Onlayn ictimai-siyasi qəzet
Azərbaycan müxalifətinin Rusiya siyasi dairələri ilə münasibətləri uzun illərdir müzakirə mövzusudur. Xüsusilə Rusiyada Vladimir Putinin hakimiyyətinə qarşı çıxan liberal qüvvələrlə Azərbaycan müxalifəti arasında müəyyən dövrlərdə baş tutmuş görüşlər diqqət çəkir. Bu sırada Rusiyanın liberal “Yabloko” partiyası xüsusi yer tutur.
Məsələ ondadır ki, müxtəlif illərdə Azərbaycan müxalifət partiyalarının nümayəndələri Rusiyanın liberal müxalifəti ilə görüşlər keçirib, siyasi prosesləri, demokratiya və insan hüquqları məsələlərini müzakirə ediblər.
Məsələn, 2015-ci ildə Müsavat Partiyasının başqanı Arif Hacılı Brüsseldə “Yabloko”nun rəhbəri Sergey Mitroxinlə görüşüb. Görüşdə Azərbaycandakı siyasi vəziyyət, demokratik islahatlar, insan hüquqları və digər məsələlərin müzakirə edildiyi açıqlanmışdı. Müsavatın Avropa liberal strukturlarına inteqrasiyası da bu mənzərəni tamamlayır. Partiyanın beynəlxalq əlaqələri əsasən Avropanın liberal-demokratik siyasi ailəsi ilə qurulub. “Yabloko” ilə təmasların bir hissəsi də məhz bu beynəlxalq platformalar üzərindən baş verib.
Rusiya–Ukrayna müharibəsi, Moskva ilə Qərb arasında qarşıdurmanın dərinləşməsi və Rusiyada siyasi müxalifətə qarşı təzyiqlərin artması “Yabloko”nun da fəaliyyət göstərdiyi siyasi mühiti kökündən dəyişib. Partiya Ukraynaya qarşı müharibəyə etiraz edən əsas rus siyasi qüvvələrindən biri kimi çıxış edib.
Belə bir şəraitdə Azərbaycan müxalifətinin “Yabloko” ilə əvvəlki dövrlərdəki təmasları daha çox tarixi-siyasi fakt kimi görünür. Açıq mənbələrdə son illərdə Azərbaycan müxalifəti ilə “Yabloko” arasında əvvəlki intensivlikdə sistemli siyasi əməkdaşlığın davam etdiyini göstərən məlumat yoxdur. Bəs, onların seçkiyə buraxılmamasına Azərbaycan müxalifətinin mövqeyi necədir?

AĞ Partiyanın sədri Tural Abbaslı Musavat.com-a bildirib ki, hər bir partiyanın əsas işi ölkədaxili siyasət olmalıdır: “Təbii bu o demək deyil ki, qonşu dövlətlərdəki proseslərə reaksiya vermək olmaz. Amma hazırda elə vəziyyətdəyik ki, bu dəqiqə biz Rusiyanın daxili siyasətinə müdaxilə edəcək gücdə deyilik. Təsir rıçağı kimi iqtidar partiyası Rusiyanın daxilində siyasi partiyalarla bağlı gedən proseslərə münasibət bildirə bilər. Lakin o zaman da Rusiya Azərbaycanın daxilindəki siyasi hadisələrə müdaxilə edəcək. Mənim özümün mövqeyimə gəldikdə, mən Rusiyada daxildə siyasi vəziyyətin qarışmasının xeyirimizə olduğunu düşünürəm. “Yabloka”nın seçkilərə buraxılmaması ölkənin daxilində siyasi gərginliyi biraz da artırır. Rusiyanın başı nə qədər özünə qarsısa bir o qədər yaxşıdır. Başı özünə qarsısın ki, qonşu dövlətlərə qarşı addımlar ata bilməsin. Bizim üçün Rusiyada hansısa partiyanın seçkiyə buraxılıb-buraxılmamasının elə bir əhəmiyyəti yoxdur. Beynəlxalq dəyərlər, beynəlxalq demokratiya və insan haqları kimi nağılların geridə qaldığını düşünürəm”.

REAL Partiyasının sədri Natiq Cəfərli isə bildirib ki, bütün müxalifətin münasibəti eyni olmaya, partiyaların fərqli münasibəti ola bilər: “Şəxsən bizim mövqeyimiz belədir ki, dünyanın harasında olursa olsun qanunlar çərçivəsində fəaliyyət göstərən siyasi partiyalar istənilən halda seçkidə iştirak etməlidir. Seçkilərin partiyalar tərəfindən boykot olunması da doğru deyil. Çünki partiyanın mövcudluğu seçkilərdə iştirak etmək və hakimiyyətə gəlmək üçündür. İstər Rusiyada, istər bir sıra Avropa ölkələrində son zamanlar çox pis tendensiya yaranıb ki, partiyaları və şəxsləri məhkəmə qərarları ilə seçkilərdən kənarda qoyurlar. Məsələn Rumıniyada prezidentliyə namizədi məhkəmə qərarı ilə seçkidən uzaqlaşdırdılar. Halbu ki, reytinqlərdə birinci yerdəydi. Siyasi partiyanın və namizədin seçkiyə müxtəlif bəhanələrlə buraxılmaması kökündən yanlışdır”.
“Yabloko” ilə bir zamanlar əlaqələri olan partiyalar isə indi susurlar, mövqe bildirmirlər.
Etibar Seyidağa,
Musavat.com
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ