Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 61-ci sessiyasının yüksək səviyyəli seqmentində iştirak etmək məqsədilə 23-25 fevral 2026-cı il tarixlərində Cenevrə şəhərində səfərdə olub.
Səfər çərçivəsində nazir müavini BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxış edib, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirib. Nazir müavini çıxışı zamanı, postmünaqişə dövründə Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyəti, iki ölkə arasında Vaşinqton razılaşmasından irəli gələn məsələlər, o cümlədən Zəngəzur dəhlizinin regional inkişafa verəcəyi töhfədən bəhs edib. Eyni zamanda, keçmiş münaqişənin humanitar nəticələrinin aradan qaldırılması istiqamətində ölkəmiz tərəfindən həyata keçirilən tədbirlər qismində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, mina təhdidi ilə mübarizə və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışını nəzərdə tutan “Böyük Qayıdış” proqramı barədə məlumat verilib.
Qeyd olunub ki, genişmiqyaslı mina çirklənməsi insan hüquqlarının tam həyata keçirilməsinə ciddi maneə olaraq qalır və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir.
Hüquqşünas Polad Mehdiyev Musavat.com-a şərhində bildirib ki, beynəlxalq humanitar hüququn əsas prinsipi mülki əhalinin qorunmasıdır. O, vurğulayıb ki, müharibə zamanı belə tərəflər mülki şəxsləri hədəf almamalı, fərqləndirmə və proporsionallıq prinsipinə riayət etməlidirlər:
“Bu normalar 1949-cu il tarixli Cenevrə konvensiyalarında və 1977-ci il tarixli Cenevrə Konvensiyasının 1 saylı Əlavə Protokolunda təsbit olunub. Münaqişə başa çatdıqdan sonra isə tərəflərin üzərinə əlavə öhdəliklər düşür. Mülki əhali üçün təhlükə yaradan hərbi qalıqların aradan qaldırılmasına yardım göstərmək, mina xəritələrini təqdim etmək və humanitar riskləri minimuma endirmək və s. Əgər mina sahələri barədə dəqiq məlumat verilmirsə və ya təqdim olunan xəritələr qeyri-dəqiqdirsə, bu artıq humanitar nəticələrin qəsdən uzadılması kimi qiymətləndirilə bilər. Mina təhlükəsi insanların yaşamaq hüququna, sərbəst hərəkət azadlığına və mülkiyyət hüququna birbaşa təsir göstərir. Ən əsası isə öz evinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq istəyən məcburi köçkünlərin fundamental hüquqlarını məhdudlaşdırır. Bu kontekstdə Azərbaycan beynəlxalq hüquq çərçivəsində bir neçə mühüm arqument irəli sürə bilər. Birincisi, postmünaqişə öhdəlikləri yerinə yetirilməyibsə, bu, beynəlxalq hüququn pozuntusudur və məsuliyyət doğurur. İkincisi, mina çirklənməsi davamlı humanitar zərər yaradırsa, zərərin aradan qaldırılması və kompensasiya məsələsi gündəmə gəlir. Beynəlxalq hüquqda dövlətin məsuliyyəti prinsipi mövcuddur: əgər bir dövlətin hərəkəti və ya hərəkətsizliyi digər dövlətin ərazisində insanlara və infrastruktura zərər vurubsa, həmin zərər hüquqi qiymətləndirmə predmetidir. Bu məsələyə dair Beynəlxalq Ədalət Məhkəməsində dövlətlərarası mübahisə qaldırıla bilər. Eyni zamanda insan hüquqlarının pozuntusu aspektindən isə Avropa İnsan Hüquqları Məhkəməsi mexanizmləri də hüquqi müstəvi yaradır”.
Nigar Həsənli,
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ