İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Daşkənd tandemi Türk dünyasını dəyişir - İlham Əliyevdən MÜHÜM MESAJLAR

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) dövlət səfəri ərəfəsində verdiyi geniş müsahibə iki qardaş ölkə arasında münasibətlərin hansı miqyasda inkişaf etdiyini bir daha ortaya qoydu.

Prezident müsahibəsində Azərbaycan-Özbəkistan əlaqələrinin artıq sadəcə dostluq və strateji tərəfdaşlıq çərçivəsində deyil, ən yüksək səviyyəli müttəfiqlik münasibətləri mərhələsinə yüksəldiyini xüsusi vurğuladı.

Dövlət başçısının mesajlarında diqqət çəkən əsas məqamlardan biri Bakı-Daşkənd xəttində formalaşan siyasi etimad və şəxsi dostluq münasibətlərinin dövlətlərarası əlaqələrin inkişafına verdiyi töhfədir. Son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin reallaşması, 2024-cü ildə Azərbaycanın, 2025-ci ildə isə Özbəkistanın dövlət başçısının qarşılıqlı səfərləri və imzalanan “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkənin münasibətlərinin siyasi-hüquqi əsaslarının nə qədər möhkəmləndiyini göstərir.

TGhTAd6D6zPZhbH69okHHmyhSeJWY13mi7p7rsjm_1200.jpg (112 KB)

Müsahibənin digər mühüm xətti iqtisadi əməkdaşlıqdır. İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin 2025-ci ildə üç dəfədən çox artaraq 795 milyon dollara çatdığını, 2026-cı ilin ilk beş ayında isə daha 33 faiz yüksəldiyini açıqladı. 500 milyon dollarlıq kapitalla yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti, energetika və yaşıl enerji layihələri, tranzit daşımalarının artması, Füzulidə “Dostluq bağı”, “Chevrolet” və “Isuzu” istehsalı kimi layihələr Bakı-Daşkənd tərəfdaşlığının artıq real iqtisadi nəticələr yaratdığını göstərir.

Prezidentin müsahibəsində Azərbaycanın Mərkəzi Asiyaya, Özbəkistanın isə Cənubi Qafqaza açılan strateji qapı rolunu oynaya biləcəyi mesajı da xüsusi əhəmiyyət daşıyır. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyasının perspektivlərinə diqqət çəkən İlham Əliyev bunun bütün region üçün yeni iqtisadi və tranzit imkanları yarada biləcəyini bildirdi.

Eyni zamanda Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu qoşulması ilə “C5” formatının faktiki olaraq “C6” formatına çevrildiyini vurğuladı.

Müsahibənin mühüm istiqamətlərindən biri də Türk dünyasının gələcəyi ilə bağlı mesajlardır. Prezident İlham Əliyev Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatını yalnız əməkdaşlıq platforması deyil, ortaq tarix, mədəniyyət və mənəvi dəyərləri gələcəyə daşıyan mühüm birlik kimi gördüyünü bildirdi. TDT-nin siyasi, iqtisadi və hərbi gücünün artırılması, Türk dünyasının beynəlxalq arenada təsir mərkəzinə çevrilməsi və türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsi bu baxımdan müsahibənin əsas strateji xətlərindən birini təşkil edir.

İlham Əliyev mədəni-humanitar əlaqələri də Azərbaycan-Özbəkistan müttəfiqliyinin mühüm dayaqlarından biri kimi təqdim etdi. Mədəniyyət günləri, təhsil proqramları, Füzulidə Mirzə Uluqbəy adına məktəb, Bakıda “Özbəkistan” parkı, media və QHT forumları, qardaşlaşmış şəhərlər və artan turist axını xalqlar arasındakı əlaqələrin yalnız diplomatik səviyyədə deyil, cəmiyyətlər arasında da dərinləşdiyini göstərən nümunələr kimi önə çəkildi.

Beləliklə, Prezident İlham Əliyevin müsahibəsi yalnız qarşıdakı dövlət səfərinin siyasi gündəliyinə işıq salan açıqlamalar toplusu deyil. Burada Bakı-Daşkənd müttəfiqliyinin siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və türk dünyası müstəvisində genişlənən strateji xəritəsi təqdim olunur. Azərbaycan və Özbəkistan münasibətlərinin gələcək perspektivi isə təkcə iki ölkənin əməkdaşlığı baxımından deyil, Cənubi Qafqaz, Mərkəzi Asiya, Orta Dəhliz və bütövlükdə Türk dünyasının geosiyasi çəkisinin artması baxımından diqqət çəkir.

tjfagWa21YmdKoYQsZesilfCuO6kzLy5llRADV01_1200.jpg (102 KB)

Prezidentin müsahibəsinin sonunda Özbəkistan xalqına dövlət müstəqilliyinin 35-ci ildönümü münasibətilə ünvanladığı təbrik və sülh, əmin-amanlıq, tərəqqi arzuları isə Bakı-Daşkənd münasibətlərinin siyasi müttəfiqliklə yanaşı, xalqların qardaşlığı və qarşılıqlı hörmət üzərində qurulduğunu bir daha nümayiş etdirir.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR