Onlayn ictimai-siyasi qəzet
“Blok3” adı ilə tanınan türkiyəli reper Hakan Aydın barəsində istintaq başladılıb.
Musavat.com xəbər verir ki, İstanbulda musiqi meneceri Ferhat Karagözün şikayəti əsasında başlanan istintaq çərçivəsində reper Hakan Aydın və prodüser Maruf Yöntürk barəsində ittiham irəli sürülüb.
Prokurorluq onlar üçün 12 il 4 aydan 25 ilə qədər həbs cəzası istəyir.
İttihamnaməyə görə, Karagöz prodüser Yöntürk tərəfindən Kağıthanedəki bir ünvana çağırılıb. Mübahisə zamanı onun yumruq və bilyard çubuğu ilə döyüldüyü, daha sonra başına silah tutularaq 850 min TL tələb edildiyi iddia olunur. Hadisə yerinə gələn “Blok3”ün də Karagözü yumruqla vurduğu iddia edilir.
Təqsirləndirilən şəxslərə qarşı “silahla bir şəxsi azadlıqdan məhrum etmə”, “gecə silahlı soyğunçuluğa cəhd”, “təhdid”, “əmlaka zərər vurma” və “qəsdən xəsarət yetirmə” maddələri ilə ittiham irəli sürülüb.
İttihamnamədə Maruf Yöntürkün mühakimə olunması, Hakan Aydın barəsində isə xəsarət yetirmə maddəsi üzrə işin ayrıca icraata ayrılması tələb olunur.
Könül
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ