İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan çıxılmaz vəziyyətdə: Aİ, yoxsa Aİİ-Bakıdan baxış

“Gallup International"ın Ermənistanda keçirdiyi sorğuya əsasən, respondentlərin təxminən 65%-i Rusiya hərbi bazasının Ermənistanda qalmasının tərəfdarıdır. Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Sorğuda iştirak edənlərin 39,7%-i 102-ci bazanın Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üçün vacib olduğunu hesab edir, 24,7%-i isə bazanın qalmalı olduğunu, lakin onun yerləşdirilməsi şərtlərinin yenidən nəzərdən keçirilməsinin zəruriliyini düşünür.

Eyni zamanda, respondentlərin 28,9%-i Rusiya bazasının çıxarılmasını dəstəkləyir, 6,8%-i isə qərarsız qalıb.

Qeyd edək ki, ötən gün Rusiyadan İrəvana növbəti ultimatum verilmişdi.

“Rusiya Ermənistanın suveren hüquqlarına hörmətlə yanaşır; lakin İrəvan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və ya Avropa İttifaqı (Aİ) arasında seçim etməlidir, çünki bu blokların standartları bir-birinə uyğun gəlmir”-deyə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirmişdi.

“Biz Ermənistanın bütün suveren hüquqlarına hörmət edirik, lakin eyni zamanda, Ermənistan Aİİ-nin inteqrasiya prosesində iştirak edir və müxtəlif standartlara tədricən keçid bir çox sahələrdə Aİİ standartları ilə uzlaşmayacaq”, – deyə Kremlin nümayəndəsi qeyd edib.

Belə görünür rəsmi İrəvan kritik vəziyyətlə üz-üzə qalıb. Baş nazir Nikol Paşinyan referenduma hələlik ehtiyac olmadığını dediyi halda, sorğu nəticələri Rusiyanın istəyinə uyğundur.

Bu sorğunun nəticələri perspektivlə bağlı hansı qənaəti yaradır? Ermənistan Aİİ və ya Aİ referendumuna gedəcəkmi?

Hüquqşünas, beynəlxalq məsələlər üzrə ekspert Sahib Məmmədov Musavat.com-a açıqlamasında bunları bildirdi: “Əvvəla, onu deyim ki, bu sorğunun nəticələrinin reprezentativliyi şübhə doğurur. Sorğu telefonla 1001 nəfərin arasıda keçirildiyi qeyd olunur. Bu sorğu mərkəzi ABŞ-də yerləşən məşhur “Gallup Inc” sorğu şirkəti deyil, Ermənistada yerləşən MPG LLC sorğu mərkəzi tərəfindən həyata keçirilib. Bildiyim qədər onlar başqa bir sorğu mərkəzinin françayzinq tərəfdaşıdır. Manipulyativ sorğular keçirməkdə ad çıxarıb. Ona görə də Ermənistan hakimiyyətinin belə sorğu nəticələrini ciddiyə alacağı inandırıcı deyil”.

Amma S.Məmmədov əlavə etdi ki, referendum məsələsi əvvəl-axır ola bilər: “Əgər belə bir referendum olsa, əlbəttə, ayrı-ayrı yox, bir yerdə olacaq. Yəni Aİ-yə asossiativ üzv olmağa razılığın soruşulması avtomatik Aİİ-dən çıxmaq demək olacaq. Sadəcə, bundan sonra prosedurlar yerinə yetirilməlidir. Əvvəllər də dəfələrlə qeyd etdiyimiz kimi, Paşinyan hökuməti maksimum status-kvonu saxlamağa çalışır, baxmayaraq ki, tərəflər artıq seçim etməyi tələb edir. Rusiya prezidenti də, Peskov da dəfələrlə Ermənistan hakimiyyətinə referendum keçirməyi təklif etsə də, Paşınyan vaxtı uzadır”.

Ekspert qeyd etdi ki, ümumiyyətlə, Paşınyan bütün məsələlərdə vaxt uzatmağı sevir və bu, onun beynəlxalq münasibətlərdə tutduğu mövqeyidir:
“Fikrimcə, Paşınyan yaxın vaxtlarda Aİ və Aİİ məsələsi ilə bağlı heç bir referendum keçirəsi deyil. Həm də ona görə ki, o, hələ Ermənistan əhalisini istədiyi qərara səs verməyə yönəldə bilməyib. Daxili parçalanma güclüdür. Həmçinin Rusiyadan asılılıq çoxdur. Əhalinin dolanışıq mənbələrinin əsas istiqamətlərindən biri də Rusiyadır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR