Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqazda yeni geosiyasi və nəqliyyat xəritəsi formalaşarkən Ermənistanın bu proseslərdə hansı mövqeyi tutacağı İrəvanda ciddi müzakirələrə səbəb olur. Ermənistanlı professor Aşot Yenqoyan Azərbaycanın regional gücə çevrilmək iddiasını etiraf edərək ölkəsinin başqalarının nəqliyyat layihələrinin, sadəcə, keçid ərazisinə çevrilə biləcəyindən narahatlığını ifadə edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Yenqoyan bu barədə “Cənubi Qafqazın nəqliyyat-logistika əlaqələrinin inkişaf perspektivləri” adlı beynəlxalq ekspert konfransında çıxışı zamanı danışıb.
Erməni ekspertin sözlərinə görə, regionda yeni nəqliyyat-logistika sistemi formalaşır və dünyanın əsas güc mərkəzləri gələcək marşrutlara təsir göstərmək uğrunda mübarizə aparır. Bu prosesdə Azərbaycan artıq diqqətə alınması zəruri olan əsas regional oyunçulardan birinə çevrilir. Yenqoyan bildirib ki, Azərbaycan orta səviyyəli regional güc statusuna iddia edir və Cənubi Qafqazın nəqliyyat gələcəyi ilə maraqlanan bütün böyük dövlətlər bu amili nəzərə almaq məcburiyyətindədirlər.
Ermənistanlı professorun çıxışında diqqətçəkən məqamlardan biri də Rusiyanın bölgədəki mövqelərinin zəiflədiyini etiraf etməsidir. Onun fikrincə, Moskva Cənubi Qafqazdakı təsirini tamamilə itirməsə də, əvvəlki imkanlarını qorumaqda çətinlik çəkir. Yenqoyan hesab edir ki, Rusiya regionda mövcudluğunu saxlamaq istəyirsə, təkcə Azərbaycan, Ermənistan və Gürcüstanla deyil, dünyanın əsas güc mərkəzləri ilə də razılaşmalar əldə etməlidir.
“Rusiya danışıqlar aparmalı olacaq. Daha doğrusu, onun üçün üç respublika ilə yox, əsas oyunçularla – dünyanın güc mərkəzləri ilə razılaşmaq daha asan olacaq”, – deyə Yenqoyan bildirib.
Yenqoyan Çinin Cənubi Qafqazdakı nəqliyyat layihələrinə marağına da toxunub. Onun sözlərinə görə, Pekin yükdaşımalarını şaxələndirmək və ayrı-ayrı marşrutlardan asılılığı azaltmaq məqsədilə həm Orta Dəhlizin, həm də “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafında maraqlıdır.
ABŞ-nin regional siyasətindən danışan Yenqoyan TRIPP layihəsinə xüsusi diqqət ayırıb. Onun fikrincə, Vaşinqton bu layihə vasitəsilə Cənubi Qafqazda öz siyasi və iqtisadi iştirakını təmin etməyə çalışır. Lakin layihənin həyata keçirilməsi üçün ABŞ yalnız region dövlətləri ilə deyil, Çin və Rusiya ilə də danışıqlar aparmalı olacaq.
Avropa İttifaqının mövqeyinə gəlincə, erməni professor Brüsselin Cənubi Qafqazda siyasi təsir imkanlarının daraldığını bildirib. Onun qiymətləndirməsinə görə, Avropa İttifaqı Azərbaycanda əvvəlki təsir imkanlarının əhəmiyyətli hissəsini itirib, Gürcüstanda isə mövqeləri zəifləyib. Onun sözlərinə görə, belə bir şəraitdə Ermənistan Avropa İttifaqının regionda mövcudluğunu qoruması üçün əsas istiqamətlərdən biri olaraq qalır.
Musavat.com
13 Oktyabr 2026
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ