Onlayn ictimai-siyasi qəzet
“İctimai mənəviyyata zərər vuran məzmuna qarşı tədbirlər gücləndirilə bilər”.
Bunu Mətbuat Şurasının sədri Rəşad Məcid deyib. Mətbuat Şurasının sədri sosial mediada ictimai mənəviyyata zərər vuran, söyüş və qeyri-etik ifadələr yayan şəxslərlə bağlı tədbirlərin gücləndirilməsini təklif edib.
Sosial şəbəkələrdə təhqir və söyüş kütləvi hala çevrilib. Dəfələrlə bununla bağlı ölçü götürülüb, həmin şəxslər söyüşə görə cəzalandırılıb. Lakin qarşısıalınmaz bir tendensiya yaranıb.
Bəs R.Məcidin təklif etdiyi kimi, daha hansı tədbirləri görmək olar?
Mövzu ilə bağlı media eksperti, professor Qulu Məhərrəmli Musavat.com-a danışıb. Professor qeyd edib ki, faktiki olaraq Azərbaycan cəmiyyətində ictimai əxlaqı pozan, insanların davranışına və şüuruna mənfi təsir göstərən hallarla bağlı ciddi narahatlıq mövcuddur. Xüsusilə də yeniyetmələrin sosial şəbəkələrin təsiri altına düşməsi cəmiyyət üçün ciddi təhlükə mənbəyinə çevrilib: “Bunu hamı görür, hamı bundan şikayətlənir, lakin təəssüf ki, problemin aradan qaldırılması istiqamətində real və təsirli addımlar atanların sayı çox azdır.
Bundan başqa, bəzi sosial şəbəkə platformalarında açıq təhqirlər, söyüşlər, insanların məqsədli şəkildə hədəfə alınması, şəxsi həyatlarına müdaxilə olunması və bu cür halların artıq qarşısıalınmaz bir prosesə çevrilməsi də göz qabağındadır. Ona görə də hesab edirəm ki, kütləvi xarakter almış bu halların qarşısı mütləq şəkildə alınmalıdır. Doğrudur, müəyyən şəxslər cəzalandırılır, onlar haqqında inzibati və ya hüquqi tədbirlər görülür. Ancaq nəticələr qənaətbəxş deyil”.

Qulu Məhərrəmli hesab edir ki, ilk növbədə bu məsələlərin qarşısı qanunvericilik səviyyəsində daha effektiv şəkildə alınmalıdır: “Doğrudur ki, internetin və sosial şəbəkələrin mövcudluğu informasiya mübadiləsi baxımından son dərəcə faydalıdır. İnsanların söz və ifadə azadlığının təmin olunması müasir dünyanın ən böyük nailiyyətlərindən biridir. Bu, həqiqətən də bənzəri olmayan bir fenomendir. Sosial şəbəkələr insanlara öz fikirlərini sərbəst ifadə etmək, məlumat əldə etmək və cəmiyyətlə ünsiyyət qurmaq imkanı yaradır.
Lakin məsələnin digər tərəfi də var. Sosial şəbəkələri müəyyən mənada atom enerjisinə bənzətmək olar. Ondan insanların rifahı, maariflənməsi və inkişafı üçün istifadə etmək mümkündür. Eyni zamanda, həmin vasitə dağıdıcı məqsədlərə də xidmət edə bilər. Necə ki, atom enerjisi həm insanlığa fayda verir, həm də dağıdıcı silaha çevrilə bilir, sosial şəbəkələr də eyni xüsusiyyətə malikdir. Buna görə də bu sahədə müəyyən tənzimləyici addımların atılması qaçılmazdır.
Məsələn, TikTok platformasının Azərbaycanda fəaliyyətə başladığı ilk dövrlərlə müqayisədə bu gün vəziyyətin hansı istiqamətdə dəyişdiyini görmək mümkündür. Təəssüf ki, bəzi hallarda bu platforma şəxsi hesablaşma, qisas alma, kimisə gözdən salmaq, təhqir etmək və ya nüfuzuna zərbə vurmaq vasitəsinə çevrilib. Hər kəs məsələyə öz dünyagörüşü, öz əxlaqı və şəxsi maraqları prizmasından yanaşır. Halbuki burada əsas məsələ bütövlükdə cəmiyyətin mənəvi mühitinin və ictimai əxlaqının qorunmasıdır.
Maraqlıdır ki, TikTok-un maliyyələşməsinin əhəmiyyətli hissəsi Çinlə bağlı olsa da, həmin platformanın Çində fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb. Bunun səbəbi odur ki, həmin cəmiyyət hesab edir ki, bu platforma insanların davranışına, düşüncə tərzinə və mənəvi dəyərlərinə mənfi təsir göstərə bilər. Buna görə də müxtəlif məhdudiyyətlər və qadağalar tətbiq olunur.
Azərbaycanda da artıq məktəblərdə TikTok-un mənfi təsirlərinin qarşısının alınması istiqamətində müəyyən tədbirlər görülür və mən bunu təqdirəlayiq hesab edirəm. Eyni zamanda, kibertəhlükəsizlik sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində addımlar atılır. Hesab edirəm ki, bu addımlar bir qədər gecikmiş olsa da, olduqca vacibdir və onların davam etdirilməsi zəruridir”.
Professor vurğulayıb ki, söz azadlığından sui-istifadə edilməsi, virtual medianın və sosial şəbəkələrin şəxsi qisas vasitəsinə çevrilməsi, insanların təhqir olunması, söyüş və qeyri-etik davranışların kütləvi xarakter alması bu şəkildə davam edə bilməz: “Faktiki olaraq bütün cəmiyyət, ictimai əxlaq, mənəvi mühit təhlükə altındadır. Buna görə də bu halların qarşısının alınması dövlətin, cəmiyyətin və aidiyyəti qurumların qarşısında duran əsas vəzifələrdən biridir.
Bəzən sosial şəbəkələrə daxil olmaq, yayılan materiallara baxmaq belə mümkün olmur. İnsanların qarşısına elə görüntülər, elə məzmunlar çıxır ki, bu artıq təkcə utanc hissi doğurmur, həm də ciddi narahatlıq və təhlükə yaradır. Xüsusilə də uşaqların və yeniyetmələrin bu cür məzmunların təsiri altında qalması gələcək nəsillər baxımından böyük risklər formalaşdırır.
Məhz buna görə də hesab edirəm ki, bu problemlərin qarşısının alınması üçün görülən tədbirlər sırasında müəyyən məhdudiyyətlərin tətbiqi, qanunvericilik bazasının daha da möhkəmləndirilməsi, maarifləndirmə işlərinin genişləndirilməsi və zəruri hallarda inzibati, hətta cinayət məsuliyyəti tədbirlərinin nəzərdə tutulması vacibdir. Çünki söhbət təkcə ayrı-ayrı şəxslərin davranışından getmir. Söhbət bütövlükdə cəmiyyətin mənəvi sağlamlığının, milli dəyərlərinin və gələcəyinin qorunmasından gedir”.
Xalidə Gəray,
Musavat.com
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ