İnsanlara hürriyət, millətlərə istiqlal!

CNN: Trampın İranla bağlı ən böyük səhvi hələ baş verməyib

ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatlara başlaması onun prezidentlik dövrünün ən ciddi səhvlərindən biri kimi tarixə düşə bilər. Lakin CNN analitiki Stiven Kollinson hesab edir ki, Tramp hələlik əvvəlki ABŞ prezidentlərinin yol verdiyi ən təhlükəli səhvdən – müharibəni nəzarətdən çıxacaq səviyyədə genişləndirməkdən yayınmağı bacarıb.

Musavat.com xəbər verir ki, bu fikirlər CNN-də dərc olunan təhlildə yer alıb.

Müəllif yazır ki, ABŞ tarixində Vyetnam, İraq və Əfqanıstan müharibələri göstərib ki, prezidentlər çox vaxt hərbi uğursuzluqdan çıxış yolu tapmaq və ya ölkənin nüfuzunu qorumaq naminə münaqişələri daha da genişləndiriblər. Nəticədə isə nə qələbə qazanılıb, nə də müharibədən asan çıxmaq mümkün olub.

Kollinsonun fikrincə, Tramp da hazırda oxşar seçim qarşısındadır.

Birinci variant mövcud vəziyyəti davam etdirməkdir. Bu halda ABŞ İrana qarşı hava zərbələri, kövrək atəşkəslər və dəniz blokadaları ilə müharibəni uzada bilər, lakin bunun münaqişəni bitirəcəyinə zəmanət yoxdur.

İkinci variant hərbi əməliyyatları kəskin şəkildə genişləndirməkdir. Müəllif qeyd edir ki, bu halda ABŞ yalnız hərbi hədəfləri deyil, İranın mülki infrastrukturu və strateji obyektlərini də vurmağa, hətta məhdud quru əməliyyatlarına başlamağa məcbur qala bilər.

Üçüncü yol isə Tramp üçün ən ağrılı seçim sayılır. Bu, əsas məqsədlərinə nail olmadan münaqişədən geri çəkilmək və itkilərlə barışmaq deməkdir.

Məqalədə vurğulanır ki, Tramp bu üç variantın heç biri üçün əlverişli siyasi vəziyyətdə deyil. Müəllif yazır ki, Pentaqonun yeni strategiyalar hazırlamaq üçün bir qrup hərbi analitikdən təklif istəməsi də Vaşinqtonun çıxış yolu axtardığını göstərir.

"İran rəhbərliyinin başını kəsəcəyik" xəbərdarlığı

Kollinson yazır ki, Tramp son günlər sosial şəbəkədə İran rəhbərliyini "ikiüzlü" adlandırıb və Tehrana növbəti dəfə saziş imzalamaq üçün "son şans" verdiyini bəyan edib.

ABŞ prezidenti İranın razılaşmaması halında "rəhbərliyin başının kəsilməsi" ilə nəticələnə biləcək tədbirlərdən danışsa da, müəllif hesab edir ki, Trampın bundan sonra hansı addımı atacağı qeyri-müəyyəndir.

Tarixin dərsləri

Müəllif Vyetnam müharibəsini nümunə göstərərək prezident Lindon Consonun da müharibəni genişləndirərkən qələbənin mümkün olmadığına inandığını xatırladıb. Buna baxmayaraq, o daha sonra bombardmanları artırdı və on minlərlə amerikalı əsgəri döyüş bölgəsinə göndərdi.

Kollinson qeyd edir ki, ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Corc Ball hələ həmin dövrdə administrasiyanı xəbərdar etmişdi. Onun fikrincə, ABŞ müharibəni davam etdirməklə qlobal nüfuzuna onu kompromislə başa vuracağından daha çox zərər vuracaqdı.

Müəllif eyni məntiqin sonradan Riçard Niksonun Vyetnam siyasətində, Corc Buşun İraqda qoşun sayını artırması qərarında və Barak Obamanın Əfqanıstandakı əlavə hərbi kontingent göndərməsi zamanı da təkrarlandığını vurğulayır.

Tramp öz tənqid etdiyi müharibənin içindədir

Kollinson Tramp 2016-cı il seçki kampaniyasında "heç vaxt bitməyən və heç vaxt qalib gəlinməyən müharibələri" kəskin tənqid etdiyini də xatırladıb.

Lakin prezident olduqdan sonra özü də Əfqanıstana əlavə qoşun göndərmək qərarı verib. Daha sonra isə həmin qərarın uğursuz alındığını etiraf edib.

CNN analitikinin qənaətinə görə, İran müharibəsi artıq əvvəlki administrasiyaların deyil, məhz Donald Trampın müharibəsidir.

Müəllif hesab edir ki, Trampın qarşıdakı aylarda verəcəyi qərarlar təkcə onun siyasi irsini deyil, həm də Yaxın Şərqdə müharibənin gələcək taleyini müəyyən edə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR