Onlayn ictimai-siyasi qəzet
Son illərdə Bakı kriminal mühiti və XX əsrin əvvəllərində baş verən ictimai-siyasi proseslər ətrafında müxtəlif tədqiqatlar və publisistik versiyalar yenidən gündəmə gəlir. Xüsusilə çar Rusiyası dövrünün həbsxana sistemi, bolşeviklərin Bakı fəaliyyəti və o dövrün qoçu dünyası ilə bağlı rəvayət xarakterli hekayələr geniş müzakirə olunur.
Bu kontekstdə tədqiqatçı-alim Zaur Əliyevin arxiv sənədlərinə istinadla təqdim etdiyi material diqqət çəkir.
Onun yazdığına görə, ötən əsrin əvvəllərində Məşədi Kazım ad-soyadlı bakılı Polşa, Sankt-Peterburq və Bakının cinayət aləmində kriminal liderlərindən biri olub. “Onun adı həm çar Rusiyasının gizli polis orqanlarının hesabatlarında, həm də dövrün siyasi xadimlərinin xatirələrində keçir. Məşədi Kazım ətrafındakı insanlarda böyük vahimə yaradan bir obraz olub. Onun haqqında xatirələrdə və ya arxiv sənədlərində fiziki gücündən çox, soyuqqanlılığı və amansızlığı vurğulanır”, - Z.Əliyev yazır.
Araşdırmaçının yazdığına görə, Sankt-Peterburqun məşhur “Krestı” həbsxanasında özünə ad-san qazanan Məşədi Kazımla o dövrün cinayət aləmində və inqilabi dairələrdə Koba, yaxud “Kürən Coşka” adı ilə tanınan İosif Stalinin yolu Bakıda, Bayıl türməsində kəsişib. Stalin 1908-10-cu illərdə Bakıda bolşevizm təbliğatını aparmaqla yanaşı, cinayət işləri ilə də məşğul olub. “Milyonçu Musa Nağıyevin oğurlanması, poçt qatarlarının və neft mədənlərinin soyulması Stalinin dəstəsi ilə əlaqələndirilir.Məşədi Kazım bunu eşidir və gürcü oğrunu öldürmək qərarına gəlir”.
Əhvalatın mabədində göstərilir ki, həmin vaxt Bayıl türməsində cəza çəkən İosif Cuqaşvili həbsxananın həyətində gəzəndə Məşədi Kazım ona yaxınlaşır və anbarın arxasına aparır. Həmin dövrdə həbsxanada siyasi fəaliyyətinə görə cəza çəkən Məhəmməd Əmin Rəsulzadə də orada olur və hadisəyə şahidlik edir.
Məşədi Kazım Stalini hündür divara sıxıb ona bıçaq zərbəsi endirmək istəyir. Lakin Rəsulzadənin müdaxiləsi ilə bu addımın qarşısı alınır. O, qatilə müraciət edərək vəziyyəti yumşaltmağa çalışır və nəticədə Stalin öldürülmür.
Həbsdən sonra Rəsulzadə Stalini öz kəndlərinə, Novxanıya aparııb və qonaq edib.
Rəsulzadənin Stalini xilas etməsinə dair daha versiya da var. Hiddətlənmiş və ya öyrədilmiş fəhlələr onu neft quyusuna atmaq istəyərkən Rəsulzadə müdaxilə edir və Stalini ölümdən qurtarır.
Bu versiyaların hansı həqiqətə daha yaxındır, əlavə araşdırma tələb edən işdir, amma orası yəqindir ki, Stalin Bakıda fəaliyyət göstərdiyi illərdə azı iki dəfə labüd ölümdən xilas edilib və bunun ən azı biri Rəsulzadənin sayəsində baş verib. Stalin özünü AXC-nin qurucusuna borclu hesab etdiyindəndir ki, 1920-ci ildə Rəsulzadə Lahıcdan qayıdarkən inqilab komitəsi tərəfindən Qaraməryəmdə həbs olunanda Stalin onu azad etdirib və özü ilə Moskvaya aparıb, yaşayış yeriylə və vəzifə ilə təmin edib.
İosif Stalinin Məhəmməd Əmin Rəsulzadə ilə 1908-ci ildə Bayıl həbsxanasında tanış olması versiyası həqiqətə yaxındır. O zaman onların ikisi də həbsxanada cəza çəkib. Qayoz Nijedze adıyla Bakıya gələn Stalin 25 mart 1908-ci ildə həbs edilib, 1908-ci ilin noyabrında Voloqda quberniyasına iki il sürgünə məhkum edilib və 1909-cu ilin əvvəllərində sürgünə göndərilib. Daha sonra o, yenidən Bakıya qayıdıb. Onu da qeyd edək ki, Stalinin ikinci həyat yoldaşı Nadejda Alliluyeva da Bakıda doğulub böyüyüb.
Haqqında təfərrüatlı bilgi olmayan Məşədi Kazımın sonrakı taleyi naməlumdur. Lakin güman olunur ki, o, 1917-ci ildə azadlığa çıxıb və sovet hakimiyyətinin ilk illərində öldürülüb.
E.Məmmədəliyev,
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ