Onlayn ictimai-siyasi qəzet
Ukryananın Xarkov vilayətinin yaxınlığında yerləşən ekopark Rusiya aviasiya bombası ilə vurulub. Partlayış nəticəsində 40 yaşlı bir qadın xəsarət alıb.
Musavat.com xarici agentliklərə istinadla xəbər verir ki, bu barədə hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.
Ekoparkın qurucusu və Ukrayna Ali Radasının deputatı Aleksandr Feldman vəziyyətin ağır olduğunu deyib. Onun sözlərinə görə, bir könüllü qadın yaralanıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Partlayış nəticəsində yırtıcı heyvanlar üçün nəzərdə tutulmuş qış pavilyonu və quşların qışlama binası tamamilə dağılıb.
Feldman bildirib ki, aslanlar yaralanıb, pələnglərin vəziyyəti isə hələlik dəqiq bilinmir: “Bir pələng üçmərtəbəli binaya qaçıb, digəri isə yarıaçıq volyerdədir. Sakitləşdirici tüfəng gözləyirik. Təəssüf ki, bütün sedativ vasitələrimiz bombanın düşdüyü binada idi. Quşların ya hamısı, ya da böyük əksəriyyəti tələf olub”.
Qeyd edək ki, heyvan hüquqları müdafiəçiləri Feldmanın ekoparkını uzun müddətdir tənqid edirlər. Tənqidlər əsasən heyvanların istismarı, onların saxlanılması üçün lazımi icazələrin olmaması və cəbhə xəttinə yaxın ərazidə təhlükə altında saxlanılması ilə bağlıdır.
Qeyd olunur ki, 2022-ci ildə heyvanları yemləmək cəhdi zamanı beş əməkdaş və bir yetkinlik yaşına çatmayan könüllü həlak olub. 2024-cü ildə isə park pilotsuz uçuş aparatı ilə vurulub, nəticədə iki əməkdaş xəsarət alıb. Ekoparkın yerləşdiyi ərazi cəbhə xəttindən təxminən 20 kilometr məsafədədir.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ