İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hikmət Hacıyevin bir sözü hamımızı çox təsirləndirdi” – Aygün Attar Musavat.com-a DANIŞDI

“Zəngəzur dəhlizinin qarşısını almağa müvəffəq ola bilməyəcəklər” 

Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar Musavat.com-a müsahibə verib.

WhatsApp Image 2026-08-07 at 12.18.01.jpeg (160 KB)

Türkiyənin 20-dən artıq tanınmış media mənsubu və ekspertləri ilə birlikdə, “Sülhün coğrafiyası: Qarabağ – Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq” proqramı çərçivəsində Azərbaycana səfər edən nümayəndə heyətinin geri dönüşü ərəfəsində hörmətli Aygün xanım məmnuniyyətlə zaman ayıraraq, Qarabağ səfəri ilə bağlı təəssüratlarını bölüşdü, digər suallarımızı cavablandırdı:

- Aygün xanım, Qarabağa neçənci səfəriniz idi?

- Bu, mənim, Allaha şükürlər olsun ki, Zəfərdən sonra Qarabağa dördüncü, ya da beşinci səfərim idi.

- Bu dəfə Qarabağı necə gördünüz?

- Çox gözəl… Səfərdə iştirak edən bu qədər jurnalistlər, elm adamları, hamı heyrət içərisində qaldı ki, Azərbaycan imkansızı başarıb. Çünki bu qədər qısa zamanda, bu qədər planlı, tarixi keçmişə riayət edərək - o binaların ruhu… Hər şey çox gözəl idi, mükəmməl idi. Bilirsiniz, mənim ilk gedişim Şuşa Bəyannaməsinin imzalandığı zaman olmuşdu, imza törəninə rəsmi heyət üzvü olaraq qatılmışdım. O zaman o yolları nə müsibətlə getmişdik, o bölgədəki vəziyyət... İndi maşallah, Şuşa cənnət olub, Laçın cənnət olub... Alternativ yolları var. Yəni çox gözəl və həyatımın en xoşbəxt geriyə qayıdışını bu dəfə mən bu vətəndən o vətənə yaşayaraq gedirəm.

susa beyan.PNG (1.77 MB)

- Bundan əvvəl doğma yurdda, Qubadlıda olmuşdunuz?

- Xeyr, heç olmamışdım, indi də kənarından keçdik. İnşallah, sonrakı səfərimizi də birbaşa Qubadlıya edəcəyik. Çox fərqli duyğular yaşadım.

- İşğal illərində Qarabağdan kənarda Qarabağ həsrətli Aygün xanımla bu gün Qarabağ təəssüratlarını yüksək sevinc hissi ilə bölüşən Aygün xanımın arasında nə qədər fərq var, bunu aydın şəkildə hiss edirik…

- Bəli, bəli. Çox fərqli duyğulardır. Həyatımda ilk dəfədir ki, duyğularımı ifadə etməkdə doğrusu, çətinlik çəkirəm. Amma gedəndən gələnə qədər təkcə mən deyiləm, Türkiyədən gələn, bu səfərdə iştirak edən bütün mətbuat təmsilçiləri, elm adamları, hər kəs şəhidlərimizin ruhuna hörmətlərini ifadə etdilər, rəhmət oxudular, görülən işlərə heyranlıqlarını ifadə etdilər. Çünki imkansızı bacara bilən qəhrəman Azərbaycan övladları və qəhrəman Azərbaycan övladlarının başında bu müharibənin bu qədər zəfərlə taclanmasına səbəb olan Ali Baş Komandan var. Hamımız böyük bir minnət və şükran duyğuları ilə geriyə döndük.

- Azad Qarabağa ziyarəti həm də Şəhidlər xiyabanından və Türk Şəhidliyindən başladınız…

- Bəli, Şəhidlər xiyabanını və Türk Şəhidliyindən başladıq. Həmçinin Ulu Öndərin məzarını ziyarət edərək tamamladıq. İnşallah onun da ruhu şad olacaq deyə düşündük və bu ziyarəti gerçəkləşdirdik.

WhatsApp Image 2026-08-07 at 12.18.01 (1).jpeg (141 KB)

- Aygün xanım, böyük bir heyətlə gəldiniz Azərbaycana…

- Bəli, 23 nəfərlə...

- Həm də Türkiyə mediasının sütunları sayılan media qurumlarının bir hissəsi ilə bərabər…

- Bəli, Türkiyə mediasının sütunları ilə…

- Prezidentin köməkçisi Hikmət Hacıyevlə Türkiyədən gəlmiş heyətin bir neçə saatlıq görüşü də kifayət qədər məhsuldar və çox faydalı oldu, eləmi?

- Bəli. Artıq günlərdir Türkiyə mediasında Türkiyə - Azərbaycan münasibətlərinə aid hörmətli Hikmət Hacıyevin cənab Prezidentin xarici siyasətinin bütün təməl atributlarını izah etməsi, cənab Prezidentin ortaya qoymuş olduğu barış səfərbərliyi, bunlarla birlikdə Zəngəzur dəhlizi, Orta Dəhliz barədə fikirləri tirajlanmaqdadır... Hörmətli Hikmət Hacıyev cənab İlham Əliyevin sayəsində Azərbaycan dövlətinin beynəlxalq arenada qüdrətli diplomatik gücə çevrilməsinin hekayəsini ən gözəl şəkildə heyətimizə anlatdı. Türkiyə - Azərbaycan qardaşlığının nə qədər əhəmiyyətli olduğunu söylədi. Hikmət Hacıyevin bir sözü hamımızı, heyətimizin bütün üzvlərini çox təsirləndirdi. O dedi ki, Türkiyə - Azərbaycan qardaşlığı, münasibətləri müzakirəyə açıq deyil. Yəni bu mövzuda danışmaq belə absurddur. Ona görə ki, bu, Azərbaycanın olduğu bir masada Türkiyə də var, Türkiyənin olduğu bir masada Azərbaycan da var deməkdir.

- Bu, sirr deyil ki, hansısa bir məqamda informasiya boşluğu yaranır, kimlərsə dövriyyəyə girməyə çalışır, bu boşluğun doldurulması üçün yəqin ki, zəruri olan işlər daha operativ şəkildə həyata keçiriləcək. Bu qənaəti bölüşürsünüz?

- Bəli, elə o boşluğu aradan qaldırmaq məqsədilə belə bir tədbiri biz başlatdıq. Bu, ilkdir, amma son olmayacaq. Davamlı şəkildə davam edəcək. Çünki Vəqfin də quruluşunun təməl fəlsəfəsi Türkiyə - Azərbaycan başda olmaqla, Türk könül coğrafiyasının, Türk dövlətlərinin işbirliyidir. Mədəni iş birliyi, iqtisadi iş birliyi, elmi iş birliyi... Ona görə də biz böyük məmnuniyyətlə bu fəaliyyətləri həyata keçiririk.

- Türkiyə və Azərbaycanın rəsmi qurumlarının da bu təşəbbüsə xeyir-duası olub, yoxsa sadəcə sizin təşəbbüsünüzdür?

- Yox, bizim Vəqfin təşəbbüsüdür. Yəni bu, dövlətin düşünüb “həyata keçirin” dediyi bir şey deyil. Amma bu təşəbbüsü mən irəli sürdüyüm zaman həm Türkiyə tərəfindən, həm Azərbaycan tərəfindən çox böyük rəğbət gördü və çox mənuniyyətlə də gözəl nəticələrini görürük.

- Aygün xanım, bu işlər gələcəkdə bütövlükdə Türk coğrafiyasını əhatə edə bilərmi?

- Bəli, sadəcə Türkiyə və Azərbaycanla məhdudlaşmayacaq. Bizim Özbəkistanla çox gözəl münasibətlərimiz var. Ona görə də Türkiyə-Azərbaycan münasibətlərinin, qardaşlığının Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda, Türkmənistanda ictimai rəyə çatdırılması lazımdır. Ona görə bu, daha da böyüyərək davam edəcək.

- Belə başa düşürəm gələcəkdə bir şəbəkə qurula bilər…

- Bəli, artıq biz başlatdıq bunu. İlkin addımları atdıq.

WhatsApp Image 2026-08-07 at 12.18.57.jpeg (251 KB)

- Zəngəzur dəhlizi ilə bağlı yenə də kimlərsə nələrsə qarışdırmaq istəyir. Bu işlərin qarşısını almaq mümkündürmü?

- Əlbəttə ki, Zəngəzur dəhlizinin qarşısını almağa müvəffəq ola bilməyəcəklər. Çünki Zəngəzur dəhlizi Azərbaycanın yeganə, tək alternativi deyil. Azərbaycan çox ağıllı bir diplomatik uğur yoluna davam edir. Azərbaycanın hər zaman a, b, c alternativləri, strategiyası olub. Amma Zəngəzur dəhlizindən imtina etmək istəyən, bu yönümdə cəhdlər göstərən və ya aranı qarışdırmaq istəyən dövlətlərin əslində tək yolu Zəngəzur koridorudur. Ona görə də Zəngəzur dəhlizinin uğurlu şəkildə fəaliyyətə başlayacağına mənim heç bir şübhəm yoxdur.

DAHLİZ.jpg (240 KB)

- Bu günlərdə Ermənistanda yeni parlament işə başladı. Düzdür, Ermənistan yeni parlament sədri bildirir ki, Adana, İsgəndər kababları çox dadlıdır, amma yenə də Türkiyə və Azərbaycan əleyhinə fəaliyyətləri davam etdirirlər. Türkiyə ilə sərhədlərin açılmasına sanki nail olublarmış kimi, Azərbaycanın maraqlarını yenə də kənara qoymağa, öhdəliklərin icrasından yayınmağa çalışırlar. Bununla nəyəsə nail ola bilərlərmi?

- Yox, belə bir şey qətiyyən mümkünsüzdür! Bu siyasət qəti şəkildə yanlışdır. Çünki Türkiyə dövlət başqanı, Türkiyənin Xarici İşlər Nazirliyi hər açıqlamasında əldə olunmuş anlaşmanın Ermənistan tərəfindən doğru dəyərləndirilməsi xəbərdarlığını edirlər. Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, əsas məsələ Azərbaycanın irəli sürdüyü şərtlərin Ermənistan tərəfindən qeyd-şərtsiz şəkildə həyata keçirilməsidir.

 - İlkin şərt Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Azərbaycan hər zaman Ermənistana bu barədə xatırlatma edir və sülh sənədinin imzalanmasının ilkin şəri məhz budur. Bəs Türkiyədə niyə Türkiyəyə qarşı ərazi iddiaları məsələsi o qədər də aktual deyil? Axı, Ermənistan Konstitusiyasında təkcə Azərbaycan ərazilərinə deyil, “Qərbi Ermənistan” adlandırdıqları qardaş Türkiyənin vilayətlərinə də iddialar əksini tapır...

- Burada başqa faktorlar var. Türkiyə bir imperatorluğun davamı olan dövlətdir və Türkiyə içərisində də fərqli güclər, fərqli etnik kimliklər var. Amma həssasiyyəti olan Türk dünyası ilə bağlı məfkurəsi olan insanlar tərəfindən bu, ciddi narazılıqla qarşılanmaqdadır.

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR