İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspertdən iddia: Zəngəzur dəhlizindən əsas qazancı Bakı və Ankara götürəcək

Ermənistanda Zəngəzur dəhlizi ilə bağlı növbəti müzakirələr ölkənin bu layihədən əldə edəcəyi iqtisadi faydanı yenidən gündəmə gətirib. Erməni ekspert Qrant Mikaelyan hesab edir ki, İrəvanın böyük ümidlər bəslədiyi TRIPP layihəsi Ermənistanı regional təcriddən çıxarmaq əvəzinə, onun geosiyasi rolunu dəyişəcək. Ekspertin fikrincə, Ermənistan ərazisindən keçəcək nəqliyyat marşrutunun ölkəyə gətirəcəyi illik gəlir cəmi 10–15 milyon dollar ola bilər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Araşdırmalar Mərkəzinin rəhbəri Qrant Mikaelyan Cənubi Qafqazın nəqliyyat-logistika əlaqələrinin inkişaf perspektivlərinə həsr olunmuş beynəlxalq ekspert konfransında çıxışı zamanı danışıb.

Mikaelyan bildirib ki, Ermənistan hakimiyyətinin vəd etdiyi Şimal–Cənub və Qərb–Şərq istiqamətlərini birləşdirən nəqliyyat qovşağı faktiki olaraq reallaşmır. Onun sözlərinə görə, hazırda əsas diqqət yalnız Qərb–Şərq istiqamətinə yönəlib. Üstəlik, bu marşrut Ermənistanın bütün ərazisini deyil, əsasən cənub hissəsini əhatə edir.

Erməni ekspert TRIPP layihəsinin Ermənistanı avtomatik olaraq regional təcriddən çıxaracağı barədə fikirləri yanlış hesab edir. O, buna misal olaraq Türkiyənin alternativ nəqliyyat infrastrukturu yaratmaq istiqamətində atdığı addımları göstərib.

Mikaelyanın sözlərinə görə, TRIPP layihəsinin elan edilməsindən sonra Türkiyə Qars–İğdır dəmir yolunun tikintisinə başlayıb. Bu xəttin gələcəkdə Naxçıvana qədər uzadılması nəzərdə tutulur.

Ekspert bildirib ki, Ermənistanın layihədə iştirakı yalnız nəqliyyat marşrutunun onun ərazisindən keçməsi ilə məhdudlaşa bilər.

Onun fikrincə, layihədə nəzərdə tutulan güzəştli vergi rejimi səbəbindən Ermənistanın əldə edəcəyi iqtisadi gəlir də son dərəcə məhdud olacaq.

Mikaelyan hesablamalara istinad edərək Ermənistanın TRIPP layihəsindən maksimum illik gəlirinin təxminən 10–15 milyon dollar təşkil edə biləcəyini iddia edib.

“Bu, qonşu küçədəki bir mağazanın illik dövriyyəsidir”, – deyə erməni ekspert layihənin mümkün iqtisadi nəticələrini qiymətləndirib.

O vurğulayıb ki, nəqliyyat dəhlizinin Ermənistan ərazisindən keçməsi hələ bu ölkənin layihənin əsas iqtisadi benefisiarına çevrilməsi demək deyil.

Mikaelyan Abxaziya üzərindən dəmir yolu əlaqəsinin bərpası məsələsinə də toxunub. Onun sözlərinə görə, hazırda bu layihənin həyata keçirilməsi üçün real perspektiv görünmür.

Ekspert iddia edib ki, Gürcüstan hakimiyyəti əvvəllər Abxaziya üzərindən dəmir yolu əlaqəsinin bərpası variantını nəzərdən keçirməyə hazır olsa da, layihənin reallaşmasına Qərb ölkələrinin və Azərbaycanın mövqeyi mane olub.

Mikaelyanın iddiasına əsasən, Qərb Rusiyanın Cənubi Qafqazda mövcudluğunun genişlənməsində maraqlı olmayıb, Azərbaycan isə Rusiya ilə Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsinin bərpasına qarşı çıxıb.

Qeyd edək ki, konfrans Rusiyanın Kommunikasiyaların İnkişafı üzrə Milli Tədqiqat İnstitutu, İrəvan Dövlət Universitetinin Rusiya Araşdırmaları Mərkəzi və Şərqşünaslıq İnstitutunun Rusiya–Ermənistan Münasibətlərinin Araşdırılması Mərkəzinin birgə təşəbbüsü ilə təşkil olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR