biridir”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR