Onlayn ictimai-siyasi qəzet
1992-ci ildə İsveçrə Alp dağlarında itkin düşmüş iki belçikalı alpinistin cəsədi 34 ildən sonra İtaliya ilə sərhəd yaxınlığında, əriyən Trift buzlağında tapılıb.
Musavat.com "Euronews"a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Vale kantonunda dəqiqləşdirilib ki, iyulun 26-da bir turist tərəfindən aşkar edilən qalıqlar şəxsiyyətin müəyyənləşdirilməsi üçün Syeon şəhərindəki Vale kanton xəstəxanasının Məhkəmə Tibb İnstitutuna gətirilib.
"DNT profillərinin birbaşa müqayisəsi rəsmi olaraq təsdiqlədi ki, bunlar 1992-ci ildə Vayssmis bölgəsində itkin düşən iki alpinistdir", - polisin məlumatında deyilir.
1992-ci il sentyabrın 4-də iki nəfər 4017 metr hündürlükdə olan Vayssmis zirvəsinə qalxmaq niyyəti ilə Vayssmis sığınacağından çıxıb. Onlar Almagel sığınacağına qədər çatıblar. Kəskin pisləşən hava şəraitinə düşən alpinistlər məqsədlərinə çata bilməyiblər.
Sonrakı aylarda keçirilən bir neçə axtarış əməliyyatı zamanı çanta tapılsa da, alpinistlərin özlərini aşkar etmək mümkün olmayıb.
İqlim dəyişikliyinin buzlaqların əriməsini sürətləndirməsi nəticəsində çəkilən buz kütlələri illər, hətta onlarca il əvvəl yoxa çıxan alpinistlərin qalıqlarını tez-tez üzə çıxarır. Keçən il 1994-cü ildə itkin düşmüş isveçrəli alpinistin qalıqları da Vale kantonunda, Ober-Qabelhorn dağının buzlağında tapılıb.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ