İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəs BMT-ni Sülh Şurası əvəz edəcəkdi?..

Hətta bu qədər də diqqətin olacağını gözləmirdik. Söhbət BMT-nin 81-ci sessiyasından gedir. Birinci səbəb budur ki, yarım əsrdir qurum hər yandan, sağdan-soldan tənqid olunur. Amma siyasətçilər hər il Nyu-Yorkda toplaşıb danışır və sonra da ölkələrinə, insanlar, bəşəriyyət üçün problemlər yaratmağa qayıdırlar. Başa düşmək olmur, bəlkə bu qurumu təkmilləşdirmək üçün daha bir dünya müharibəsi olmalıdır?

İkinci səbəbsə bir-iki il bundan əvvəl Trampın hamını toplayıb Sülh Şurası yaratdığını elan etməsidir. Bəs nə oldu həmin Sülh Şurası? Bəli, indi iki cür ölkələr yaranıb. Biri varlı dövlətlərdir, digərisə başçıları çox varlı olan kasıb ölkələrdir. “Şabaş” tələb olunanda, pul salmaq lazım gələndə məhz sonuncular yada düşür. Tramp da “geosiyasi şabaş” təşkil etmək istədi, amma deyəsən, alınmadı, milyardlar hesabına köçürülmədi, hər halda, belə deyirlər.

İndi qəribəsi budur ki, Tramp növbəti BMT sessiyasına ev sahibliyi edir və təəssüf, ona Sülh Şurasını xatırladan yoxdur. Bu, azmış kimi, Rusiya Yaxın Şərqdən danışır, oradakı vəziyyətlə bağlı narahatlığını bölüşür, ABŞ isə bunu Ukrayna ilə bağlı edir, amma çox təəssüf ki, ziddiyyətli şəkildə: başa düşmək olmur ki, axı nə qədər Putinin əlinə oynamaq olar?

Diqqət çəkən detallardan biri Trampın prezident Pezeşkianı Nyu-Yorka faktiki dəvət etməsi oldu. Əvvəlcə aydınlıq yox idi. Biri deyirdi ki, Məsud bəy getməyəcək, digəri ərz edirdi ki, bəs əgər getsə də onu həbs edəcəklər (Niyə görə? O ki İsrail baş naziri, Putin kimi hərbi cani elan olunmayıb!). Bu haqda düşünəndə nədənsə Homerin “Odisseyi” yadıma düşdü, amma şükür, fors-major baş vermədi. Məsud bəy özü də təmkinli, ziyalı adamdır, başa düşür ki, İranın ətrafına düşmənlərdən çəpər çəkmək siyasəti bir şey verməyəcək. Həm də Pezeşkian heç vaxt ABŞ-ın və İsrailin “qara siyahı”sında olmayıb. O başqa məsələdir ki, bu adam İranın prezidentidir və onun maraqlarını müdafiə etməlidir.

Adam durub deyə bilməz ki, bütün şərtlərinizi qəbul edirəm, durun gəlin. Amma Məsud bəydə siyasətçi üçün xarakterik olan bir şey çatmır. Bu da ambisiyadır. “Molla”lar o, ABŞ-a getməmişdən artıq Vaşinqtona tələblərini çatdırmışdılar, yəni Məsud bəy üçün diplomatik meydan elə də böyük deyildi. Amma ABŞ səfəri onun ölkə daxilindəki çəkisini bir az artıra bilərdi.

Hamı bilir ki, İranı SEPAH və ruhani mühafizəkar elitası idarə edir. Tramp isə bu vaxta qədər bu siyasi konfiqurasiyasını dəyişməyə cəhd etməmişdi. İndi etdi, amma bilinmir, bu, təkrar olunacaq, ya yox, çünki Vaşinqton İran rejiminə münasibətini hələ açıqlamayıb. Hətta belə təsəvvür yaranır ki, onların belə problemi yoxdur, bunlar üçün əsas tələbləridir və formal olaraq bu tələblərin başında nüvə silahı problemi gəlsə də bəlkə də o, da əsas problem deyil. Əsas odur ki, İran “qapazaltı” ölkə olsun, ya da ərəb dövlətlərinin birinə çevrilsin.

Tramp sonunculara toxunmur, hətta gen-bol silah da satır onlara. İransa həm ağılsız dövlətdir, həm də təşəbbüskardır. Sonuncu rusların təbirincə ən böyük nöqsandır. Ruslar özləri haqda da daim deyirlər ki, onların iki problemi var: yollar və axmaqlar. Yüz illər keçibdi, Rusiyanın nə yolları düzəlib, nə də axmaqları ağıllanıbdır. İran da artıq yarım əsrdir nə nüvə silahı yaradıb heç olmasa, Şimali Koreya ola bilmir, nə də normal dövlətlərə qoşulur. Belədəsə, bu dövlətin min illiklərlə ənənəsi var, tarix boyu heç də geri dövlət də olmayıb, bu, makedoniyalı İsgəndərlə vuruşan ölkədir. Yoxsa bu, da yalanmış? Əgər yalan deyilsə, niyə belə girinc qalıb, axı indi ölkələr tək klassik müharibələrlə irəliləmirlər. Çox təəssüf, bunu iki toplum başa düşmək istəmir: bir ruslar, bir də ki, iranlı “molla”lar...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR