Onlayn ictimai-siyasi qəzet
Fransa Avropa İttifaqı ilə Cənubi Amerika ölkələri (Merkosur) arasında imzalanmaqda olan ticarət müqaviləsinin əleyhinə səs verəcək.
Musavat.com xəbər verir ki, bu barədə qərarı prezident Emmanuel Makron ölkə fermerlərinin geniş etirazlarından sonra elan edib:
"Fransa Avropa Birliyi ilə Merkosur ölkələri arasında sazişin imzalanmasına qarşı səs vermək qərarına gəlib. Fransa beynəlxalq ticarəti dəstəkləyir, lakin Aİ-Merkosur sazişi başqa bir dövrün sazişini təmsil edir, köhnəlmiş prinsiplərə (1999-cu il mandatı çərçivəsində) əsaslanaraq çox uzun müddət danışıqlar aparılıb".
Beləliklə, Fransa müqaviləyə qarşı olan Polşa, Avstriya, Macarıstan və İrlandiyaya qoşulmuş olur.
Qeyd edək ki, onların mövqeyi 25 ildən çox davam edən danışıqlardan sonra yanvarın 12-də Paraqvayda Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin sazişi imzalamasına mane ola bilməyəcək. Lazımi sayda səsi təmin etmək üçün Avropa Komissiyası uzun müddətdir ki, sazişlə bağlı tərəddüdlər göstərən İtaliyadan qəti dəstək alıb və Parisin "blokçu çoxluq" yaratmaq ümidlərini puça çıxarıb.
Brüsseldə keçirilən brifinqdə Fransanın mövqeyini şərh edən AK sözçüsü Olof Gill müqavilənin hazırlanması prosedurunun Aİ demokratik normalarına tam uyğun olduğunu deyib. Üzv dövlətlər danışıqlar mandatını öz adından Avropa Komissiyasına həvalə ediblər. Saziş hazırlandıqdan sonra üzv dövlətlər və Avropa Parlamenti tərəfindən səsverməyə çıxarılır. Onlar da bu proseduru qəbul ediblər:
"Bu, fəaliyyətdə olan demokratiyadır. Aİ-yə bu və ya digər sektorda kənd təsərrüfatı istehsalçılarımıza və iqtisadi operatorlarımıza iqtisadi ziyan vuran zərərli idxal halında, sazişdə hər cür mümkün qorunma forması daxil edilib".
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ