İnsanlara hürriyət, millətlərə istiqlal!

Dana dərisi üzərindəki resept

Yaxud ən bioloji təmiz köşə yazısı

Əvvəlcə xalq tiktokerin avariyaya görə tutulmağına kəskin etiraz bildirdi. Bundan sonra hökumət tiktokeri ev dustaqlığına buraxdı. Buyurun. Bəziləri də iddia edir ki, guya hökumət xalqa yaddır, onu dinləmir.

Çox gözəl də dinləyirlər. Hələ bu dəqiqə bəziləri də orda-burda cükküldəşirmiş ki, bəs ortada ölüm-itim işi vardır, tiktokeri necə buraxmışlar, qanun harda qaldı-zad... Təklif edirəm bunlar da etiraz eləsin, görək hökumət neyləyəcək. Çünki “azad et” deyənlərlə “bas getsin” deyənlərin səs nisbəti barədə dəqiq məlumatımız yoxdur. Birdən onların sayı bərabər çıxsa?

Yəni, hüquqi-humanitar-sosial məsələlər sizə çox asan gəlməsin. Sayın hökumətimiz bu istiqamətdə həmişə baş sındırır, çətinlikləri həll edir. Gərək xalq, mənim fikrimcə, öz hökumətinə layiq olsun. Layiq olmasa, başını burax. Çıxsın getsin ayrı yerdə yaşasın. Xalqı deyirəm.

Məsələn, xəbər lentində gördüm, bir klinikada həkim cummuşdu jurnalistin üstünə, kamerasını qırırdı. Deyəsən hətta milli mətbuat günümüzdə!

Barı jurnalisti başqa gün şappıldat... Belə klinikalara nə deyəsən axı? Üstəlik, klinikanın adını görəndə məni sarsaq bir gülmək tutdu: “Bioloji təbabət”. Sanki təbabətin qeyri-biolojisi də olurmuş.

İnsafən olur, məsələn, cadu-piti ilə sağaltma, Həmid Herisçinin pirini ziyarət, dağdağan çubuğunun taxılması və sairə prosedurlarla müalicələr ölkəmizdə mövcuddur.

Həmin klinikanın müalicə üsulları homeopatiya adlı fırıldağa əsaslanırmış. Bu üsulu kəsə şəkildə “pazı pazla çıxarmaq” metodu adlandırmaq mümkündür, çünki homeopatların fikrinə görə, hansısa xəstəliyi yalnız o xəstəliyin özü ilə müalicə etmək olar. Tutalım səndə bir virus var, o virusun molekulunu yeridirlər üstəlik, guya olursan turp kimi. Bütün sivil dünyada homeopatiya şarlatanlıq, dələduzluq sayılır, ən yaxşı halda plasebo effektiylə (xəstəni yalançı, içiboş dərmanla aldatmaq) kimsə yüngülvari düzələ bilər. Pis halda isə homeopatiya insanları öldürür.

Fokusçuları, mistika azarkeşlərini, pir işlədənləri, falçı, ekstrasens, seyid və sairə yoldaşları imtahana dəvət edən Ceyms Rendi Fondu var. Həmin fond homeopatiyanın xeyrini sübut edənlərə də 1 milyon dollar mükafat verir, lakin hələlik bunu qazanan olmayıb. Mükafatı almağın yalnız bir şərti var: həkim homeopatiya dərmanı ilə adi suyun fərqini isbat etməlidir.

Əlbəttə, sayın oxucuların tam haqqı çatır ki, indi müəllifi divara dirəsin və desin: guya bizdə “qeyri-bioloji” təbabətin, yəni, rəsmi səhiyyənin həmin bu homeopatiya dələduzlarından fərqi böyükdürmü? Yox. Aşağı-yuxarı hamı plasebo ilə məşğuldur. Necə deyərlər, biz sağ qalanda “Allah saxlayır”, öləndə də “qurbanolduğum belə məsləhət görür”müş.

Bəs ara yerdə jurnalistin günahı nə idi? Axı onun kamerasına və yaxasına heç də homeopatik üsullarla əl atmadılar. Bir yazılması mümkün olmayan lətifədə deyilən kimi, “möhtərəm hakim, əməlli-başlı...”

Yəqin həmin telekanal bioloji deyildir, nəsə süni və plastik televiziyadır, klinikanın xoşuna gəlməyən də budur. Mən özümü qarantiyalamaq üçün indidən bəyan edirəm ki, bu köşə yazısı tam biolojidir, içində eşşək qanqalının toxumundan çəyirtkə buduna qədər çoxlu dərmanlar, ədavatlar, həcəmətlər istifadə edilmişdir. Yazanın adı şəxsən zamin durur, bunu oxuyan adamların radikulitdən ensefalitə, şizofreniyanın sayrışan hallarından miopiyanın səyrişən hallarınacan hər cür xəstəliyi sağalır.

Ancaq tam sağalmaq üçün bu yazını 2-ci Ramzesin vaxtından qalma papirus kağızında dərc edib 2000 nəfərə oxutdurmaq, ya da 1-ci Ramiz Mehdiyevin ev dustaqlığında saxladığı dananın dərisi – perqamentə həkk etdirib korona bitəndən sonra xoruzların üçüncü banında quru sərhədinin dirəyi dibində basdırmaq lazımdır.

Kim sağalmasa, gəlsin, telefonunun kamerasını sındıraq, bu da sın(an)mış üsuldur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR