İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda Xankəndi müzakirələri – Qayıdırlar?

“Ermənistan hakimiyyəti Qarabağı tərk etmiş ermənilərin qayıdışını dəstəkləmir”. Ermənistan parlamentinin sədri Ruben Rubinyan belə deyib. Onun sözlərinə görə, hazırda əsas məqsəd mövcud vəziyyəti qəbul etmək və uzunmüddətli sülhə nail olmaqdır.
İqtidar partiyasından deputatı Sarqis Xandanyan da erməni müxalifətini tənqid edib. O, Qarabağdan danışan müxalifləri Xankəndidə qalmayaraq, qaçmaqda ittiham edib. Xandanyan deyib: “Madam Qarabağı bu qədər çox sevirsiniz, orta məktəblərin dərdini çəkirsiniz, o zaman Xankəndidə qalıb, orada uşaqlarınızı niyə məktəbə göndərmədiniz?”
Qeyd edək ki, baş nazir Paşinyan da qayıdış məsələsinə son qoyulduğunu bəyan edib. Lakin müxalifət və separatçılar bu mövzunu tez-tez gündəmə gətirir.
2026-cı ilin məlumatına görə, Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana köçmüş şəxslərdən təqribən 39 min 650 nəfəri Ermənistan vətəndaşlığını qəbul edib. Onların 27 948 nəfəri yetkinlik yaşına çatmış şəxslər, 12 354 nəfəri isə azyaşlılardır.
Bəs son açıqlamalardan bu məsələnin qapandığı qənaətinə gəlmək olarmı, yoxsa gələcəkdə onların qayıdışı ilə bağlı qlobal prosesin başlanması ehtimalı var?

Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a bildirib ki, Qarabağdan könüllü köçən ermənilər həm Ermənistanın daxilindəki qruplar, həm xaricdəki erməni mərkəzləri, həm də bəzi “beynəlxalq” təşkilatlar, bəzi dövlətlər tərəfindən bir süni kart kimi hələ uzun müddət istifadə olunacaq:“Çalışacaqlar ki, həmin ermənilərdən öz məqsədləri üçün alət kimi istifadə eləsinlər. Əsasən də Azərbaycanı sevməyən ölkələr Qarabağdan könüllü köçmüş erməniləri Azərbaycana təzyiq vasitəsi kimi istifadə eləməyə çalışacaqlar. Diqqət edirsinizsə həm Ermənistanın daxilində bəzi qruplar, siyasətçilər, həm də xaricdəki erməni mərkəzləri, bəzi dövlətlərin təmsilçiləri, bəzi təşkilatlar vaxtaşırı bu məsələni süni şəkildə gündəmə gətirirlər. Bütün bu kimi addımlar Azərbaycana təzyiq üçün edilir. Amerikada və digər bəzi ölkələrdəki müəyyən siyasətçilər isə erməni diasporundan pul aldıqları üçün Qarabağdan könüllü köçmüş ermənilərin qayıdışı məsələsini hərdən qaldırıb aldıqları pulun qarşılığını verdiklərini göstərməyə çalışırlar. Belə qruplar və şəxslər daim vəsait əldə etmək üçün həmin ermənilərin məsələsini gündəmdə saxlamaq istəyirlər və bundan sonra da edəcəklər”.
A.Nağı qeyd edib ki, Azərbaycan bu tendensiyanı daim nəzarətdə saxlamalı və istənilən cəhdi zərəsizləşdirməlidir. Onların ortaya atdıqları tezislərə qarşı faktlarla əks arqumentlər ortaya qoymalıyıq: “Biz bu məsələdə daim aktiv olmalıyıq”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR