Onlayn ictimai-siyasi qəzet
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Liviyaya səfəri zamanı Benqazidə marşal Xəlifə Xəftarla görüşməsi diqqət çəkib.
Musavat.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, Hakan Fidan 11-12 avqust tarixlərində Liviyaya səfəri çərçivəsində Tripoli və Benqazidə bir sıra yüksək səviyyəli görüşlər keçirib.
Benqazidə Fidan Liviya Milli Ordusunun baş komandanı marşal Xəlifə Xəftarla görüşüb. Türkiyəli nazir həmçinin Xəftarın müavini general Saddam Xəftar, Liviya Nümayəndələr Palatasının sədri Aqila Saleh İsa və Liviya İnkişaf və Yenidənqurma Fondunun rəhbəri Bilqasım Xəlifə Xəftarla danışıqlar aparıb.
Görüş xüsusilə Türkiyə ilə Xəftar düşərgəsi arasındakı keçmiş qarşıdurma fonunda diqqət çəkir. 2019-2020-ci illərdə Liviyada gedən müharibə zamanı Ankara Tripolidəki hökuməti dəstəkləyirdi, Xəftar qüvvələri isə onun əsas hərbi rəqibi idi. Sonrakı illərdə Türkiyə Liviyanın şərqi ilə də münasibətlərini tədricən inkişaf etdirməyə başlayıb.
Fidan Benqaziyə getməzdən əvvəl Tripolidə Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybə, Prezident Şurasının sədri Məhəmməd əl-Menfi və Ali Dövlət Şurasının sədri Məhəmməd Miftah Takala ilə də görüşüb.
Səfərin sonunda açıqlama verən Hakan Fidan Liviyanın şərqi və qərbi arasında aparılan danışıqlarla bağlı təəssüratlarının müsbət olduğunu bildirib. O, hər iki tərəfdə ölkənin yenidən birləşdirilməsinə böyük dəstək gördüyünü deyərək Türkiyənin Liviyada konstruktiv və vasitəçi rolunu davam etdirəcəyini vurğulayıb.
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ