İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər 10 diabet xəstəsindən 6-sı qadındır – SƏBƏB

Azərbaycanda diabet xəstələrinin böyük əksəriyyətini 30 yaşdan yuxarı şəxslər təşkil edir. Rəsmi statistika göstərir ki, bu xəstəlikdən əziyyət çəkənlərin əksəriyyəti qadınlardır, eyni zamanda xəstələrin 90 faizdən çoxunda insulinasılı olmayan diabet növü aşkarlanıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə qeydiyyatda olan 344 min 577 diabet xəstəsinin 27 min 326 nəfəri insulinasılı, 317 min 251 nəfəri isə insulinasılı olmayan şəkərli diabetdən əziyyət çəkir. Beləliklə, diabet xəstələrinin təxminən 92 faizi insulinasılı olmayan diabet növünə malikdir.

Şəkərli diabet: Şəkər xəstəliyinin əlamətləri və müalicəsi - Endokrinoloq  Dr. İlkin Əhmədli

Cins bölgüsü də diqqət çəkir. Hazırda 191 min 285 qadın və 153 min 292 kişi diabet diaqnozu ilə qeydiyyatdadır. Bu isə o deməkdir ki, Azərbaycanda qeydiyyatda olan hər 10 diabet xəstəsindən təxminən 6-sı qadın, 4-ü isə kişidir.

Yaş qrupları üzrə göstəricilər xəstəliyin əsasən yetkin yaşlarda geniş yayıldığını ortaya qoyur. Belə ki, 30 yaş və yuxarı şəxslər arasında diabet diaqnozu ilə qeydiyyatda olanların sayı 334 min 948 nəfərdir. Bu, bütün diabet xəstələrinin 97 faizindən çoxunu təşkil edir.

Şəkərli diabet həyat keyfiyyətinə ciddi təsir göstərən, yaranma səbəbləri əsasən məlum olan, lakin tam sağalması mümkün olmayan xroniki xəstəliklərdən biridir.

Bəs niyə diabet qadınlarda daha çox qeydə alınır?


Səhiyyə Nazirliyinin keçmiş baş endokrinoloqu Babək Salek Musavat.com-a bildirib ki, diabetin qadınlarda daha çox qeydə alınması cins amili ilə deyil, demoqrafik göstəricilərlə bağlıdır. "Ümumilikdə dünyada qadınların sayı kişilərdən çoxdur. Buna görə də diabet xəstələri arasında qadınların sayının nisbətən yüksək olması təbiidir. Yəni diabet baxımından qadın cinsi ayrıca risk faktoru hesab olunmur. Hətta bəzi ölkələrdə əksinə, kişilər arasında diabet daha çox yayılıb", - deyə həkim bildirib.

Onun sözlərinə görə, son illərdə diabet xəstələrinin sayının artmasının bir neçə əsas səbəbi var. Bunlardan biri insanların ömür uzunluğunun artmasıdır. "Əvvəllər 50 yaş qocalıq hesab olunurdu. Bu gün isə insanlar 80-90 yaşa qədər yaşayırlar. Yaş artdıqca diabet, onkoloji və digər xroniki xəstəliklərin rastgəlmə tezliyi də yüksəlir", - deyə mütəxəssis vurğulayıb.

Обнародовано число больных сахарным диабетом в Азербайджане - АЗЕРТАДЖ

Babək Salek bildirib ki, urbanizasiya, hərəkətsiz həyat tərzi və qeyri-sağlam qidalanma da diabetin yayılmasına ciddi təsir göstərir: "İnsanlar kənd təsərrüfatından uzaqlaşıb şəhərlərdə yaşamağa başlayıblar. Fiziki aktivlik azalıb, fast-food və yüksək karbohidratlı qidaların istehlakı isə artıb. Uşaqlar da əvvəlki kimi açıq havada oynamır, vaxtlarının böyük hissəsini telefon və kompüter qarşısında keçirirlər. Bütün bunlar diabet riskini artırır".

Həkim qeyd edib ki, xəstələrin sayının artmasının digər mühüm səbəblərindən biri də müalicə imkanlarının inkişaf etməsidir.

"Əvvəllər diabetdən yaranan ağırlaşmalar, xüsusilə infarkt və insult səbəbindən xəstələr daha tez həyatını itirirdi. İndi isə müasir dərmanlar, insulin preparatları və ürək-damar cərrahiyyəsinin inkişafı sayəsində diabet xəstələri daha uzun yaşayırlar. Mövcud xəstələrə hər il yeni diaqnoz qoyulan insanlar əlavə olunduğu üçün ümumi statistika da artır", - deyə o izah edib.

Mütəxəssis vurğulayıb ki, artıq çəki əsasən 2-ci tip diabet üçün ciddi risk faktorudur. "İkinci tip diabetdə piylənmə və artıq çəki insulinə qarşı müqavimətin yaranmasına səbəb olur. Nəticədə qanda şəkərin səviyyəsi yüksəlir və diabet inkişaf edir. Bununla belə, normal çəkili insanlarda da 2-ci tip diabetə rast gəlinə bilər", - deyə həkim bildirib.

Hormonal dəyişikliklərə gəlincə, Babək Salmanov qeyd edib ki, qadınlarda hamiləlik dövründə gestasion diabet yarana bilər. Bundan başqa, menopauzadan sonra baş verən bəzi hormonal dəyişikliklər də müəyyən təsir göstərə bilər. Lakin ümumilikdə qadınlarda diabetin daha çox müşahidə olunmasını yalnız hormonal səbəblərlə izah etmək düzgün deyil.

İrsiyyətin rolundan danışan həkim bildirib ki, genetik meyillilik diabet üçün mühüm risk amillərindən biridir.

"Valideynlərdən birində diabet varsa, övladlarda bu xəstəliyin yaranma ehtimalı artır. Əgər həm ata, həm də anada diabet mövcuddursa, risk daha da yüksəlir və bəzi hallarda təxminən 50 faizə çata bilər. Ancaq bu, xəstəliyin mütləq inkişaf edəcəyi anlamına gəlmir. Sadəcə həmin şəxslər daha diqqətli olmalı, sağlam həyat tərzi sürməli və mütəmadi müayinədən keçməlidirlər", - deyə o qeyd edib.

Həkimin sözlərinə görə, diabet xəstələrinin gündəlik həyatında ən vacib məqamlardan biri müntəzəm fiziki aktivlikdir. "İdman zalında həftədə bir dəfə iki saat məşq etməkdənsə, hər gün piyada gəzmək daha faydalıdır. Gündəlik 5-8 min addım atmaq, üzgüçülüklə məşğul olmaq və ümumiyyətlə, aktiv həyat tərzi sürmək diabetin nəzarətdə saxlanmasına kömək edir", - deyə mütəxəssis bildirib.

Qidalanma ilə bağlı isə o vurğulayıb ki, tez mənimsənilən karbohidratlardan - şəkərdən, şirin qazlı içkilərdən və şirniyyatlardan mümkün qədər uzaq durmaq lazımdır. Əvəzində tərəvəzlərə, aşağı glikemik indeksə malik məhsullara üstünlük verilməlidir.

"İnsulin qəbul edirəmsə, istədiyim hər şeyi yeyə bilərəm düşüncəsi yanlışdır. Dərman müalicəsi mütləq düzgün pəhriz və sağlam qidalanma ilə müşayiət olunmalıdır. Əks halda qan şəkərinin həddindən artıq enməsi - hipoqlikemiya baş verə bilər ki, bu da həyati təhlükə yaradan vəziyyətdir", - deyə Babək Salek əlavə edib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR