Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyətini Moskva ilə münasibətlərin pisləşməsinə görə məsuliyyəti başqalarının üzərinə atmaqda ittiham edib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamenti direktorunun müavini Aleksey Fadeyev bildirib.
Onun sözlərinə görə, İrəvan mövcud problemləri Ermənistanın siyasi və iqtisadi sahələrdə alternativlər axtarması ilə izah etməyə çalışır.
Fadeyev qeyd edib ki, çoxvektorlu xarici siyasət yürütmək hər bir dövlətin hüququdur. Lakin onun fikrincə, anlayışlar dəyişdirilməməlidir.
"Əgər "diversifikasiya" kimi gözəl sözün arxasında Avrasiya inteqrasiyasından və ənənəvi müttəfiqdən uzaqlaşaraq Rusiyaya açıq şəkildə düşmən mövqe tutan Avropa İttifaqına yaxınlaşmaq dayanırsa, nəticə aydındır", – deyə Rusiya XİN rəsmisi bildirib.
Fadeyev Ermənistan məhsullarının Rusiyaya ixracı ilə bağlı yaranmış problemlərə də toxunub. O bildirib ki, bunun səbəbi Moskvanın tətbiq etdiyi məhdudiyyətlər deyil, məhsulların keyfiyyəti ilə bağlı məsələlərdir.
Rusiya XİN rəsmisi həmçinin Ermənistan hakimiyyətini Moskvaya qarşı "şantaj cəhdləri"ndə ittiham edib.
Onun sözlərinə görə, Ermənistanda Rusiyaya yaxın şəxslərə qarşı təqiblər aparılır, ölkədə fəaliyyət göstərən Rusiya şirkətlərinə qarşı təhdidlər səslənir və Kiyevlə yaxınlaşma istiqamətində addımlar atılır.
"Əgər İrəvan öz maraqlarının nəzərə alınmasını istəyirsə, Moskvanın da erməni tərəfdaşlarından analoji yanaşma gözləməsi tamamilə məntiqlidir", – deyə Fadeyev vurğulayıb.
O əlavə edib ki, hazırda Rusiya tərəfdə belə bir təəssürat formalaşıb ki, Ermənistan rəhbərliyi iki ölkə arasındakı münasibətlərə "bir istiqamətli küçə" kimi yanaşır.
Rusiya XİN nümayəndəsi sonda bildirib ki, nə Brüssel, nə London, nə də Paris Ermənistan iqtisadiyyatına ciddi həcmdə investisiya yatırmağa hazır deyil.
"Ermənistan iqtisadiyyatına ciddi sərmayə qoyacaq nə Brüssel var, nə London, nə də Paris", – deyə Fadeyev qeyd edib.
Musavat.com
22 Avqust 2026
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ