İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev Xankəndi qərarını elan etdi: Erməni terrorçular ya təslim olmalıdırlar, ya da...

Prezident İlham Əliyev Azərbaycanın Xankəndi və ətraf bölgəsində tezliklə antiterror əməliyyatlarının başlaya biləcəyini anons etdi... Erməni terrorçular üçün vaxt məhduddur, rəsmi Bakı uzun müddət gözləməyəcək, əmr verildikdən sonra bu cinayətkarlar həbs edilmək şansına belə, möhtac qala bilərlər...

Cənubi Qafqazda sülh və sabitlik prosesi geriyə dönməz xarakter alır. Bu regionda hərbi-siyasi gərginliyi artıraraq, faydalanmaq niyyətində olan kənar güclərin məkrli planları bir-birinin ardınca iflasa uğrayır. Və bu Cənubi Qafqazın gələcək inkişaf perspektivlərini təyin edən əsas faktordur.

Onu da qeyd etmək lazımdır ki, regionda sülh və sabitlik prosesinin şəriksiz geopolitik qarantı rolunda məhz Azərbaycan dövləti çıxış edir. Azərbaycanın maliyyə-iqtisadi və hərbi-siyasi resursları rəsmi Bakıya bu regionun gələcək taleyini təyin etmək hüququ verir. Və rəsmi Bakı bu regiona kənar müdaxilələri artıq təkbaşına bloklamaq qüdrətini nümayiş etdirir.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Təbii ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalması rəsmi Bakının böyük hərbi-siyasi uğurudur. Rəsmi İrəvan daha çıxış yolu qalmadığını anlayaraq, "Qarabağ Azərbaycandır" reallığını qəbul edib. Paşinyan hakimiyyəti Ermənistan adlı qondarma "dövlət"in mövcudluğunu yalnız Azərbaycanın şərtlərinə uyacağı təqdirdə, qoruya bilərdi.

Əlbəttə ki, hələ bütün mübahisəli məsələlər tam şəkildə öz həllini tapmayıb. Qarşıda prinsipial xarakter daşıyan sərhədlərin delimitasiya və demarkasiya prosesi var. Rəsmi İrəvan bu prosesin 1975-ci ildə nəşr olunmuş xəritələrin əsasında aparılmasında israr edir. Yəqin ki, həmin tarixdən əvvəlki xəritələrin danışıqlar masasına gətiriləcəyi təqdirdə, Ermənistan adlı qondarma "dövlət"in əriyib, yoxa çıxacağını hamıdan yaxşı anlayır.

Ancaq rəsmi İrəvan hazırda belə önəmli proseslərdə şərtləri müəyyən edəcək hərbi-siyasi iradəyə sahib deyil. Ermənistan məğlub tərəfdir və Azərbaycanın tələblərini qəbul etmək məcburiyyətindədir. Yəni, delimitasiya və demarkasiya prosesinin hansı xəritələr əsasında aparılacağını rəsmi Bakı müəyyən edəcək.

Prezident İlham Əliyev bu məsələ ilə bağlı danışarkən, sərhədlərin delimitasiyasın Azərbaycanın şərtləri əsasında olacağını birmənalı şəkildə vurğulayıb: "Sülh müqaviləsi də beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bunlar bizim şərtlərimizdir".

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB)

Azərbaycan liderinin bu açıqlaması rəsmi Bakının Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunması istiqamətində son mərhələni artıq başlatdığını göstərir. Rəsmi Bakı ilk növbədə yekun sülh sazişinin əsas şərtlərini qabartdır. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra əsas əngəlin ortadan qalxdığı inkaredilməz reallıqdır. Azərbaycan Prezidenti hətta rəsmi İrəvan öz mövqeyini dəyişməyəcəyi təqdirdə, yekun sülh sazişinin imzalana biləcəyini də istisna etmir.

Ancaq rəsmi İrəvan Azərbaycanın bütün şərtlərini yerinə yetirməyə məcburdur. Çünki regionda dayanıqlı sülhün hökm sürməsi üçün Ermənistan ordusunun qalıqları Azərbaycan ərazisindən dərhal çıxarılmalıdır, Zəngəzur dəhlizi mütləq açılmalıdır. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, ABŞ və Qərb, eləcə də, Rusiya mövcud situasiya ilə barışıb, Azərbaycanın şərtlərini qəbul ediblər. Və belə vəziyyətdə Ermənistanın əlavə manevrlərlə sülh prosesini daha da uzatmaq şansları demək olar ki, qalmayıb.

Əslində, Azərbaycan lideri də son vaxtlar bu mövzuda açıq mətnlə danışmağa başlayıb. Prezident İlham Əliyev bildirib ki, son vaxtlar beynəlxalq siyasi dairələr Azərbaycanın mövqeyi ilə tam şəkildə razılaşıblar. Dövlət başçısı vurğulayıb ki, bu, Azərbaycanın həm güclü, həm də beynəlxalq hüquq normaları qarşısında haqlı olması ilə birbaşa bağlıdır.

Təbii ki, belə şəraitdə Azərbaycanın Xankəndi və ətraf bölgəsində hələ də müqavimət göstərməyə çalışan erməni separatçı-terrorçular üçün sonun başlanğıcı inkaredilməz reallıqdır. Azərbaycan lideri də bildirib ki, artıq beynəlxalq siyasi dairələrdə "müstəqillik" və "status" barədə qətiyyən danışılmır. Əksinə, indi daha çox onların taleyinin necə olacağı ilə maraqlanırlar: "Onların amnistiya altına düşüb-düşmədikləri ilə maraqlanırlar. Mən də cavab verirəm ki, ona hələ baxmaq lazımdır".

f04cf8cb14d95ae0b2fec589275313a1.jpg (243 KB)

Maraqlıdır ki, Azərbaycan Prezidenti Qarabağdakı qondarma erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyini də açıqlayıb. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın həmin bölgədə hər an istənilən əməliyyatı keçirmək üçün bütün imkanlarının olduğunu hamı bilir: "Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt edilə bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.

Göründüyü kimi, Azərbaycan Prezidenti Xankəndi və ətraf bölgədə olan erməni separatçı-terrorçular barədə yekun qərarını artıq verib. Rəsmi Bakı erməni terrorçuların qaçmaq imkanlarını bloklayıb. İndi separatçı-terrorçuların da onların cinayətkar rəhbərinin də iki seçim variantı var. Yəni, erməni terrorçular ya Azərbaycanın hüquq-mühafizə orqanlarına təslim olaraq, Prezident İlham Əliyevin onların barəsində verəcəyi son qərarı gözləyəcəklər. Ya da çox tezliklə Azərbaycan ordusuna antiterror əməliyyatlarına başlamaq əmri veriləcək və bu halda, erməni terrorçular üçün həbs edilmək belə, artıq böyük şansa çevrilmiş olacaq.

Prezident İlham Əliyevin son xəbərdarlıq mesajından sonra erməni terrorçular tələsməlidirlər. Çünki Azərbaycan lideri yekun qərarını artıq verib. Və vaxt məhduddur, rəsmi Bakı onların uzun müddət seçim etməsini gözləmək niyyətində deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR