İnsanlara hürriyət, millətlərə istiqlal!

İngiltərədə qadağan olundu, Azərbaycanda da edilə bilər?

Böyük Britaniya birdəfəlik yaş salfetlərin satışını mərhələli şəkildə qadağan etməyə qərar verib. Qərar həm mağazalarda, həm də onlayn satış platformalarında tətbiq olunacaq. Azərbaycanda bu qadağa tətbiq edilə bilərmi?

Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, yaş salfetlər son on ildə daha çox gündəlik həyata daxil olub və həddindən artıq istifadə edilir:

"Onların tərkibində möhkəmliyi təmin etmək üçün plastik liflərdən istifadə olunur. Bu plastik liflər isə kiçik ölçülü hissəciklərə parçalanaraq kanalizasiya şəbəkələrində, sanitar qovşaqlarda, dənizlərdə və çaylarda uzun müddət qalır. Nəticədə həm ətraf mühitə mənfi təsir göstərir, həm də su hövzələrini çirkləndirir, torpaqda isə çox gec parçalanır.

Ekoloq deyib ki, bu materiallar dənizlərə, okeanlara və çaylara düşdükdə bəzən balıqlar tərəfindən də qəbul edilir və bu, ciddi ekoloji problem yaradır:

"Buna görə də belə məhsulların istifadəsinin azaldılması təqdirəlayiq haldır. Çünki plastik materialların azaldılması bütün dünyada sürətlənib və bu istiqamətdə İngiltərə ən qabaqcıl ölkələrdən biridir. Plastik torbaların və birdəfəlik qabların qadağan olunması və ya məhdudlaşdırılması ilə insanları daha ekoloji alternativlərə yönləndirir.

Azərbaycanda isə plastik torbalar və birdəfəlik qabların azaldılması istiqamətində hələ də çətinliklər mövcuddur. Bu sahədə həm dövlət qurumlarının, həm də ictimaiyyətin maarifləndirilməsinə ehtiyac var ki, insanlar daha çox parça torbalara üstünlük versinlər. Avropa ölkələrində olduğu kimi, insanlar alış-verişə öz parça torbaları ilə gedir və məhsulları həmin torbalarda daşıyırlar. Bu təcrübənin Azərbaycanda da geniş tətbiqi gələcək üçün müsbət nümunə ola bilər" , - deyə o qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR