Onlayn ictimai-siyasi qəzet
“MTN işi” ilə bağlı adı ən çox hallanan keçmiş generallardan biri – Milli Təhlükəsizlik Nazirliyinin (MTN-2015-ci ildə ləğv olunub - E.M) Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev 10 il 6 aylıq həbs müddətini başa vuraraq azadlığa çıxıb.
Bir vaxtlar ölkənin ən güclü xüsusi xidmət strukturlarından birində rəhbər vəzifə tutan, ən məxfi əməliyyatlara rəhbərlik edən generalın həyat yolu dövlət təhlükəsizliyinin zirvəsindən cəzaçəkmə müəssisəsinə qədər uzandı. Onun azadlığa çıxması “MTN işi” ilə bağlı illərdir davam edən müzakirələri yenidən gündəmə gətirib.

MTN əməliyyatı ölkəni necə silkələmişdi?
2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyətinə qarşı genişmiqyaslı əməliyyat-istintaq tədbirləri gerçəkləşdirildi. Uzun illər ölkənin ən qapalı strukturlarından biri hesab olunan MTN-də baş verən qanunsuzluqların miqyası cəmiyyətdə ciddi rezonans doğurdu. İstintaq materiallarında yer alan, sonradan məhkəmə hökmləri ilə təsdiqlənən dosyelərdən aydın oldu ki, millətin təhlükəsizliyini təmin etməli bu şəxslər gerçəkdə özləri təhlükə mənbəyi imiş. MTN-də ayrı-ayrı idarələrə rəhbərlik edən, general rütbəsi daşıyan bu şəxslər tabeliklərindən olan vəzifəli şəxslərdən ibarəıt mütəşəkkil cinayətkar quldur dəstə yaradıblar. Həmin dəstələr dövlətin gücündən Azərbaycan vətəndaşlarına, sahibkarlara qarşı istifadə edib, təzyiq göstərib, qanunsuz həbslər həyata keçirib, külli miqdarda vəsait tələb edib alıblar. Bunun üçün insanları qanunsuz olaraq azadlıqdan məhrum edib və müxtəlif əmlaklarını ələ keçiriblər. Bəzi vətəndaşlar təzyiqlərə dözməyib intihar edib, bəziləri keçirdikləri ağır sstresdən sonra həyatla vidalaşıblar. 2015-ci ildə istintaqa cəlb edilənlər arasında MTN-in Antiterror Mərkəzinin rəisi general-mayor Elçin Quliyev də vardı. Lakin onu digərilərindən fərqli olaraq həbs etməmişdilər. MTN akademiyasına müəllim olaraq göndərmişdilər.
Elçin Quliyevə qarşı hansı ittihamlar irəli sürülmüşdü?
Məhkəmə materiallarına görə, Elçin Quliyev və onun tabeliyində olan bir qrup əməkdaş sahibkarların və iş adamlarının qanunsuz şəkildə saxlanılması, onlardan milyonlarla manat tələb olunması, hədə-qorxu yolu ilə əmlaklarının alınması kimi əməllərdə təqsirli biliniblər. İttihamlar sırasında mütəşəkkil dəstə tərkibində quldurluq, hədə-qorxu ilə tələb etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz azadlıqdan məhrum etmə, rüşvət alma, mütəşəkkil cinayətkar qrup yaratma və digər ağır cinayət əməlləri yer alırdı. Məhkəmə araşdırmaları zamanı onlarla zərərçəkmiş ifadə vermişdi. İş adamları milyonlarla manat və əmlaklarının əllərindən alındığını iddia edirdilər. Məhkəmə Elçin Quliyevi təqsirli bilərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi.

Bir zamanların ən qorxu mərkəzi
Antiterror Mərkəzi MTN-in ən mühüm və xüsusi səlahiyyətli qurumlarından biri hesab edilirdi. Bu struktur terrorçuluqla mübarizə, xüsusi əməliyyatların keçirilməsi və strateji təhlükəsizlik tədbirlərinin icrası ilə məşğul olurdu. Elçin Quliyev uzun illər həmin quruma rəhbərlik edib. Məhz buna görə onun həbsi cəmiyyətdə xüsusi rezonans yaratmışdı. Çünki ittiham olunan şəxs sıravi zabit deyil, ölkənin təhlükəsizlik sistemində mühüm mövqe tutmuş general idi.
Müavin İlqar Əliyevin müəmmalı sonu
“MTN işi” ilə bağlı ən çox müzakirə olunan hadisələrdən biri də Antiterror Mərkəzində Elçin Quliyevin müavini olmuş polkovnik İlqar Əliyevin ölümüdür. O Elçin Quliyevdən öncə həbs olunmuşdu. 2015-ci ilin dekabrında İlqar Əliyevin asılmış meyiti saxlanıldığı Bakı İstintaq Təcridxanasındakı kamerada aşkarlandı. Rəsmi məlumata görə, İlqar Əliyev özünü asaraq intihar etmişdi. Ancaq onun ölümü ətrafında müxtəlif versiyalar səsləndirildi. Ailəsi və yaxınları uzun müddət intihar versiyasına şübhə ilə yanaşdı. Mətbuatda və sosial şəbəkələrdə onun ölümünün səbəbləri barədə çoxsaylı müzakirələr aparıldı. Həmin günlərdə Elçin Quliyev azadlıqda idi və İlqar Əliyevin dəfn mərasiminə qatıldıqdan az sonra həbs olundu. İlqar Əliyevin vəfatı MTN işi üzrə ən müəmmalı məqamlardan biri kimi tarixə düşdü. Çünki o, istintaqın ən mühüm fiqurlarından sayılırdı və MTN-də baş verən proseslər barədə geniş məlumata malik olduğu düşünülürdü.
Quliyevin həbsxana həyatı
Elçin Quliyev cəzasını 9 saylı cəzaçəkmə müəssisəsində çəkib. “MTN işi” üzrə məhkum olunmuş bir sıra şəxslər sonradan müxtəlif səbəblərlə azadlığa buraxılsalar da, Elçin Quliyev cəzasını tam çəkən əsas fiqurlardan biri oldu. Bu da onun işinin digər məhkumlardan fərqli qiymətləndirilməsi barədə müzakirələrə səbəb olmuşdu.
“MTN işi” bağlanıb?
Aradan 11 ilə yaxın vaxt keçsə də, “MTN işi” hələ də Azərbaycanın ən böyük hüquqi-siyasi hadisələrindən biri hesab olunur. Bu iş üzrə onlarla zabit, general və yüksək vəzifəli şəxs məsuliyyətə cəlb edildi. 100 milyonlarla manatlıq qanunsuz əməliyyatlar, sahibkarlara qarşı təzyiqlər və insan hüquqlarının pozulması barədə iddialar məhkəmə qərarlarında əksini tapdı. Lakin bu gün də, həmin dövrdə baş verənlərin bütün detalları ictimaiyyətə açıqlanmayıb. Xüsusilə İlqar Əliyevin ölümü, MTN daxilindəki əlaqələr sistemi, müxtəlif biznes layihələri üzərində qurulduğu iddia edilən təsir mexanizmləri və bəzi yüksək çinli şəxslərin məsuliyyəti ilə bağlı suallar tam cavablandırılmayıb.
Azadlığa çıxan generalı nə gözləyir?
Elçin Quliyev artıq azadlıqdadır. Lakin onun adı Azərbaycan tarixinin ən böyük təhlükəsizlik qalmaqallarından biri ilə bağlı olaraq qalır. Bir vaxtlar terrorla mübarizəyə rəhbərlik edən general sonradan məhkəmə zalında müttəhim kürsüsünə əyləşdi, 10 ildən çox ömrünü həbsxanada keçirdi və indi azadlığa çıxdı. Onun azadlığa çıxması MTN işi ətrafında illərdir səngiməyən müzakirələri yenidən alovlandırıb.
E.Məmmədəliyev,
Musavat.com
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ