İnsanlara hürriyət, millətlərə istiqlal!

Hamı Moskvadan qaçır, yoxsa hamı Moskvaya qaçır?

Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd 2024-cü ilin dekabrında Dəməşqdən Moskvaya qaçaraq burada siyasi sığınacaq aldı. Moskva bunu humanitar əsaslarla təmin etdiyini açıqladı.

ABŞ başına torba keçirərək oğurladığı Venesuela lideri Maduroya da ölkəni tərk Rusiyaya getməyi təklif etdiyi deyilirdi. Bu plan Maduroya rejimi sakit şəkildə tərk edib siyasi sığınacaq tapmaq üçün təqdim edilmiş sülh yolu kimi göstərilirdi.

Etiraz aksiyaları keçirilən İranda bu ölkənin ali dini lideri Ayətullah Əli Xamnei üçün də “Rusiyaya qaçış” planı hazırlandığı açıqlanıb. Britaniya mənbələri iddia edib ki, İran rejimi Xamneinin Rusiyaya qaçış planı hazırlayıb. İddia olunur ki, əgər İran daxilində kütləvi etirazlar daha da güclənərsə və təhlükəsizlik qüvvələri çökərsə, Xamnei və yaxın çevrəsi Moskvaya üz tutacaq.

Bəşər Əsəd Moskvada — Nə işlə məşğuldur?

Nəhayət, Ermənistan hökuməti ilə kilsə arasında siyasi qarşıdurmaların daha da kəskinləşdiyi bu günlərdə II Qareginin başının dəstəsi ilə Moskvaya qaçış planı olduğu iddia edilir. Məlumatlarda deyilir ki, hazırkı katolikosun başına nə gəlsə də, o, məğlubiyyətini etiraf etməyəcək və özünü kilsənin qanuni rəhbəri hesab edəcək. Hələ payızda erməni KİV-ləri yazırdı ki, erməni kilsəsinin rəhbərliyi lazım gələrsə Moskvaya sığınacaq. Və sadəcə qaçmayacaqlar, hətta Rusiyada alternativ dini mərkəz yaradacaqlar.

Sərt sanksiyalar altında olan Rusiya “sığınacaq” üçün niyə belə cəlbedicidi, yoxsa bu Moskvaya qarşı düşünülmüş planın tərkib hissədir?

Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, adıçəkilən liderlərin Rusiyadan başqa sığınacaq yeri yoxdur:

"Əvvəlcə, son hadisələrə baxanda İran ali rəhbərinə diqqət yetirək. Əgər rejim süqut etsə, Seyid Əli Xameneini kim qəbul edər? Hətta şiə İraqı da bağrına basmaz. Çünki İranla İraq arasında müharibə olub, üstəgəl, ciddi ideoloji soyuqluq var, ən nəhayət isə bu ərəb ölkəsi ABŞ təsiri altındadır. Eyni sözləri bir çox müsəlman ölkələri haqda söyləmək olar. Ona görə ya gərək Yəmənə, Fələstinə, “Hizbullah”ın olduğu Livana qaçsın, hərgah burada da zəmanət yoxdur, ya da Rusiya dövlətinə sığınsın. Necə ki Yanukoviç, Əsəd, Mütəllibov Moskvanı seçdi. Rusiya müharibə şəraitində olsa da, avtoritar rejimlərin liderləri üçün yeganə sabit ocaqdır. Yəni söhbət avtoritar rejimlərə aiddir. Hansı demokratik ölkə prezidenti Rusiyadan kömək istəyər? Rusiya ona müttəfiq olan, eyni blokda yer alan liderləri qəbul edir".

II Qareginin istefası erməni ictimaiyyətinin qəti tələbidir

Q.Hüseynli Maduro, Qaregin və Xameneini birləşdirən cəhətin Rusiya ilə möhkəm əlaqələr olduğunu düşünür. Onun zənnimcə, Qərblə qarşıdurma onları müttəfiqə çevirib, ən pis halda isə Rusiyaya qaçırlar: "Rusiya diktatorların son qalasıdır. Əgər Qərb o qalanı dağıda bilsə, Rusiya onlar üçün etibarlı məkan olmayacaq, beynəlxalq tribunala çıxarılacaqlar. Eynilə keçmiş erməni prezidentlər də Putinin ölkəsinə sığınacaq kimi baxır. Odur ki, Rusiyada dəyişiklik olmasa gələcəkdə belə nümunələr çox görə bilərik. Diktatorlar yalnız onları himayə edənlərə sığına bilər, bunun əksi isə ədalətli idarəçiliklə xalqa sığınmaqdır...”

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR