Onlayn ictimai-siyasi qəzet
1956-cı ilin oktyabrında Macarıstanda baş verən hadisələr təkcə sosialist düşərgəsinin tarixində deyil, həm də sonrakı illərdə SSRİ rəhbərliyində mühüm rol oynayacaq Yuri Andropovun siyasi dünyagörüşünün formalaşmasında dönüş nöqtəsi olub. Həmin dövrdə 39 yaşlı Yuri Vladimiroviç Andropov Macarıstanın paytaxtına sovet səfirliyinin müşavir-elçisi kimi göndərilib. Təyinat ilk baxışdan onun karyerasında geriləmə kimi görünüb. Çünki Karel-Fin SSR-də ikinci katib vəzifəsində çalışan Andropov respublikanın siyasi rəhbərliyində mühüm mövqeyə sahib olub. Budapeştdə isə o, daha kiçik bir ölkədə diplomat statusu alıb.
1954-cü ildə ona fövqəladə və səlahiyyətli səfir rütbəsi verilsə də, Moskvanın Macarıstana münasibəti dəyişməyib. Kreml Budapeşti sakit və problemsiz istiqamətlərdən biri hesab edib. Heç kim düşünməyib ki, bu ölkə qısa müddət sonra sosialist dünyasının ən böyük böhranlarından birinin mərkəzinə çevriləcək. Həmin illərdə 11 milyon əhalisi olan Macarıstanda hakimiyyətdə Matiaş Rakosi olub. Stalinə yaxınlığı ilə tanınan Rakosi müxalifəti mərhələli şəkildə sıradan çıxarma siyasəti yeridib. Onun "salamı taktikası" adlandırılan üsulu siyasi rəqiblərin bir-bir aradan götürülməsinə əsaslanıb. 1950-ci illərin əvvəllərinə qədər yüz minlərlə insan repressiyalara məruz qalıb.

Lakin 1956-cı ilin fevralında SSRİ Kommunist Partiyasının XX qurultayında Nikita Xruşovun Stalinin şəxsiyyətə pərəstiş kultunu tənqid edən məruzəsi sosialist düşərgəsində böyük sarsıntı yaradıb. Rakosi bu proseslərin təhlükəli nəticələrə gətirib çıxara biləcəyini anlayıb. O, Andropovla söhbətində xəbərdarlıq edib ki, Macarıstanda azadlığa buraxılan və narazı qalan insanlar hələ də cəmiyyətin içindədir və vəziyyət nəzarətdən çıxa ehtimalı yüksəkdir.
Əvvəlcə Andropov bu xəbərdarlıqlara əhəmiyyət verməyib. Lakin 1956-cı ilin yazından etibarən onun Moskvaya göndərdiyi hesabatların tonu dəyişib. Sovet nümayəndəliyinin qarşısında fəaliyyət göstərən Petöfi dairəsi adlı ziyalı klubu ətrafında daha sərt siyasi müzakirələr aparılıb. Burada hökumətin siyasəti, mətbuat azadlığı və ölkənin gələcəyi ilə bağlı açıq tənqidlər səslənib.

Andropov vəziyyətin təhlükəli istiqamətdə inkişaf etdiyini bildirib. Lakin Moskva bu məlumatlara ehtiyatla yanaşıb. SSRİ xarici işlər nazirnin birinci müavini Andrey Qromıko qapalı rabitə ilə səfirə zəng edərək narazılığını bildirib və "hesabat yazmaqla həddindən artıq məşğul olduğunuza dair təəssürat yaranır" deyib. İyul ayında Rakosi vəzifədən uzaqlaşdırılıb, onun yerinə dövlət təhlükəsizlik strukturlarına rəhbərlik etmiş Ernö Gerö gətirilib. Yeni rəhbərlik də vəziyyətin ciddiliyini tam qiymətləndirə bilməyib. Andropov isə xəbərdarlıqlarını davam etdirib.
Sentyabr ayına yaxın səfirin ailəsi mümkün təhlükəyə görə hazırlıq görməyə başlayıb. Bununla yanaşı, Macarıstandakı Dövlət Təhlükəsizlik Komitəsi rezidenturasından Moskvaya daha sakit xarakterli hesabatlar göndərilib. Bu məlumatlar diplomatların qiymətləndirmələri ilə ziddiyyət təşkil edib.

Oktyabrın 6-da təxminən 100 min insan Budapeşt küçələrinə çıxaraq etiraz edib. Andropov Moskvaya göndərdiyi teleqramda vəziyyəti qısa şəkildə ifadə edib: “Sosializm məsələləri küçələrdə həll olunacaq”.
Onun xəbərdarlığı çox keçmədən özünü doğruldub. Oktyabrın 23-də Macarıstanda kütləvi nümayişlər başlayıb. Andropov səfirlik əməkdaşlarına binanı tərk etməyi qadağan edib və vəziyyəti öyrənmək üçün yalnız iki nəfəri göndərib. Onların arasında gələcəkdə DTK rəhbəri olacaq gənc diplomat Vladimir Kryuçkov da olub. Macarıstan rəhbərliyi nəzarəti itirərək SSRİ-dən hərbi yardım istəyib. Oktyabrın 24-də səhər Moskvadan Anastas Mikoyan, Mixail Suslov və DTK rəhbəri İvan Serov Budapeştə gəliblər.
Lakin Serov vəziyyəti düzgün qiymətləndirməyib və şəhərdə real təhlükənin olmadığını bildirib. Mikoyan da bu fikrə inanaraq Andropovu proseslərdən kənarda saxlamağa çalışıb. Bir müddət əvvəl təhlükə barədə xəbər verən səfir bu dəfə qərarların qəbulundan uzaqlaşdırılıb. Hadisələr isə sürətlə inkişaf edib. Oktyabrın 27-də Mikoyan Andropovun haqlı olduğunu anlayaraq onunla münasibətləri düzəltməyə çalışıb. Lakin artıq gec olub.

Macarıstan lideri İmre Nad hakimiyyət strukturlarını zəiflədib, komendant saatını ləğv edib. Bunun ardınca küçə zorakılığı artmağa başlayıb. Oktyabrın 30-da baş verən hadisələr Andropovun siyasi baxışlarında dərin iz buraxıb. Həmin gün kütlə partiya komitəsinin binasına hücum edib. Partiya katibi İmre Meze danışıqlar aparmaq üçün insanların qarşısına çıxsa da, öldürülüb. Dövlət təhlükəsizlik əməkdaşlarının və partiya işçilərinin cəsədləri sonradan aşkar edilib. Səfirlikdən bu mənzərələr aydın görünüb.
Andropovun həyat yoldaşı Tatyana Filippovna da bu hadisələrin şahidi olub və yaşadığı ağır psixoloji sarsıntı onun sağlamlığına uzun müddət təsir göstərib. Oktyabrın 31-də diplomat ailələrinin təxliyəsinə başlanılıb. Həmin günlərdə Andropovun kabinetinə snayper atəşi açılıb, güllələrdən biri onun çox yaxınlığından keçib. Səfirliyin yaşayış korpusu isə talan edilib. Beynəlxalq vəziyyət də Moskvanın qərarına təsir edib. Həmin dövrdə Süveyş böhranı baş verib və ABŞ-nin Macarıstan məsələsinə hərbi müdaxilə etməyəcəyi aydınlaşıb. Noyabrın 4-də SSRİ "Vixr" əməliyyatına başlayıb və qarşıdurmalar zamanı minlərlə macar həlak olub.

1956-cı ilin dekabrında 42 yaşlı Andropov infarkt keçirib. Buna baxmayaraq, o, 1957-ci ilin yazına qədər Budapeştdəki vəzifəsində qalıb və daha sonra Moskvaya yüksək vəzifəyə keçirilib. Macarıstan hadisələri Andropovun siyasi düşüncəsində dərin iz buraxıb. Sonralar 1968-ci ildə Çexoslovakiyada baş verən hadisələr zamanı o, daha sərt tədbirlərin tərəfdarı olub. O, hesab edib ki, nəzarətsiz dəyişikliklər xaosa və dövlət sisteminin dağılmasına gətirib çıxara bilər. Macarıstanın sonrakı lideri Yanoş Kadar Andropov haqqında deyib: "Ətrafındakı insanları olduğu kimi görməyi bacarırdı".
Rakosinin əvvəlki xəbərdarlıqları müəyyən mənada doğru çıxıb, lakin bu proses Andropova da ağır təsir göstərib. Budapeşt hadisələri onun dünyagörüşünü formalaşdırıb, onu təhlükəsizlik və sabitlik məsələlərinə daha sərt yanaşan siyasətçiyə çevirib. Məhz bu təcrübə sonrakı illərdə onun DTK rəhbəri kimi fəaliyyətinə və SSRİ rəhbərliyindəki qərarlarına təsir göstərib. 1956-cı ilin Budapeşt payızı təkcə Macarıstan tarixinin faciəli səhifəsi deyil, həm də gələcək sovet lideri Andropovun siyasi portretini yaradan əsas hadisələrdən biri olub.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ