Onlayn ictimai-siyasi qəzet
Bu gün Gəncənin raket atəşinə tutulmasından 6 il ötür. 2020-ci il oktyabrın 4-də Ermənistan silahlı qüvvələri Gəncəni üç dəfə raket atəşinə tutdu. Nəticədə bir mülki şəxs həyatını itirdi, 32 nəfər yaralandı. Yaşayış evləri və avtomobillər dağıldı, şəhərin müxtəlif ərazilərinə ciddi ziyan dəydi.
Sonrakı günlərdə Gəncə yenidən raket hücumlarına məruz qaldı. Oktyabrın 11-də və 17-də törədilən hücumlar daha ağır nəticələrə səbəb oldu. Gəncə Vətən müharibəsi zamanı cəbhə xəttindən uzaqda olmasına baxmayaraq, raket zərbələrinin əsas hədəflərindən birinə çevrildi. Bu hücumlarla bağlı araşdırmaların gedişində Azərbaycan istintaq orqanları Arayik Harutyunyanın da məsuliyyətini müəyyənləşdirib.

1973-cü ildə Xankəndidə anadan olan Arayik Harutyunyan 2020-ci ildə Qarabağda fəaliyyət göstərən qanunsuz separatçı rejimin rəhbəri idi. Azərbaycan Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, onun tərəfindən Azərbaycan ərazisində təcavüzkar müharibənin aparılmasında iştirak, qanunsuz silahlı birləşmələrin yaradılması və fəaliyyətinin təşkili, terrorçuluğun maliyyələşdirilməsi, beynəlxalq humanitar hüquq normalarının pozulması və cinayətkar əmrlərin verilməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib. İstintaq materiallarında Harutyunyanın Gəncə və Bərdə rayonundakı yaşayış məntəqələri və mülki obyektlərə ballistik və digər raketlərlə zərbələr endirilməsi ilə nəticələnən terror hücumlarının təşkilində iştirakı da qeyd olunub.
Harutyunyan 2020-ci il oktyabrın 28-də təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarışa verilib.
Arayik Harutyunyanın uzun müddət gizlənməsi 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra sona çatdı. 2023-cü il oktyabrın 3-də Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Harutyunyan Xankəndidə saxlanıldı. Daha sonra Bakıya gətirilən Harutyunyana Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham elan edildi.

Gəncəyə raket zərbələrindən cəmi üç il sonra həmin hücumlarla bağlı ittiham olunan separatçı rejimin rəhbəri artıq Bakıda Azərbaycan məhkəməsi qarşısında idi.
Arayik Harutyunyanın məhkəmə prosesi 2025-ci ilin yanvarında başlayan və keçmiş separatçı rejimin bir sıra rəhbər şəxslərinin də təqsirləndirildiyi geniş cinayət işi çərçivəsində aparılıb.
5 fevral 2026-cı ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edilib. O, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, hakimiyyəti zorla ələ keçirmə və digər ağır cinayətlərdə təqsirli bilinib.

Harutyunyanla yanaşı, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan da ömürlük həbs cəzasına məhkum ediliblər. Digər təqsirləndirilən şəxslərə isə 15 ildən 20 ilədək həbs cəzaları verilib.
Gəncəyə raket zərbələri Vətən müharibəsi dövründə mülki əhalinin üzləşdiyi təhlükənin miqyasını göstərən hadisələrdən biri oldu. Cəbhə xəttindən uzaqda yaşayan insanların da müharibənin birbaşa hədəfinə çevrilə biləcəyi həmin günlərdə bir daha üzə çıxdı.
Şahanə Rəhimli
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ