İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əbədi dostluq sadəcə yeni diplomatik formul deyil”

“Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkə prezidentləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” tarixi, milli-mədəni və mənəvi yaxınlığın artıq daha sistemli siyasi-hüquqi mexanizmə çevrildiyini göstərən mühüm hadisədir. Sənədin əsas siyasi mahiyyəti ondan ibarətdir ki, Azərbaycan–Özbəkistan münasibətlərində dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik anlayışları daha uzunmüddətli perspektivə hesablanmış yeni çərçivə qazanır”.

Bu barədə Musavat.com-a şərhində Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib. E.Mirzəbəyli qeyd edib ki, müqavilənin mahiyyətini yalnız diplomatik münasibətlər müstəvisində qiymətləndirmək kifayət deyil. Burada söhbət iki dövlətin qarşılıqlı etimadını, suverenliyə və ərazi bütövlüyünə hörmətini, təhlükəsizlik məsələlərində qarşılıqlı məsuliyyətini və müxtəlif istiqamətlər üzrə əməkdaşlığını hüquqi əsasda təsbit etməsindən gedir: “Tərəflərin bir-birinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vura biləcək fəaliyyətlərə öz ərazilərində yol verməməyi öhdəsinə götürməsi qarşılıqlı münasibətlərin uzunmüddətli və geniş təhlükəsizlik fəlsəfəsinə söykəndiyini göstərir. Müqavilədə beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinə istinad edilməsi, milli inkişaf modellərinin seçimində qarşılıqlı dəstəyin ifadə olunması və təhlükəsizlik məsələlərinin ayrıca təsbit edilməsi tərəflərin bir-birini etibarlı və əbədi müttəfiq kimi qəbul etdiyini nümayiş etdirir. Eyni zamanda, münaqişələrin qarşısının alınması və nizamlanmasında BMT-nin mərkəzi rolunun möhkəmləndirilməsinə sadiqliyin vurğulanması iki ölkənin beynəlxalq münasibətlərə yanaşmasının əsas istiqamətlərindən birini də ortaya qoyur”.

Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı | İqtisadiyyat.az

Deputat deyib ki, Müqavilənin iqtisadi seqmenti də mühüm əhəmiyyət daşıyır. Sənəddə əməkdaşlığın energetika, nəqliyyat və logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, yaşıl enerji və rəqəmsal iqtisadiyyat, elektron ticarət, informasiya-kommunikasiya və kosmik texnologiyalar kimi geniş spektri əhatə etməsi göstərir ki, tərəflər münasibətləri ənənəvi ticarət çərçivəsindən çıxarmaq niyyətindədirlər:

“Xüsusilə innovativ və yüksək texnologiyalı sahələrin sənəddə ayrıca qeyd olunması Azərbaycan–Özbəkistan tərəfdaşlığının gələcəyin iqtisadi modelinə uyğunlaşdırılmasına hesablandığını göstərir. Bu xüsusda, nəqliyyat və logistika istiqaməti mühüm strateji məna daşıyır. Yüklərin və sərnişinlərin daha əlverişli daşınması, nəqliyyat dəhlizlərinin tranzit imkanlarının artırılması və qarşılıqlı əlaqəli nəqliyyat sistemlərinin möhkəmləndirilməsi iki ölkənin coğrafi mövqelərindən irəli gələn üstünlüklərin daha səmərəli istifadəsinə şərait yarada bilər. Azərbaycanla Özbəkistan arasında nəqliyyat əlaqələrinin güclənməsi təkcə ikitərəfli iqtisadi münasibətlərə deyil, daha geniş regional bağlantılara da təsir göstərə biləcək potensiala malikdir”.

E.Mirzəbəylinin fikrincə, Müqavilənin başqa bir mühüm xüsusiyyəti onun yalnız dövlət institutlarını deyil, cəmiyyətləri də əhatə edən xarakter daşımasıdır: “Elm, təhsil, tibb, mədəniyyət, mədəni irs, gənclər, turizm və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsi dövlətlərarası münasibətlərin sosial bazasını genişləndirir. Çünki siyasi sənədlərin davamlılığını təmin edən əsas amillərdən biri onların xalqlar arasında real qarşılıqlı əlaqələrə çevrilməsidir.

Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisinə, ali məktəblər və elmi müəssisələr arasında birbaşa əlaqələrə şərait yaradılması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dil yalnız kommunikasiya vasitəsi deyil, həm də tarixi yaddaşın, mədəni kodların və milli kimliyin daşıyıcısıdır. Bu səbəbdən, dil və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək nəsillər səviyyəsində də davamlılığını təmin edən strateji investisiya kimi qiymətləndirilə bilər”.

Deputat vurğulayıb ki, əslində, əbədi dostluq anlayışının siyasi çəkisi də məhz burada üzə çıxır ki, bu ifadə sadəcə emosional və simvolik xarakter daşımır, bütövlükdə, “əbədi dostluq” qarşılıqlı etimad, strateji tərəfdaşlıq, müttəfiqlik, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və humanitar əlaqələrin vahid sistemdə birləşdirilməsini nəzərdə tutur: “Başqa sözlə, münasibətlərin mövcud səviyyəsinin qorunması deyil, onun gələcək nəsillər üçün institusional əsaslarının yaradılması qarşıya məqsəd qoyulur.

Bu mənada müqaviləni Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında keyfiyyət dəyişikliyi kimi qiymətləndirmək də mümkündür. Əgər əvvəlki mərhələdə tarixi və mədəni yaxınlıq siyasi münasibətlərin mühüm mənəvi bazasını təşkil edirdisə, yeni sənəd həmin yaxınlığı daha geniş hüquqi, iqtisadi və institusional çərçivəyə daxil edir.

Müqavilənin Türk dünyası baxımından əhəmiyyəti də ayrıca diqqətə layiqdir. Azərbaycan və Özbəkistan kimi iki mühüm türk dövlətinin münasibətlərini daha möhkəm siyasi və hüquqi əsaslara bağlaması Türk dövlətləri arasında həmrəyliyin güclənməsi üçün əlavə imkan yaradır. Sənədin mahiyyətindəki qarşılıqlı etimad və uzunmüddətli əməkdaşlıq modeli ikitərəfli münasibətlərin çərçivəsini aşaraq daha geniş regional əməkdaşlıq fəlsəfəsinə çevrilə bilər. Mətnin özündə də bu sənədin Türk dünyasında birlik və həmrəyliyin güclənməsinə töhfə verəcəyi xüsusi vurğulanır.

Nəticə etibarilə, Azərbaycanla Özbəkistan arasında imzalanmış “əbədi dostluq haqqında Müqavilə” iki qardaş xalq arasında mövcud olan münasibətlərin sadəcə təsdiqi deyil, onların gələcək inkişaf trayektoriyasının müəyyənləşdirilməsidir. Siyasi etimad təhlükəsizlik əməkdaşlığı ilə, iqtisadi tərəfdaşlıq nəqliyyat və logistika ilə, humanitar yaxınlıq isə təhsil, dil və mədəniyyət layihələri ilə tamamlanır. Bu bütövlük sənədin əsas siyasi dəyərini təşkil edir”.

Deputat bildirib ki, əbədi dostluq sadəcə yeni diplomatik formul deyil, Azərbaycan və Özbəkistanın münasibətlərini gələcəyə hesablanmış strateji seçim kimi təqdim edən siyasi konsepsiyadır.

 

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR