Onlayn ictimai-siyasi qəzet
“Human Rights Watch” növbəti dəfə ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayıb. Musavat.com bildirir ki, ermənipərəst mövqeyini davam etdirən təşkilat Azərbaycanı “ermənilərin Dağlıq Qarabağa qaytarılması üçün heç bir addım atmamaqda” ittiham edib. Azərbaycanın daxili işlərinə müdaxilələrini davam etdirən “Human Rights Watch” rəsmi Bakını 2023-cü ilin sentyabrında könüllü şəkildə Qarabağı tərk edən ermənilərin geri qayıtmasına şərait yaratmamaqda ittiham edib. Hətta Nikol Paşinyan da Qarabağdakı ermənilərin könüllü şəkildə Ermənistana köçdüklərini, Azərbaycanın onlara qarşı hər hansı təzyiq göstərmədiyini və Ermənistanda onların daimi yaşaması üçün rəsmi dövlət siyasətinin icra olunmasına baxmayaraq, bir sıra təşkilatlar sərsəm mövqelərindən əl çəkmirlər.
Adıçəkilən təşkilatın hesabatının məhz bu gün, 5 fevralda, Qarabağdakı keçmiş separatçıların başçılarına hökm oxunduğu gün yayılması təsadüf deyil. Eyni zamanda Avropa Parlamenti, AŞ PA və Fransa Senatının Qarabağ canilərini müdafiə qətnamələrinin ardınca Human Rights Watch təşkilatının da hərəkətə keçməsi anti-Azərbaycan kompaniyanın vahid mərkəzdən idarə olunduğunu göstərir.
Bu fikri bölüşən politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirdi ki,
Azərbaycanı hədəf alan ölkə və təşkilatlar ölkəmizə qarşı yenə hərəkətə keçiblər: “Qarabağ separatçılarının məhkəmədə aldıqları layiqli cəzalar anti-Azərbaycan qüvvələrinin narahatlığına səbəb olub. Bunların yanlış məntiqinə görə, Azərbaycan ərazisində separatçılıq toxumu səpən, soyqırımlarda iştirak edən və şəhərlərimizə raket atan cinayətkarlar sərbəst buraxılmalı idilər. Bunlar ermənidən çox erməni olmaq istəyirlər”. Analitik qeyd etdi ki, Ermənistan hökuməti separatçıların sərbəst buraxılmasını tələb etmədiyi halda, Qərbin bəzi mərkəz və təşkilatları canfəşanlıq edir. E.Şahinoğlu əlavə etdi ki, “Human Rights Watch” təşkilatı yaydığı hesabatda yazıb ki, Azərbaycan ermənilərin Qarabağdan köçünə lazımi şərait yaratmayıb: “Yalanın boyüyü bu olsun gərək. Dünyanın gözü qarşısında ermənilər rahat şəkildə Ermənistana köçdülər. Halbuki, əli qana batmayan ermənilərə Azərbaycan vətəndaşlığını qəbul edərək Qarabağda yaşamalarının davamı təklif edilmişdi. İstəmədilər və Azərbaycanı tərk etdilər. Bu onların seçimi idi. Ona görə də “Human Rights Watch” hesabatı mənasız boş söz yığnağıdır”.
Elşad,
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ