İnsanlara hürriyət, millətlərə istiqlal!

F-35 üçün kritik seçim – Türkiyə Rusiyadan aldığı S-400-ləri sıradan çıxarır?

Türkiyənin ABŞ-dən F-35 qırıcıları almaq planının qarşısındakı əsas maneə Rusiyadan alınmış S-400 hava hücumundan müdafiə sistemləri olaraq qalır.

Musavat.com xəbər verir ki, “Semafor” nəşrinin məlumatına görə, Donald Trampın Türkiyəyə F-35 qırıcılarının satışına yol açmaq planını açıqlamasından bir aydan çox vaxt keçsə də, məsələ hələ də həllini tapmayıb.

Əsas maneə Ankaranın Rusiyadan aldığı S-400 sistemləridir. ABŞ qanunvericiləri Türkiyənin F-35-ləri əldə etməsi üçün bu sistemlərdən tamamilə imtina etməsini tələb edirlər.

Mümkün variantlardan biri S-400-lərin sıradan çıxarılmasıdır. Lakin ABŞ Konqresində bunun kifayət etməyəcəyini düşünən və Türkiyənin sistemlərdən tam şəkildə imtina etməsində israr edənlər var.

Digər variant komplekslərin Birləşmiş Ərəb Əmirliklərinə satılmasıdır. Lakin bununla bağlı danışıqlarda hələlik irəliləyiş əldə olunmadığı bildirilir.

Buna görə daha radikal variant – S-400 komplekslərinin məhv edilməsi də mümkün həll yollarından biri kimi nəzərdən keçirilir.

“Bu problemi həll etməyin bir neçə variantı var və düşünürəm ki, türklər onu həll etmək istəyirlər”, – deyə ABŞ rəsmilərindən biri nəşrə bildirib.

F-35-lərin Türkiyəyə satışına İsrail də qarşı çıxır. İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyənin F-35 əldə etməsinin Yaxın Şərqdə qüvvələr balansını dəyişə biləcəyi barədə xəbərdarlıq edib.

ABŞ Konqresində isə S-400 məsələsi ilə yanaşı, Ankaranın Rusiya ilə münasibətləri, Kipr və Yunanıstanla bağlı siyasəti də müzakirə olunur.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 sistemlərini aldığına görə 2019-cu ildə F-35 proqramından çıxarılıb. Ankara artıq altı F-35 təyyarəsinin pulunu ödəyib, lakin həmin qırıcılar Türkiyəyə təhvil verilməyərək ABŞ-də qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR