İnsanlara hürriyət, millətlərə istiqlal!

Hörmüz İrana verilir? - Körfəz ölkələri TARİXİ güzəştə gedir

Fars körfəzi ölkələri Hörmüz boğazında İranın faktiki nəzarətini qəbul etməyə hazırlaşır. Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qəzetin yazdığına görə, region dövlətləri Tehranın boğazdan keçən gəmilərə nəzarət etməsini nəzərdə tutan mümkün razılaşmadan narazı olsalar da, ABŞ-İran qarşıdurmasının yenidən kəskinləşməsini və bunun enerji infrastrukturuna ağır zərbə vurmasını daha böyük təhlükə hesab edirlər. Fars körfəzi ölkələri üçün əsas dilemma da məhz budur: Tehranın Hörmüz üzərində təsirinin rəsmiləşməsi ilə barışmaq, yoxsa ABŞ və İran arasında qarşıdurmanın yenidən alovlanması riskini gözə almaq. Region dövlətləri ikinci variantın neft və qaz ixracına, limanlara və ümumilikdə enerji infrastrukturuna daha ağır nəticələr gətirə biləcəyindən ehtiyat edirlər.

Yaxın Şərqdə savaş və Hörmüz böhranı: Dünya 6 il əvvələ qayıtdı » Tiraj.az

Digər tərəfdən, mümkün razılaşmanın İranın raket proqramı və Tehranın regionda dəstəklədiyi silahlı qruplaşmalar məsələsini əhatə etməyəcəyi də gündəmdədir. Yəni söhbət İranın regional hərbi-siyasi fəaliyyətinin bütün istiqamətlərini tənzimləyən geniş sazişdən deyil, ilk növbədə Hörmüz boğazında gəmiçiliyin bərpasına yönəlmiş mexanizmdən gedir.
Hörmüz boğazında Tehranın daimi nəzarətinin qəbul edilməsi ABŞ-İran qarşıdurmasında yeni reallıq yaradacaqmı?

Politoloq Rəhman Bayramov Musavat.com-a deyib ki, əgər belə bir razılaşma əldə olunarsa, bu, təkcə İranla körfəz ölkələri arasında gəmiçilik məsələsinin həlli olmayacaq: “Söhbət dünyanın ən mühüm enerji marşrutlarından birinin üzərində Tehranın siyasi və strateji təsirinin rəsmiləşdirilməsindən gedəcək. Hörmüz boğazı dünya enerji təhlükəsizliyi baxımından son dərəcə mühüm əhəmiyyət daşıyır. Buna görə də Fars körfəzi ölkələrinin İranın nəzarət imkanlarını qəbul etməsi ilk növbədə təhlükəsizlik və iqtisadi sabitlik naminə verilmiş güzəşt kimi görünür. Onlar üçün ABŞ-İran qarşıdurmasının yenidən hərbi münaqişəyə çevrilməsi və nəticədə neft-qaz infrastrukturlarının, limanların və enerji ixracının təhlükə altına düşməsi daha böyük təhlükədir”.

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə şərtlər irəli sürüb

Onun sözlərinə görə, burada əsas sual başqadır: “Körfəz ölkələri müharibədən qaçmaq üçün bu gün İranın mövqeyini qəbul etməklə sabah Tehrana daha böyük siyasi rıçaq vermiş olmayacaqlar? Çünki Hörmüz boğazına nəzarət sadəcə coğrafi üstünlük deyil, bu, enerji bazarlarına, neft ixracına və dünya iqtisadiyyatına təsir etmək imkanına malik olmaq deməkdir. Tehran yaxşı bilir ki, dünya enerji bazarının mühüm hissəsi bu dar su yolundan asılıdır. Buna görə də Hörmüz üzərində hər hansı əlavə nəzarət imkanının əldə edilməsi İranın həm ABŞ-la, həm də region ölkələri ilə danışıqlarda mövqeyini gücləndirə bilər. Hesab edirəm ki, Fars körfəzi ölkələrinin qarşısında çox çətin seçim dayanır. Bir tərəfdə İranın boğaz üzərində təsirinin artması var, digər tərəfdə isə ABŞ-İran qarşıdurmasının yenidən genişmiqyaslı müharibəyə çevrilməsi təhlükəsi. Körfəz ölkələri üçün ikinci variantın iqtisadi qiyməti olduqca ağır ola bilər”.

Ekspert onu da söyləyib ki, burada Oman xüsusi rol oynayır: “Oman uzun illərdir İranla Qərb arasında müəyyən vasitəçilik missiyasını həyata keçirən ölkə kimi çıxış edir. Hörmüz boğazının hər iki sahilində İran və Oman ərazilərinin yerləşməsi də Maskatı bu məsələdə xüsusi mövqeyə çıxarır. Əgər İran və Oman arasında gəmiçiliyin təhlükəsizliyini təmin edən mexanizm yaradılarsa, bu, gərginliyin azaldılması baxımından mühüm addım ola bilər. Lakin məsələ bununla bitmir. Çünki Hörmüz boğazında razılaşmanın əldə olunması İranın raket proqramı, regional silahlı qruplaşmalara dəstəyi və ABŞ-la digər ziddiyyətlərini avtomatik şəkildə həll etmir. Yəni burada söhbət İran-Qərb münasibətlərində böyük barışıqdan deyil, konkret bir böhranın idarə olunmasından gedir. Fikrimcə, İran üçün əsas məqsəd yalnız Hörmüz boğazına nəzarət etmək deyil. Tehran bu coğrafi üstünlüyü siyasi kapitala çevirmək istəyir. Əgər region ölkələri İranın Hörmüz üzərində xüsusi rolunu faktiki olaraq qəbul edərsə, bu, Tehranın Yaxın Şərqdə danışıqlar mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR