Onlayn ictimai-siyasi qəzet
Zəhmətkeşlərimizə, xüsusilə onların mənim kimi ağsaqqal və ağbirçək hissəsinə dərin hüznlə başsağlığı vermək istərdim: dünən Kaşpirovski 87 yaşında rəhmətə getmişdir.
İndiki uşaqlar bilməz, bu zat SSRİ dağılan ərəfədə, Qorbaçovun yenidənqurma epoxasında ortaya çıxmış qeyri-adi şəxslərin başında gəlirdi. Sizə 1989-cu ildən bəhs edirəm. Müqayisə üçün, indiki gənclər “inflyuenser”, “tiktoker”, “yoqa müəllimi”, nə bilim, “fenomen” deyib hansı bambılı tiplərin dalıyca düşürsə, onların qulağının ucunu ekranda görəndə hayıl-mayıl olursa, sovet adamları üçün də Kaşpirovski belə bir zat idi.
Təsəvvür edin, bütün SSRİ üzrə iki cüt, bir tək telekanal var, onların biri və əsas olanı Mərkəzi Televiziya sayılırdı, yayımlar Moskvadan aparılırdı. Baxmağa başqa heç nə yoxdur. Və birdən-birə bu telekanalın ekranına Kaşpirovski adlı “psixoterapevt” çıxarılır, o da monoton, əcaib səslə bütün sovet vətəndaşlarına müraciət edir: “Gözünüzü yumun. Şüurunuzu hər şeydən azad edin. Sözlər vacib deyil. Susun. Hər şeyi unudun. Musiqiyə qulaq asın. İndi daxilinizdə proses başlayacaq” və sairə bu kimi ümumi, mənasız boşboğazlıqlar...
Və bütün eşşək boyda Sovet imperiyasının vətəndaşlarına – 22 milyon yarım kvadrat-kilometrdə yaşayan 294 milyon nəfərə (hazırkı “fenomenlər” bu auditoriyaya həsəd aparsalar haqlı olarlar) təlqin edilirdi ki, bu yoldaş korların gözünü açır, əlilləri ayağa durğuzub yeridir, vərəm, diabet, astma, pəltəklik, hətta SPİD xəstəliyini sağaltmağa qadirdir! Sözün əsl mənasında peyğəmbər kimi birisidir. Televeriliş elə bu cür adlanırdı: “Sağlamlıq seansları”.
Dəlilik hüdudsuz şəkil almışdı. Məsələn, ekrandan “şəfa tapmışların” məktubları oxunurdu. Biri deyirdi ki, amputasiya olunmuş ayağım təzədən çıxmağa başlayıb. Başqasının guya əməliyyatdan sonrakı kəsik yerləri tam yox olmuşdu. (Sonradan ortaya çıxmışdı ki, bu minnətdarlıq məktublarını camaatla məzələnmək üçün... həqiqi həkimlər yazırmış).
Kaşpirovskinin möcüzələrinə İsa peyğəmbər də mat qalardı yəqin ki. Məsələn, adamların qoca vaxtında təzə dişləri “çıxırdı”, kiminsə ağ saçı təzədən “qaralırdı” və sairə.
Bütün bunlar üçünsə sovet vətəndaşlarından yalnız bir şey tələb olunurdu: Kaşpirovskinin verilişi başlayanda ekran qarşısında oturub ordan verilən göstərişlərə əməl etmək. Vəssalam. Kaşpirovski guya bütün teletamaşaçıları elə ekran vasitəsiylə, enerjisini məsafədən ötürməklə sağaldırdı.
Onun bir tayı, rus demişkən, “naparniki” də var idi: Alan Çumak. Düzdür, Kaşpirovskinin ondan zəhləsi gedirdi və Çumakı, nə qədər gülməli olsa da, “fırıldaqçı” adlandırırdı. Çumakın fərqi isə... suda idi.
Bəli, təəccüblənməyin. Bütün sovet vətəndaşları televizorun qabağına əsasən stəkanda, bəzən qrafin və daha böyük qablarda su qoyurdular. Çumak isə ekrandan həmin suyu enerji ilə yükləyirdi. Ondan sonra homo-sovetikus bu suyu içərək min bir dərdinə dərman tapırdı. Xəstəliklərin çeşidini təkrar yazmıram, prinsipcə, bunun “təbabət sahəsi” Kaşpirovskidən çox da fərqlənmirdi.
Ona görə də indi kimsə, xüsusilə burnufırtıqlı solçu uşaq-muşaq sovet təhsilini tərifləyəndə məni gülmək tutur. Bu necə təhsil idi ki, milyonlarla insan ekrandan enerji yüklənən su ilə sağalacaqları cəhalətinə inanırdılar?
Bizdə, necə deyərlər, milli olaraq belə lotular, əslində sirk artistləri yox idimi? Var idi. Məsələn, Tofiq Dadaşovun guya insan fikrini oxuduğuna inanırdılar.
O cümlədən, Nemət Pənahov, Əbülfəz Elçibəy, Etibar Məmmədov və başqaları əslində “milli Kaşpirovski və Çumak” sayılmalıdır. Bunlar da xalqı hipnoz edib tora salmışdılar, guya milli xəstəlikləri, topdan sağaldırdılar.
Proses bitməyib. Hələ də davam edir. Ona görə də, sizə üzümü tutub bildirirəm ki, bu yazını oxuyub bu yerə çatandan sonra gözünüzü yumun. Şüurunuzu hər şeydən azad edin. Sözlər vacib deyil. Susun. Hər şeyi unudun. Musiqiyə qulaq asın. İndi daxilinizdə proses başlayacaq...
Nəbadə gözünüzü açasınız.
05 Oktyabr 2026
04 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ