İnsanlara hürriyət, millətlərə istiqlal!

Biz Ermənistanı niyə xilas etməliyik? – Vensi Bakıda gözləyən cavab

ABŞ-ın vitse-prezident Ceyms Vensin Bakı və İrəvana səfər edəcəyi haqda xəbər erməni revanşistlərini ruhlandırıb. Onlar gözlənilən ziyarətə Azərbaycanda məhkəməsi gedən cinayətkar soydaşları üçün əsl fürsət kimi baxırlar.

Görünür, Bakının son aylar Ermənistana elədiyi bəzi reverans və jestlər, o sırada 4 ermənini qaytarması radikal çevrələrdə yanlış təəssürat doğurub. Arxayınlıq yaradıb. Yəni guya Bakı o addıma gedibsə, buna da gedər...

Sözsüz, Azərbaycan tərəfinin misilsiz yaxşılığıdır ki, Ermənistanla sülh müqaviləsi imzalanmadan onunla iqtisadi-ticari əlaqələrə razılıq verib. Blokadanı qismən götürüb, ərazimizdən ora taxıl daşınmasına şərait yaradıb. Başımıza bunca müsibət və bəla gətirmiş bir işğalçı ölkəyə ucuz neft məhsullarının ixracına başlayıb.

Əlbəttə, bunu bizim milli-təhlükəsizlik maraqlarımız diktə edir. Bu maraqlar bir yandan Paşinyan iqtidarının hələlik hakimiyyətdə qalmasını zəruri edirsə, başqa yandan, Ermənistanı Rusiya və İran asılılığından uzaqlaşdırıb Azərbaycan və Türkiyəyə bağlamağa hesablanıb. Ki, bir də heç kim, heç vaxt, özəlliklə Rusiya bu ölkədən və tayfadan qonşulara, iki qardaş ölkə əleyhinə maşa kimi istifadə eləməsin. Ermənilərin əli ilə bölgəni təzədən qarışdırıb “bulanıq suda balıq tutmaq” sevdasına düşməsin. Ən önəmlisi, Ermənistan bir daha müharibə səbəbkarına çevrilməsin, itin-qurdun yanında yox, öz yanımızda olsun...

Əslində, bu elə qonşu ölkənin xilasına, ondan normal dövlət düzəltməyə yönəlik tarixi addımlardır. Konkret proje, “yol xəritəsidir”. Paşinyanın ötən həftə anons elədiyi, iki ölkənin energetik sistemlərini birləşdirmək planı da aşağı-yuxarı, eyni məqsədi güdür: Ermənistanı, nəhayət, sülhpərvər, proqnoza yatımlı, axmaq iddialardan uzaq qonşuya çevirmək.

Çətindir, amma mümkünsüz də deyil. Bir şərtlə ki, erməni cəmiyyəti də buna can atsın, “sağalmaq” istəsin və sonuncu “qızıl fürsət”i qaçırmasın...

Bu xüsusda Bakıda məhkəməsi gedən ermənilərə layiqli cəzaların kəsilməsi revanşistlərin iddia elədiyi kimi, erməni xalqından qisas almaq məsələsi deyil. İki xalq arasında gələcək sülhü möhkəm və əbədi eləmək vasitəsidir, böyük barışıq prosesinin ayrılmaz tərkib hissəsidir.

“Nürnberq məhkəməsi”nin növbəti iclası KEÇİRİLİR

Məgər 2-ci Dünya Müharibəsindən sonra qurulan Nürnberq məhkəməsi hansısa faşist cəlladına rəhm edib? Onlardan kimsə əfv olunubmu? Əsla. Əks halda, bu, qətlə yetirilmiş milyonlarla günahsız insanın ruhuna təhqir olmaqla yanaşı, gələcəkdə işğalçılığı şirnikləndirmək anlamına gələrdi.

Deməli, erməni canilər də layiqli cəzalarını almalıdırlar ki, bir də hansısa başdan xarab hay dağıdıcı separatizm həvəsinə düşməsin. Erməni xalqı da sərsəm ideyaların 100-110 illik girovundan qurtulsun...

Sonra. Qonşu nanəcib toplum həqiqətən sülh istəyirsə, özünü sivil və sülhpərvər xalq sayırsa, lap elə mənən təmizlənmək istəyirsə, onda Xocalı hərbi canilərinin – Robert Köçəryanın, Serj Sərkisyanın, Seyran Ohanyanın və neçə-necə digər uşaq qatilinin də Bakıda ədalət məhkəməsi qarşısında durmasına kömək eləməlidir, nəinki onları qəhrəmanlaşdırmalıdır.

Ardınca Ermənistanda terrorçu-başkəsənlərə qoyulmuş çoxsaylı abidələr və komplekslər yığışdırılmalıdır. Yeri gəlmişkən, onlardan sonuncusu – “Nemezis” kompleksi məhz Paşinyan dönəmində, 2-ci Qarabağ savaşından (!) sonra (2023, aprel) yaradılıb və ziyarətgaha çevrilib!..

İki xalqın barışığı üçün ayrı yol, formul yoxdur, olmayacaq. Canilərin bağışlanması, qəhrəmanlaşdırılması isə böyük sülhə deyil, yeni və böyük qırğınlara gətirə bilər. Bunu erməni cəmiyyəti nə qədər tez dərk edib radikal-revanşistləri təcrid eləsə, bir o qədər və ən çox özünə yaxşılıq eləmiş olacaq.

İnanırıq ki, Tramp komandası da vəziyyətin fərqindədir və Vens Bakıdan lüzumsuz xahişlər etməyəcək...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR