Onlayn ictimai-siyasi qəzet
Misirin Qalyubiyyə vilayətinin Kəfr Şükr şəhərində qida təhlükəsizliyi müfəttişləri tərəfindən həyata keçirilən reyd zamanı lisenziyasız (qanunsuz) fəaliyyət göstərən nəhəng biskvit fabriki aşkarlanıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, fabrikin istehsal etdiyi biskvitlərə tünd (şokoladlı) rəng vermək üçün kakao əvəzinə E153 kodlu bitki kömüründən (bitki karbonu) istifadə edildiyi ortaya çıxıb.
İnspeksiya zamanı məlum olub ki, zavodda bəzi tanınmış markalara aid biskvitlərin, eləcə də dondurma istehsalında istifadə olunan peçenyelərin hazırlanmasında mənbəyi məlum olmayan və mənşəyi bilinməyən xammallardan geniş istifadə olunub.
Reyd zamanı vaxtı keçmiş və sənədsiz olan təxminən 1.8 ton xammal və hazır məhsul müsadirə olunub.
Müsadirə edilən materiallar arasında:
Yararlılıq müddəti bitmiş 100 kiloqramlıq qlükoza çəlləyi,
İstifadə müddəti keçmiş 30 kiloqramlıq kərə yağı,
E153 bitki kömürü rəngləyicisi olan çəlləklər,
Satışa hazır 50 qutu biskvit və yenidən emal üçün gözlədilən 1100 kiloqram biskvit tullantısı yer alıb.
Məhsulların artıq bir müddətdir bazara çıxarıldığı və böyük yük maşınları ilə paylanıldığı bildirilir. Hadisə Misirdə böyük qalmaqala səbəb olub və bu miqyasda qanunsuz obyektin indiyədək diqqətdən kənarda qalması kəskin tənqid edilib.
Musavat.com
15 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ