İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan separatizm səhifəsini qapadır: "Dördüncü Respublika" sülhə söykənəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin tarixində yeni mərhələnin – “Dördüncü Respublika” dövrünün başlandığını bəyan edib. Onun sözlərinə görə, əvvəlki dövlət modeli münaqişə və “tarixi ədalətin bərpası” məntiqi üzərində qurulmuşdusa, yeni Ermənistanın əsas ideologiyası sülh olacaq.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan avqustun 20-də hökumətin beşillik proqramının təqdimatı zamanı bu barədə danışıb. Baş nazir bildirib ki, onun irəli sürdüyü “Real Ermənistan” ideologiyası artıq Ermənistan Respublikasının rəsmi ideologiyasına çevrilib. Paşinyanın fikrincə, 7 iyun 2026-cı il seçkilərində də məhz bu siyasi xətt qalib gəlib.

“Üçüncü Respublika münaqişə məntiqinə uyğun yaradılmışdı, Dördüncü Respublika isə sülh məntiqi əsasında formalaşacaq”, – Paşinyan bildirib. O, Üçüncü Respublikanın ideoloji əsaslarından birinin “tarixi ədalətin bərpası”, bunun praktiki istiqamətlərindən birinin isə Qarabağ hərəkatı olduğunu açıq şəkildə etiraf edib. Onun sözlərinə görə, Ermənistanın yaşlı və orta nəsil siyasi xadimlərinin əhəmiyyətli hissəsi məhz Qarabağ hərəkatından çıxıb.

Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının 2021-ci il seçki proqramının da həmin ideologiyanın təsiri altında hazırlandığını xatırladıb. O, həmin proqramda Şuşa və Hadrutun “azad olunması” ilə bağlı müddəaların yer aldığını da etiraf edib. Lakin Paşinyana görə, elə 2021-ci il seçkiləri zamanı özü üçün əsas siyasi vəzifənin artıq sülh gündəliyi olduğunu anlayıb.

Baş nazir bununla faktiki olaraq Ermənistanın əvvəlki onilliklərdəki Qarabağ mərkəzli dövlət ideologiyasından uzaqlaşaraq yeni siyasi konsepsiyaya keçdiyini bəyan edib. Paşinyan, eyni zamanda, yeni hökumət proqramının 2018-ci ildə başlayan “inqilabi” gündəliyi davam etdirəcəyini bildirib. O hesab edir ki, qarşıdakı beş ildə demokratik, antikorrupsiya və iqtisadi islahatlar davam etdirilməli və bu prosesə yeni impuls verilməlidir.

Beləliklə, Paşinyan yeni hökumətin fəaliyyətə başlamasını sadəcə hakimiyyətin növbəti beşillik proqramı kimi deyil, Ermənistanın “Üçüncü Respublika”dan “Dördüncü Respublika”ya keçidi və Qarabağ münaqişəsi üzərində qurulmuş siyasi modeldən sülh modelinə dönüş kimi təqdim edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR